Məhkəmə qərarları › İş №2(004)-688/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-688/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-688/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 710 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X2 arasında 27.11.2017-ci il tarixdə PAAİ707135298 saylı sığorta müqaviləsi bağlanmış və “Volkswagen Tiguan” markalı, **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 16.09.2018ci il tarixdə “Volkswagen Tiguan” markalı. **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Lexus GX 460” markalı. **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vıırmıışdıır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 710 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsinin iştirakçılarının tərtib etdiyi protokola əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, arayışda cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etdiyi qeyd olunmuşdur. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 16.07.2021ci il tarixli, AS-SİİTD-21/1174 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, sığorta müqaviləsi mülkiyyətində nəqliyyat vasitəsi olan və ya onu icarəyə götürən fiziki və hüquqi şəxslərlə onların şifahi yaxud yazılı ərizələri əsasında bağlanılır. Bu məqsədlə ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: a) Nəqliyyat vasitəsinin texniki pasportu; b) Nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənəd. Onunla müqavilə bu sənədlərin əsasında tərtib edilmişdir və buna müvafiq olaraq icbari sığorta müqaviləsi üçün məbləğ alınmışdır. Qəzanın olduğu 16.09.2018-ci il tarixdə Volkswagen Tiguan markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə nümayəndəsinin iştirakı olmadan baxılmasını və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi nəzərə alaraq, məhkəmə araşdırması zamanı yol-nəqliyyat hadisəsinin iştirakçılarının tərtib etdiyi 16.09.2018-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanaraq, Cavabdeh tərəfindən idarə olunan “Volkswagen Tiguan” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni 16.09.2018-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş, X3 məxsus olan, etibarnamə əsasında X1 tərəfindən idarə olunan “Lexus GX 460” markalı. **-LG-*** d.q.n avtomobillə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə zamanı Cavabdeh avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. İşə əlavə olunmuş qüsur aktından görünür ki, “Qardaşlar Servis” tərəfindən “Lexus GX 460” markalı. **-LG-*** d.n.n. avtomobilə vurulmuş maddi ziyan 710 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə olunmuş 07.11.2018-ci il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, "xxxx" ASC tərəfindən 6000/18/ AA-4945/18 saylı akta əsasən “Lexus GX 460” markalı. **-LG- *** d.n.n.avtomobilin sahibinə 710 manat sığorta ödənilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Habelə, həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizimlərindən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayan maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla baglı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüququ pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarım pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında göstərildiyi kimi, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin gəldiyi qənaətə görə, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olsa da, həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi müəyyən edilməmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişinin əvəzini tələb etmək hüququ yaranmadığına görə iddia tələbi təmin edilməməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin tutulması tələbinə dair” iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar