Məhkəmə qərarları › İş №2(004)-6913/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6913/2025

27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6913/2025 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının yanında qalan xx.xx.2009-cu il tarixdə anadan olmuş qızı X1 üçün iddiaçının xeyrinə Cavabdeh hər ay 250 manat sabit məbləğdə alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh rəsmi qaydada xx.xx.2001-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 2 uşaqları olmuşdur. X12 xx.xx.2001-ci il təvəllüdlü, X13 xx.xx.2009-cu il təvəllüdlü. X2 artıq yetkinlik yaşına çatmışdır. Tərəflər uzun illər mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması tərəflərin tamamilə başqa-başqa adamlar olmağını sübut etdi. İddiaçı bildirir ki, ayrılmaqlarının əsas səbəbi tamamilə əks xarakterli insanlar olmaqları idi. İddiaçı ailəsinin dağılmasını istəmirdi, ancaq bir yerdə yaşamaqları da qeyri-mümkün olmuşdur. Bütün bu olanlara görə Cavabdeh ilə aralarında olan nikah Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5196/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflərin ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Həmin vaxtdan da uşaqlar iddiaçının yanında qalmışdır. Buna görə də iddiaçı yetkinlik yaşına çatmayan uşağının maddi cəhətdən təmin olunması üçün çətinlik çəkir. Çünki onun gündəlik təlabatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər iddiaçının üzərində qalmışdır. Halbuki, uşağın saxlanılması üçün onun tələbatını ödəmək bir valideyin kimi cavabdehin də üzərinə düşür. Buna görə də iddiaçı hesab edir ki, cavabdeh həm ər kimi ona maddi yardım göstərməli həm də bir valideyn kimi uşaqlarının saxlanılması üçün iddiaçıya aliment ödəməlidir. Buna görədə iddiaçı hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay aliment alınıb ona ödənilməlidir. Cavabdehin isə imkanı çatır ki, aliment ödəsin və özünün gəliri isə çox yaxşıdır. Daha sonra Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq, X4 aliment tələbini qismən, yəni ayda 150 manat məbləğində təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının tələbi ilə qismən razı deyil. Həmin tələblərin bir hissəsi əsassız olmaqla mövcud qanunvericiiyə ziddir. Cavabdeh qeyd edir ki, o, tərəflərin birgə yaşadıqları dövrdə müxtəlif bazarlarda günəmuzd işləyib ailəsini dolandırmışdır. Birgə yaşayış dövründə atası və anası Saatlı rayonunun Əliabad kənd sakini X5 4700 manata Lada 099 markalı 10BP588 nömrəli avtomaşın alıb cavabdehə bağışlamışdılar. Cavabdehin sabiq qaynanası və sabiq mərhum qaynatası ona demişlər ki, maşını satıb, cavabdehə əvəzinə Jiquli 011 markalı ** BS *** nömrəli ağ rəngli avtomobili verəcəklər Cavabdeh də onlara inanmışdır. Lada markalı avtomaşınımı onlara vermişdir. Onlar cavabdehin sabiq arvadı İlahə ilə birləşərək həmin maşını satıb pulunu alıb mənimsəmişilər. Cavabeh tələb etsə də, ona maşını verməmişlər və bu səbəbdən İlahə ilə cavabdehin arasında soyuq münasibət yaranmışdır. Bundan başqa, cavabdeh qaynatasının evində yaşadıqları müddətdə dəfələrlə evi öz vəsaiti hesabına təmir etdirmişdir. Mirvari demişdir ki, evi onlara bağışlayacaq, evi təmir etdirsinlər. Bunu nəzərə alaraq xx.xx.2024-cü ildən 31 sentyabr 2025-ci ilədək X9 məxsus olan 4169-7388-9814-3353 nömrəli karta cavabdeh öz adına olan kartdan və görüşdüyü zaman əlbəəl nağd pul və ərzaq vermişdir. 1000 manata qədər Nigara ödəmişdir. Cavabdeh sabiq həyat yoldaşı İlahənin kartına pullar atmışdır. Atası, anası, bacılar və qohumlarından hədiyyələr alıb barışmaq məqsədilə əvvəl yaşadıqları ünvana, məlumat verib getmişlər. Mirvari bildirdi ki, İlahə sizi qəbul etmək istəmir, çəkilin gedin, əks təqdirdə sizi polisə verəcəyik. Boşanma mərhələsi dövründə cavabdehə heç bir rəsmi məlumat vermədən, məhkəmədə onun iştirakını təmin etmədən boşanma işinə başlanılıb. Bundan əlavə cavabdeh bildirir ki, onun daimi iş yeri yoxdur, iş tapa bilmir. Ara, mövsümi işlərdə işləməklə aylıq qazancı 300 manatdan yuxarı çıxmır. Başqa gəliri yoxdur. Onun aylıq minimum yaşayışı təmin edəcək vəsaiti yoxdur. 1 uşağa ayda 250 manat aliment verməyi üçün ayda 4 dəfə çox, 1000 manat qazancı olmalıdır. Cavabehin isə işlədiyi müddətdə aylıq qazancı heç 300 manata çatmamışdır. O qeyd edir ki, qohumların köməyi ilə uşağa ayda 150 manat pul verə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X6 izahatında bildirmişdir ki, cavabdeh uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment ödəyə bilər. Məhkəmə işdə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5196/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə, 130 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi anası X7 yanında qalması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı 269506 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X10 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1456 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 475825 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağının hal-hazırda anasının himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu nəzərə alınaraq, uşağın saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay 250 manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X16 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğini və hər ay yetkinlik yaşına çatmayan uşaq üçün 250 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, aliment İddiaçı məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtdan, yəni 01 dekabr 2025-ci il tarixdən etibarən tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar