Məhkəmə qərarları › İş №2(004)-735/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-735/2021

07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-735/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində iddiaçının ona borcunun olması və yüksək vəzifəli şəxs olduğuna görə ona hədə qorxu gəlməyi barədə Azərbaycan Respublikası Ədliyyə Naziri cənab F.Məmmədova ünvanladığı, barəsində yazdığı şikayətlərdə yayılan məlumatların onun işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, həmçinin cavabdehlərdən mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı 20 ildən artıq müddətdir ki, özünün zəhmət sevərliyi, əzmkarlığı, cinayətkarlığa qarşı mübarizədə həyatının risqə atılması bahasına belə qətiyyəti sayəsində Azərbaycan Respublikasının Ədliyyə orqanlarında (əsasən penitensiar xidmətdə) pillə-pillə dəstə rəisi vəzifəsindən müəssisə rəisi vəzifəsinə qədər yüksəlmişdir. Ədliyyə orqanlarından sərəncamda qaldığı zamanlarda müxtəlif dövr ərzində ailəsiin,övladlarının saxlanması üçün müxtəlif sahələrdə çalışmışdır. Cavabdehi yaxın dostlarının - Kamil və Səxavətin sayəsində tanımış, biznes fəaliyyəti ilə məşğul olduğuna görə digər dostları Vüqar və Ayazla birgə fəaliyyət qurmağı və xaricdən məişət avadanlıqlarının gətirilməsi niyyətini bildirmişdir. İddiaçı dostları Vüqar və Ayaza maddi köməklik göstərməklə onların qazanclarından müəyyən vaxtlada özünə aid hissədə vəsait əldə etmişdir. Təxminən bir il bundan əvvəl cavabdehin ona qarşı yalan ifadəsi nəticəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunduqda orada ona məlum olmuşdur ki, cavabdeh iddiaçının ona borclu olduğu, ona pulu qaytarmadığı haqda yalan izahat vermişdir. Bundan sonra cavabdeh ərizə ilə Ədliyyə Nazirliyinə şikayət edərək eyni səpkili yalan məlumatlar yaymaqla müəssisə rəisi olduğu üçün qorxacağını və geri çəkilərək məhz özünün səriştəsizliyi və qeyri-peşəkarlığı sayəsində batırmış biznesində itirdiyi pulları ona qaytaracağını düşünmüşdür. Cavabdeh ona qarşı bu cür həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatları yaymaqla onun ədliyyə sistemində tutmuş olduğu mövqeyini, hörmətini və işgüzar nüfuzunu aşağı salmaq niyyəti güdür. Cavabdeh özünün bank qarşısında olan öhdəliyindən yayınmaq məqsədilə belə iyrənc üsullardan istifadə etməklə əslində onu nüfuzdan salmaq istəyir və qismən də olsa nail ola bilir. Belə ki, hər səfərində nazirliyin müxtəlif idarə və təşkilatlarına dəvət olunaraq ondan şikayət edildiyini, məsələnin nədən ibarət olduğunu araşdıran müvafiq vəzifəli şəxslər sonda isə onun günahsız olduğunu və ona cavabdeh tərəfindən böhtan atıldığını müəyyən edirlər və bu hal dəfələrlə təkrarlanır. Onun cavabdehə bir manat belə olsun borcu yoxdur. Maraqlı hal ondan ibarətdir ki, cavabdeh bütün hüquq mühafizə orqanlarına şikayət etməklə ona qarşı həqiqətə uyğun olmayan məlumatları yazaraq nədənsə məhkəməyə müraciət etmir. Onun barəsində həqəqətə uyğun omayan məlumatlar yaymaqla yanaşı cavabdeh ona mənəvi ziyan da vurur. Cavabdehin bu formada barəsində həqiqətə uyğun olmayan şikayətlər yazması kütləvi çıxışlı xarakter daşımasa da, bu şikayətlər 2 nəfərdən çox dairə içərisində yayılmışdır. Şikayətin isə 2 nəfərdən çox şəxsin dairəsində yayılması artıq kütləvi sayılır. Bu səbəbdən cavabdehin bu formada onun nüfuzunu ləkələməsi mülki hüquq pozuntusu hesab edilməli və cavabdeh etdiyi bu pozuntuya məsuliyyət daşımalıdır. Cavabdeh şikayətlərdə əks olunan məlumatların həqiqətə uyğun olmadığını bilə-bilə bunu etmişdir və məhz bu hərəkətləri qəsdən etdiyi üçün o mülki məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı ilə iş birliyi əsasında münasibətləri olmuş, iddiaçıya borc pul vermişdir. Lakin iddiaçı ona pulu geri qaytarmamışdır. Bu səbəbdən də o, Ədliyyə Nazirliyinə şikayətlə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli Plenum qərarında ifadə edilmiş hüquqi mövqeyə görə mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Hazırki işdə iddiaçının şərəf və ləyaqətini alçaldan məlumatların cavabdeh tərəfindən yayılması halı baş verməmişdir. Cavabdeh yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirinə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar