Məhkəmə qərarları › İş №2(004)-730/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-730/2023

02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-730/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “əlavə xərc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər cür məvacibindən onun xeyrinə xx.xx.2022-ci il tarixdən təhsil almağı ilə əlaqədar əlavə xərc kimi hər ay 400 manat pul vəsaitinin tutulmasına dair qətnhamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun atasıdır. O, 09 dekabr 2003-cü il tarixdə onun anası X4 ilə Şahbuz rayon qeydiyyat şöbəsində 35 saylı aktla rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2004-cü il tarixdə o anadan olmuşdur. 04 iyun 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-822/2020 saylı qətnaməsi ilə valideynlərinin nikahı pozulmuşdur. Məhkəmənin sözügedən qətnaməsi ilə onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 noyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh iddiaçı X2 xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. 30 sentyabr 2022-ci il tarixdə onun 18 yaşı tamam olub və o, yetkinlik yaşma çatmışdır. Məhkəmənin qətnaməsi ilə onun saxlanılmağına görə anasnın xeyrinə atasından tutulan aliment ödənişi hal-hazırda dayandırılıb. Lakin o, hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr səviyyəsi üzrə "İqtisadiyyat və İdarəetmə” fakültəsinin “Sosial iş” ixtisasının 4 illik tədrisinin Azərbaycan bölməsinin, dövlət sifarişli, əyani təhsilinin tələbəsidir. Əyani təhsil almağı, eləcə də gözündə mürəkkəb neopik astiqmatizm H51/1 xəstəliyi olduğuna görə iş qabiliyyəti yoxdur. Anası isə işsizdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Yəni o, yetkinlik yaşma çatana qədər atası tərəfindən verilən alimentlə dolanmışlar. Maddi vəziyyətləri olduqca kritikdir. Atası hal-hazırda Bakı şəhəri 7-ci mikrorayon ərazisində yerləşən X9 Cəmiyyətində çilingər vəzifəsində çalışır, aylıq əmək haqqı yüksəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçının anası ilə cavabdeh 2003-cü ildə rəsmi nikaha daxil olublar. 2004cü ildə iddiaçı dünyaya gəlmişdir. 2020-ci ildə iddiaçının valideynləri arasındakı nikah pozulmuşdur. 2019-2022-ci illər ərzində cavabdeh iddiaçının anasına aliment ödəmişdir. 2022-ci ildə iddiaçının 18 yaşı tamam olduğuna görə aliment dayandırılmışdır. Hal-hazırda iddiaçı Dövlət İqtisad Universitetində təhsil alır. İddiaçının anası işsiz kimi qeydiyyatdadır. Həmçinin iddiaçının gözləri də zəifdir və müalicəyə ehtiyacı var. Hal-hazırda iddiaçının atasının maddi dəstəyinə ehtiyacı var. Bu məsələnin həlli ilə bağlı cavabdehlə əlaqə saxlanılaraq mübahisənin barışıq yolu ilə həll olunması da təklif edilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsi əsasında hər hansı bir ödənişi edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı pulsuz təhsil alır. Həmçinin anası ilə birlikdə onu evdən qovublar. O, fəhlə işləyir və maddi gəliri çox aşağıdır. İddiaçının gözdən əlilliyi yoxdur, sadəcə olaraq gözlərində zəiflik var ki, bu da əksər insanlarda var. Göstərilənləri nəzərə alıb iddianın rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2023-cü il tarixli, TİM/39803/2023 saylı arayışından görünür ki, İddiaçı UNEC-in bakalavriat səviyyəsi üzrə “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Sosial iş” ixtisasının dövlət sifarişli əyani təhsilin İİ il 126 saylı qrup tələbəsidir və dörd illik təhsil müddətini xx.xx.2025-ci il tarixinədək bitirməsi nəzərdə tutulur. İş materiallarında olan AZ-İ 567803 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(004)-822/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 ilə cavabdeh X1 arasında Şahbuz rayon VVADQ şöbəsi tərəfindən 09 dekabr 2003-cü il tarixdə 35 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx xxxxxxxx 2004-cü il təvəllüdlü İddiaçı anası X2 yanına saxlanılmaqla onun himayəsinə verilməsi, xx xxxxxxxx 2004-cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 noyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh iddiaçı X2 xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan 5 saylı şəhər poliklinikasının X6 Kartasından xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı uşaqlıqdan görməsində problem olmaqla neopik astiqmatizm H51/1 xəstəliyindən əziyyət çəkir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2004-cü il tarixdə X4 ilə Cavabdeh birgə nikahından doğulmuşdur. X4 ilə Cavabdeh arasında bağlanmış nikah sonradan pozulmuş, iddiaçı anası X2 himayəsində qalmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(004)-822/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2004-cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 noyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh iddiaçı X2 xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı UNEC-in bakalavriat səviyyəsi üzrə “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Sosial iş” ixtisasının dövlət sifarişli əyani təhsilin İİ il 126 saylı qrup tələbəsidir və dörd illik təhsil müddətini xx.xx.2025-ci il tarixinədək bitirməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əasasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin qeyd edilmişdir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir... Əmək qabiliyyətinin olmaması dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi)... Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Beləliklə, qanunvericiliyin tələbindən də göründüyü kimi, yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ əmək qabiliyyəti olmadığı və maddi yardıma ehtiyacı olduğu təqdirdə mümkündür. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. İddiaçının hazırda ali təhsil alması valideyni olan Cavabdeh onun saxlanılması üçün alimentin tutulmasını tələb etməsinə əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əlavə xərc tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar