Məhkəmə qərarları › İş №2(004)-7430/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7430/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7430/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ M: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Məcəllənin “Sığorta ödənişinin verilməsinin əsasları”na dair 933-cü maddəsinə əsasən: 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 933.2. Bu Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə şamil edilmir. 933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər. Həmin Məcəllənin “Sığorta ödənişinin verilməsi” barədə 934-cü maddəsinə əsasən: 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı sığorta ödənişi ilə bağlı cavabdehə müraciət etməsinə və sığorta şirkətinin sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildirişin verilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı sığorta şirkəti tərəfindən ona məxsus avtomobilə dəymiş zərərin məbləğindən az miqdarda sığorta ödənişinin təklif edilməsini və onun bu məbləğlə razı olmamasını bildirsə də bu halı da təsdiq edəcək sənədləri məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin “zərərin qiymətləndirilməsi”nə dair 925-ci maddəsinə əsasən: 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İstinad olunan maddələrin tələblərinə əsasən zərərçəkmiş şəxs sığorta şirkəti tərəfindən müəyyən olunmuş zərərin məbləği ilə razılaşmadıqda müstəqil ekspert tərəfindən zərərin məbləğinin yenidən müəyyən edilməsini sığorta şirkətindən tələb edə bilər. Lakin iddiaçı qanununun bu tələblərinə də əməl etməsini təsdiq edən sənədləri, sığorta şirkətinə yazılı müraciətini və həmin müraciətin sığorta şirkəti tərəfindən alınmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı qanunla nəzərdə tutulmuş, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etməmişdir. Beləliklə, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal rayon məhkəməsinə şikayət verə bilərlər. Hakim Təhminə Xəlilova İş № 2(004)-7430/2021 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Hakimi Xəlilova Təhminə Cəmil qızı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsini 23 noyabr 2021-ci il tarixdə saat 14:20-də Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 14:40-da başa çatdı. Protokol 23 noyabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar