Məhkəmə qərarları › İş №2(004)-748/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-748/2025

22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-748/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7402 manat pulun və ödənilmiş 95 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-437/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 602 №-li akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması (saxlanılması) müəyyən edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ilkin iddia üzrə cavabdeh İddiaçı hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə iddiaçı Cavabdeh verilməsi, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, ev 45, giriş 1-də yerləşən 12 saylı mənzilinin ½ hissəsinə ilkin iddia üzrə iddiaçı Cavabdeh, digər ½ hissəsinə isə ilkin iddia üzrə cavabdeh İddiaçı mülkiyyət hüququ müəyyən edilməklə, bölünməsi, birgə nikah dövründə xx.xx.2021-ci il tarixli NSBK-450 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürülmüş və xx.xx.2022-ci il tarixinə mövcud olan ödənilməmiş 14804 (on dörd min səkkiz yüz dörd) manat məbləğində kredit borcunun ½ hissəsi, yəni 7402 (yeddi min dord yüz iki) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə Cavabdeh aid edilməklə, "xxxx" ASC-yə olan kredit ödənişləri ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı vəsaiti hesabına ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. "xxxx" ASC banka olan borcun ödənilməsini ondan tələb etmişdir. xx.xx.2024-cü il tarixdə filial müdiri Xalid müəllimlə görüşərək, keçmiş yoldaşı ilə aralarında olan əmlak mübahisəsilə bağlı ona məlumat vermiş və məhkəmə qərarının surətini təqdim etmişdir. Görüş zamanı məlum oldu ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi də sözügedən qərarı məlumat üçün banka göndərmişdir. Buna baxmayaraq Bank məhkəmə qərarı ilə Cavabdeh aid edilmiş borc məbləğini də ondan tələb etmiş, bankın tələbkar olduğu icra sənədi olmadığından və bankla Cavabdeh arasında kredit müqaviləsi olmamasını əsas gətirərək imtina etmişlər. Bu barədə Cavabdeh şifahi məlumat versə də, heç bir nəticəsi olmamış, üzərinə düşən qalıq kredit borcunu ödəməkdən boyun qaçırmışdır. Digər banklardan kredit üçün müraciətlərinə rədd cavabı verildikdən gecikmədə olan kredit olması və Rabitəbankın tələbləri qarşısında borcun Cavabdeh aid olan hissəsini yəni 7402 manat borcu da ödəmək məcburiyyətində qalmışdır. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən və bank hesabından çıxarışdan görünür ki, 7402 manat hissə-hissə olmaqla, xx.xx.2024 tarixdə 3 fililaında, xx.xx.2024 tarixində 1506 manat Yasamal filialında "xxxx" ASC-yə kassaya mədaxil etməklə, digər ödənişlər istifadəsində olan bank kartı vaitəsilə ödənilmişdir. Hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının hazırki pul tələbi üzrə iddiasının obyektini təşkil edən xx.xx.2021-ci il tarixli, NSBK-450 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin iddiaçıya qarşı borcun tutulması tələbi üzrə mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olmuşdur. Daha sonra iddiaçı tərəfindən həmin borc məbləği ödənildiyindən iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-7320/2024 saylı qərardadı ilə hazırlıq icraatından geri qaytarılmışdır. Bankın iddiaçıya qarşı borcun tutulması tələbinin aidiyyət qaydalarına əsasən ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə verilməsi iddiaçı tərəfindən götürülmüş kreditin onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürüldüyünü və ailə xərclərinə sərf olunmadığını deməyə əsas verir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 602 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalmalarının (saxlanılmaları) müəyyən edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ilkin iddia üzrə cavabdeh İddiaçı hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ilkin iddia üzrə iddiaçı Cavabdeh verilməsi, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, ev 45, giriş 1-də yerləşən 12 saylı mənzilinin ½ hissəsinə ilkin iddia üzrə iddiaçı Cavabdeh, digər ½ hissəsinə isə ilkin iddia üzrə cavabdeh İddiaçı mülkiyyət hüququ müəyyən edilməklə, bölünməsi, birgə nikah dövründə xx.xx.2021-ci il tarixli NSBK-450 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürülmüş və xx.xx.2022-ci il tarixinə mövcud olan ödənilməmiş 14804 (on dörd min səkkiz yüz dörd) manat məbləğində kredit borcunun ½ hissəsi, yəni 7402 (yeddi min dord yüz iki) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə Cavabdeh aid edilməklə, "xxxx" ASC-yə olan kredit ödənişləri ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı vəsaiti hesabına ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun özünə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun özünə aid edilməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi qət edilmişdir. - "xxxx" ASC-nin SV20092407 saylı, 20 sentyabr 2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı bank hesabına 3250 manat ödəniş etmişdir. - "xxxx" ASC-nin AUTO_MDX_011024_106455 saylı, 01 oktyabr 2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı bank hesabına 1506 manat ödəniş etmişdir. - "xxxx" ASC-nin İddiaçı məxsus kart hesabından çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2024-cü il tarixlərdə ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.3-cü maddəsinə görə isə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il 1/2024 nömrəli qərarın 6.39-cu bəndinə əsasən, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılan sübutlarla müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ... birgə nikah dövründə xx.xx.2021-ci il tarixli NSBK-450 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürülmüş və xx.xx.2022-ci il tarixinə mövcud olan ödənilməmiş 14804 (on dörd min səkkiz yüz dörd) manat məbləğində kredit borcunun ½ hissəsi, yəni 7402 (yeddi min dord yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh aid edilməklə, "xxxx" ASC-yə olan kredit ödənişləri ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh qətnaməsi üzrə bank qarşısında yaranmış öhdəliyini icra etməmiş, iddiaçı cavabdehin bank qarşısında 7402 (yeddi min dörd yüz iki) manat məbləğində müəyyən edilmiş öhdəliyini icra etməli olmuşdur. Bununla da iddiaçı cavabdehə qarşı reqres qaydasında tələb hüququna malik olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 7402 (yeddi min dörd yüz iki) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7402 (yeddi min dörd yüz iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7402 (yeddi min dörd yüz iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar