Məhkəmə qərarları › İş №2(004)-712/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-712/2021

29.01.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-712/2021 29.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-2020-ci illər üçün ödənilməmiş əmək haqqına görə 362.000 manat, əmək haqqının gecikdirilməsinə görə 79.000 manat və 10.000 manat məbləğində mənəvi zərərin, 1993-1996-cı illərin istifadə edilməmiş məzuniyyətinə görə ödənclərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasına dair tərəflərin vəsatəti daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı dövlət qulluqçusu olmuş, cavabdeh isə dövlət müəssisəsi olmaqla inzibati orqandır. İddia tələbi inzibati orqandan pul tələbi barədədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə görə isə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırki tələblə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə milki işin icraatına xitam verilsin. İddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar