Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-754/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd sırğa, 1 ədəd boyunbağı, 22 əyarlı sarı qızıldan 1 ədəd şahhmara qolbaq, 1 ədəd 22 əyarlı sarı qızıldan çəkisi 27 qram olan qolbağın, 1 ədəd 22 əyarlı sarı qızıldan sırğa - boyunbağı dəsti və 1 ədəd 585 əyarlı sarı qızıldan olan boyunbağından ibarət qızıl-zinət əşyalarının qaytarılması, həmin əşyalar olmadıqda isə onların dəyərinin və həmçinin ödənilmiş 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 04 aprel 2017-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikah dövründə iki uşaqları anadan olmuşdur. Evlililiklərinin ilk aylarında mehriban yaşasalar da bir müddət sonra həyat yoldaşı Cavabdeh ilə olan münasibətləri nikahlarının pozulmasına səbəb olmuşdur. Qanuni qüvvəsini almış Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahları pozulmuş, 20 avqust 2017-ci il X1 və 05 aprel 2019-cu il təvəllüdlü Ağazadə Həyat orahim qızının onun yanında qalması qət olunmuşdur Aralarında olan məhkəmə çəkişmələri səbəbindən münasibətləri daha da gərginləşmişdir. Cavabdehlə faktiki olaraq ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar. O, hal-hazırda övladları da birgə atasının evində yaşayır. Cavabdeh ilə birgə nikah dövründə toy mərasimində və toydan əvvəl qohum-əqraba tərəfindən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Ayrıldıqdan sonra cavabdeh ona hədiyyə edilmiş, istifadəsində olmuş qızıl-zinət əşyaları bugünədək qaytarmamışdır. Cavabdehdən tələb etdikdə isə onun icazəsi olmadan satdığını bildirmişdir. Qızıl-zinət əşyaları bunlardır: toyluq komplekt (sırğa, boyunbağı, şahmara qolbaq-22 əyarlı sarı qızıl) qiyməti- 2000 (iki min) dollar, qolbaq ((anasının verdiyi hədiyyə) -22 əyarlı sarı qızıl, 27 qram çəkili) qiyməti- 2900 manat, sırğaboyunbaq dəst ((anasının hədiyyəsi)-22 əyarlı sarı qızıl) qiyməti 1000 dollar, sırğa-boyunbağı (585 əyarlı sarı qızıl) qiyməti -500 manat. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh toyluq komplekt (sırğa, boyunbağı, şahmara qolbaq-22 əyarlı sarı qızılın, 27 qram çəkili qolbağın, sırğa-boyunbaq dəst-22 əyarlı sarı qızılın və sırğaboyunbaq 585 əyarlı sarı qızılın qaytarılması, həmin əşyalar olmadıqda isə onların dəyərinin 8500 manat məbləğində pulun və həmçinin 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı tamamilə yalan yazır və məhkəməni yanıltmağa çalışır. Belə ki, tərəflər arasında nikahın pozulmasının əsas səbəbi iddiaçının cavabdehə qarşı xəyanətinin cavabdeh tərəfindən aşkarlanması olmuşdur. Cavabdeh və iddiaçı xəyanətin aşkarlanmasından sonra evliliklərinin davam edə bilməyəcəyini anlamış və nikaha xitam vermək barədə qərar qəbul etmişlər. Bu zaman cavabdeh nikaha xitam verilənə qədər yaşadıqları evdən çıxmış və bir daha həmin evə qayıtmamışdır. Qeyd etmək lazımdır ki, tərəflər cavabdehin anası X2 evində yaşamışlar. İddia ərizəsində iddiaçı guya atasının evində qalmasını iddia etsə də, faktiki olaraq nikah münasibətlərinə xitam verildiyi tarixdən iddiaçı cavabdehin anasına məxsus mənzildə yaşayır və ikinci dəfə ərə gedənə qədər onu həmin evdən heç kim çıxarmayıb və onun, yəni iddiaçının icazəsi olmadan həmin evə heç kim girməyib. İddiaçı absurd iddialar verərək cavabdehi və onun valideynlərini narahat etdikdə cavabdehin anası Nərgiz Əhmədova hazırki iş üzrə İddiaçı mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. 27 sentyabr 2022-ci il tarixdə birinci instansiya məhkəməsi Əhmədova Nərgizin iddiasını təmin etmiş, daha sonra İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Hazırda həmin iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi, iddia ərizəsində iddiaçı yalan məlumatlar yazmış, o, hər zaman öz əşyalarına və xüsusilə qızıl-zinət əşyalarına tam nəzarət və sahiblik etmək imkanına malik olmuşdur. İddia ərizəsinə iddiaçı tərəfindən fotoşəkillər əlavə edilsə də, zinət əşyalarının iddiaçıya kim tərəfindən verildiyini və cavabdeh tərəfindən nə zaman götürülərək harada satıldığını, sonuncu dəfə həmin zinət əşyalarının olmamasını nə zaman aşkarladığmı, bu günə qədər qaldırılan müxtəlif iddialarda nə üçün zinət əşyalarını tələb etmədiyini heç cür sübut etməmişdir. Cavabdeh zinət əşyalarını satmasını qəti şəkildə qəbul etmir və iddiaçı zinət əşyalarının məhz cavabdeh tərəfindən satılması sübut edə bilməmişdir. Başqa sözlərlə iddiaçı ona məxsus zinət əşyalarını özü də sata bilər, kiməsə hədiyyə edə bilər və ya bu və digər zinət əşyaları hələ də onun sahibliyində ola bilər. Cavabdeh heç bir zinət əşyasını götürmədiyini və satmadığını israrla təkid edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının qızıl-zinət əşyaları çox olmuşdur. Birgə nikah dövründə iddiaçı özü və cavabdehlə birlikdə qızıl-zinət əşyalarını satmışdır. Lakin hazırda tələb edilən qızıl-zinət əşyaları iddiaçının xəbəri olmadan cavabdeh tərəfindən satılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflər birgə nikah dövründə qızıl-zinət əşyalarını birlikdə satmışlar. Lakin cavabdeh heç vaxt iddiaçının xəbəri olmadan ona məxsus qızıl-zinət əşyasını satmamışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- (010)-822/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 04 aprel 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsində 711 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 20 avqust 2017-ci il X1 və 05 aprel 2019-cu il təvəllüdlü X3 boşanmadan sonra anaları Əl- X4 yanında qalması, Cavabdeh 20 avqust 2017-ci il X1 və 05 aprel 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 25 noyabr 2019-cu il tarixdə "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış Kredit və girov müqaviləsindən görünür ki, müqaviləyə əsasən "xxxx" QSC tərəfindən İddiaçı 24 ay müddətinə illik 62% ödəmək şərtilə 598 manat kredit verilmişdir. Bu Müqaviləyə əsasən kreditorgirov saxlayanın borclu-girov qoyana kredit verdiyi pul vəsaitinin və ona hesablanan faizlərin, habelə borclu-girov qoyanın öhdəliyin icrasının gecikdirilməsilə əlaqədar hesablanan dəbbə pulunun, kreditor-girov saxlayanın tərəfindən çəkilmiş mümkün ola bilən bütün xərclərinin əvəzinin kreditor-girov saxlayana qaytarılmasını təmin etmək məqsədilə girov predmeti 25 Novabr 2019-cü tarixli zərgər aktı ilə təsdiq edilmiş, likvid dəvəri 271 USD, qiymətləndirilmiş İddiaçı mülkiyyətindəki qiymətli metaldır. İş materiallarında olan 25 noyabr 2019-cu il tarixli “BQ" QSC-nin "Xırdalan" filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, qolbağı, kulon və üzükdən ibarət qızıl-zinət əşyaları 271 ABŞ dolları məbləğində qiymətləndirilərək, "xxxx" QSC-yə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Moskva univermağında qızıl alışı və satışı ilə məşğul olur. 2018-2019-cu illərdə iddiaçı və cavabdeh birlikdə gələrək qızıl-zinət əşyaları satmışlar. Lakin hansı qızıl-zinət əşyası olduğu yadında deyil. Həmçinin, şahidə məhkəmə tərəfindən iş materiallarında olan fotoşəkillər göstərilmiş, şahid fotoşəkillərdə olan qızıl-zinət əşyalarının ona tanış olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı hazırkı iddia tələbində ona məxsus ümumi dəyəri 8500 manat olan qızıl-zinət əşyalarının ona məxsus əmlak olduğu üçün cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, sözügedən əşyaların cavabdeh tərəfindən götürülməsinə, satılmasına və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehdə olması barədə heç bir sübut təqdim edilmədiyindən, bununla da iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən, iddia tələbi öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-754/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-754/2023
09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver