Məhkəmə qərarları › İş №2(004)-6813/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6813/2021

09.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6813/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2000 manat dəyərində 20 qram qızıldan ibarət boyunbağı, 1000 manat dəyərində 10 qram qızıldan ibarət onluq qızıl, 100 manat dəyərində gündəlik istifadə olunan sırğadan ibarət olan qızıl-zinət əşyalarının, 600 manat dəyərində Xiaomi Mi 9 lite markalı mobil telefonun, 200 manat dəyərində 4 ədəd çantanın, 500 manat dəyərində kosmetika dəstinin, 150 manat dəyərində hamam xalatının, 200 manat dəyərində mikrodalğalı sobanın, 50 manat dəyərində şalvar-koftanın, 100 manat dəyərində 8 ədəd dəsmalların və ya onların ümumi dəyəri olan 5900 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, cavabdeh X4 ilə 06 avqust 2019-cu ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Həmin vaxtdan cavabdehə məxsus Yasamal rayonu, V.Əliyev küçəsi, 227 saylı, üç otaqlı həyət evinə gəlin köçmüşdür. Münasibətləri pisləşdiyi üçün cavabdehin təşəbbüsü ilə Ağdam rayon məhkəməsinin 8 avqust 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh və qaynanası 4 sentyabr 2020-ci ildə iddiaçını döyüb evdən qovmuş və qızıl-zinət əşyalarını da əlindən almışlar. 28 iyul 2021-ci ildə iddiaçı özünə məxsus əşyaları aparıb. Lakin cavabdehlərin hədiyyə kimi aldıqları qızıl-zinət əşyalarını və xeyli şəxsi əmlakları könüllü qaytarmırlar. Cavabdehlərdə qalan əşyaları 2000 manat dəyərində 20 qram qızıldan ibarət boyunbağı, 1000 manat dəyərində 10 qram qızıldan ibarət qolbağ 1000 manat dəyərində 10 qram qızıldan ibarət onluq qızıl, 100 manat dəyərində gündəlik istifadə olunan sırğa, 600 manat dəyərində Xiaomi Mi 9 lite markalı mobil telefon, 200 manat dəyərində 4 ədəd sumka, 500 manat dəyərində kosmetika dəsti, 150 manat dəyərində hamam xalatı, 200 manat dəyərində mikrolofka, 50 manat dəyərində şalvar-kofta, 100 manat dəyərində 8 ədəd qətifələr, yəni dəyəri cəmi 5900 manat olan əşyalar cavabdehlərdədir və könüllü qaytarmaq istəmirlər. İddiaçı evdən çıxanda özünə məxsus bəzi şəxsi əşları götürmüş lakin qızıl-zinyət əşyaları cavabdehlər tərəfindən verilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edi. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etmədi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, tərəfləri tanıyır. O, iddiaçının əmisinin həyat yoldaşıdır. Rəfsanə Tural ilə ayrıldıqdan sonra, onun əşyaları gətiriləndə onlar qolbağın, boyunbağının, 10 qram qızıldan ibarət onluq qızılın, telefonun, kasmetikaların, hamam xalatının və qətifələrin bu əşyaların içərisində olmadığını görmüşlər. 04 sentyabr 2020-ci ildə onların aralarında mübahisə baş vermiş, Rəfsanənin qaynanası onları zəng edib çağırmışdır. Qaynanası qızı istəmədiklərini bildirmiş və valideynləri Rəfsanəni götürüb ata evinə gətirmişlər. Rəfsanə gələn vax o da qaynının evində olmuşdur. Rəfsanə özü ilə heç bir əşya götürməmiş, yalnız bir-iki dəst geyim paltarı götürmüşdür. Rəfsanə qızılı evində saxlayırdı və çıxanda götürməmişdir. Sonra Turalın əmisi qızılları gətirmiş qeyd edilən qızıllar onların içərisində olmamışdır. Nikah pozulduqdan sonra Rəfsanənin ata-anası onun əşyalarını gedib gətirmişlər. Rəfsanə getməmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, tərəfləri tanıyır. O, iddiaçının əmisinin həyat yoldaşıdır. Rəfsanə qızılları götürmək istəyəndə qolbağ, boyunbağı, onluq qızıl qızılların içərisində olmadığını görmüşdür. Rəfsanənin qızıllarını harada saxlamasından məlumatı yoxdur. Rəfsanə gələn günü onlarda olmamış, bu barədə həmin gün axşam özlərindən eşitmişdir. X8 almışdı və telefonu onun əlindən almış və verməmişdir. Bir müddət sonra atası gedib cehiz əşyalarını gətirmişdi, mikrodalğalı sobanı, 7 ədəd dəsmalı, 4 ədəd çantanı və bir dəst paltarını verməmişdirlər. O, cehiz əşyaları götürülərkən cavabdehlərin evində və iddiaçının atasının evində olmamışdır. Axşam işdən gələndə görmüşdür ki, əşyaları gətirilmişdir. Əşyaları yerləşdirdikdə məlum olmuşdur ki, qeyd edilən əşyalar yoxdur. Rəfsanə evə gələn günü axşam onlara getmişdir və özü ilə hər hansı sənəd götürməsindən məlumatı yoxdur. Qeyd edilən əşyaların miqdarının Rəfsanənin valideynlərinin dediyinə görə bilir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfləri araşdırıb, iddia rədd təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları, işin faktiki halları və təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 rəsmi nikah bağlayaraq ailə qurmuş və İddiaçı cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 227 saylı evə gəlin köçmüş və cehiz əmlakını oraya gətirmişdir. 04 sentyabr 2020-ci ildə İddiaçı ailədə baş vermiş mübahisə nəticəsində atasının evinə getmişdir. 28 iyul 2021-ci ildə özünə məxsus olan əşyaları aparmışdır. 08 avqust 2021-ci il tarixdə tərəflərin nikahı pozulmuşdur. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Renspublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, İddiaçı hədiyyə kimi verilmiş 2000 manat dəyərində 20 qram qızıldan ibarət boyunbağı, 1000 manat dəyərində 10 qram qızıldan ibarət onluq qızıl, 100 manat dəyərində sırğadan ibarət olan qızıl-zinət əşyalarını və 600 manat dəyərində Xiaomi Mi 9 lite markalı mobil telefonu iddiaçı evdən gedərkən özü ilə aparmağa imkanı olmuşdur. İddiaçı bu əşyaların cavabdehlərdə qalmasını və ona qaytarmaqdan imtina etdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf həmin qızıl-zinət əşyalarının iddiaçıdan götürmədiyini, həmin qızılların iddiaçıda olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı mübahisədə sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Bundan başqa, İddiaçı 200 manat dəyərində 4 ədəd sumka, 500 manat dəyərində kosmetika dəsti, 150 manat dəyərində hamam xalatı, 200 manat dəyərində mikrodalğalı soba, 50 manat dəyərində şalvar-kofta, 100 manat dəyərində 8 ədəd dəsmalların mövcud olmasını və həmin əşyaların cavabdehlərdə olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən tələb etdiyi qızıl-zinət əşyalarının və digər əşyaların cavabdehlərdə olması barədə heç bir sübut təqdim edilmədiyindən, beləliklə də iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən, iddia tələbi öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar