Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-761/2022 15.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Ağba Chibuikenin və onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh "Ganbarov” MMC-nin nümayəndəsi Nümayəndə2, X1 iştirakları ilə, İddiaçı Ağba Chibuikenin cavabdeh "Ganbarov” MMC-yə qarşı ”cavabdeh tərəfindən öhdəliyin icra edilməsi, kompensasiyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağba Chibuike cavabdeh "Ganbarov” MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Ganbarov" MMC tərəfindən əmək haqqından Azərbaycan Respublikası Miqrasiya Xidmətinə ödənilməsi bəhanəsi ilə tutulan 1500 manat, 2021-ci il iyul ayına görə 1050 manat, avqust ayına görə 700 manat əmək haqqı, 50 manat mediasiya ödənişinin, əmək müqaviləsinə xitam verilməsinə dair əsasın Əmək Məcəlləsinin 72-ci maddəsindən “tərəflərdən birinin təşəbbüsü ilə” əsasına dəyişdirilməklə müvafiq qeydin əmək kitabçasında aparılması və müvafiq bildirişin elektron hökumətin altsisteminə daxil edilməsinə dair öhdəliyin cavabdeh tərəfindən icra edilməsi; bunun nəticəsində işə düzəlməyinə mane olduğu bütün müddət üçün qərar çıxarılıb icra ediləcəyi tarixədək hər ay üçün 700 manatdan hesablanmaqla kompensasiya ödənməsi; bütün digər pozuntularla məcmu səkildə vurduğu mənəvi ziyana görə tələb olunan maddi ziyanın bir misli qədər - 4700 manat məbləğində mənəvi ziyana görə kompensasiya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış 2EE9A60000100, 02.03.2021-ci il tarixli Əmək müqaviləsinə əsasən 2020-ci ilin iyun ayından BFC X5 ilə işləməyə başlamış və hər ay dərs dediyi tələbələrin ödədiyi pulun 50%-nin ona maaş olaraq veriləcəyi barədə şifahi razılığa gəlmişdirlər. 2021-ci ilin yanvar ayında Türkan və həyat yoldaşı Kenan onu BFC X3 rəsmi olaraq işə qəbul etmək istədiklərini, hər aylıq 1500 manat əmək haqqı verəcəklərini bildirmişdir. Onlar həmin ilin mart, aprel və may aylarında əmək haqqından immiqrasiyaya görə əmək haqqısından 500 manat almış, ümumilikdə iddiaçıya 3 ayın əmək haqqısı olaraq 3000 min manat vermişdirlər. Lakin sonradan ona məlum olmuşdur ki, həmin şəxslər miqrasiyaya görə 3 ay üçün 1500 manat pul məbləğində ödəniş etməmişdirlər və bu səbəbdən həmin 1500 manat iddiaçıya geri qaytarılmalıdır. O, iyul ayı ərzində bazar ertəsindən şənbə gününə qədər qeyri-iş günləri də daxil olmaqla çalışmış və həmin ay ərzində 90-a yaxın tələbəyə fənn tədris etmişdir. Avqust ayının 3-də etirazını Kenan adlı şəxsə bildirdikdən sonra, ona 650 manat nağd şəkildə ödənilmiş, daha sonra 235 manat hesabına vurulmuşdur. Lakin ona cəmi 1700 manat əmək haqqının ödənilməsini bildirmiş, ödənişi müntəzəm cədvəl üzrə təqdim etmişdir. 05 avqust 2021-ci il tarixdə hesabatını istəsə də ona bununla bağlı izah verilməmiş, xəbərdarlıq təqdim olunaraq guya üzrlü səbəb olmadan işə gəlmədiyi bildirilmişdir. O, dərhal yazılı izahatını vermiş və watsapla avqustun sonundan işə çıxmadığını bildirmişdir. Haqsızlığa uğradığı nəticəsinə gələrək növbəti gün işə getməmişdir. Ona telefonla zəng etdiklərində maaşının tam şəkildə ona ödənilməsin tələb etmişdir. Beləliklə də, avqustun 5-də əmək müqaviləsi pozmaqla hədələyən "xəbərdarlıq məktubu” vermişlər. Növbəti gün istefa ərizəsini təqdim etmiş, lakin öncədən avqustun 6-da həkimin qəbuluna gedəcəyi haqqında dəqiq məlumat vermişdir. Lakin həmin günü gedə bilməmiş, psixoloji halı ilə əlaqədar olaraq, depressiyaya düşdüyünə görə avqustun 31-də işini dayandıracağını bildirmişdir. UNHCR xəstəxanasına gedib həkimi ilə görüşə bilməmiş, həmin günü işə gəlib ərizəsini təqdim etmişdir. 9 avqustda həkimin qəbulunda olmuş və ona müalicə yazılmışdır. Lakin işini davam etdirmək üçün onlayn rejimdə 07 avqust 2021-ci il tarixdə işini icra etmişdir. Onu 10 avqust 2021-ci il tarixdə mitinqə dəvət edərək əmək haqqının yenidən hesablandığını bildrimiş və ödəniş üçün vəsaitlərin ödənilməsi məqsədi ilə ondan imzalar almışlar. Bundan sonra rəhbərlik onunla ayın sonunda görüşmuş və ona ya işinə davam etməli olduğunu, ya da Bakıda rəsmi işə düzəlməyinə mane olacaqlarını bildirmişlər. O, rəhbərliyə işləyə bilməyəcəyini və onlarla müqavilə bağlamayacağını bildirdikdə, donlar avqust ayında yeni müqavilə bağlayıb sentyabr ayında onlar üçün işləməli olduğunu bildirmişlər. O isə bundan imtina etmişdir. Ona daha iki "xəbərdarlıq məktubu" verərək imzalamağını tələb etmişlər. Avqust ayının 17-də işini dayandırmışlar. Çünki, o, həm haqqını tələb etmişdi, həm də UNHCR -ın hüquqşünas əməkdaşı ona işəgötürənlərin maaşından 1500 manat almamalı olduqlarını bildirdikdən sonra müəssisənin rəhbərliyindən öz haqlarını tələb etmişdir. O, qaçqın statusu ilə bağlı işəgötürənə rüsumlardan azad olduğunu və hazırda BMT-nın QAK-ın Bakı ofisinin himayəsində olduğunu izah etmişdir. O, yeni iş üçün cəhdlər edib başqa yerlərlə razılaşsa da, köhnə iş yeri əmək müqavilənə xitam vermə barədə bildirişi elektron sistemə daxil etmədikləri üçün elektron sistemə daxil edə bilməmişlər. Onun tələbinə baxmayaraq qərəzli olaraq boyun qaçırmışlar. Bu isə onun əmək hüququnu pozmuş, yaşayışını çətinləşdirmişdir. Məsələ ilə bağlı “Ganbarov" MMC-yə pretenziya ilə müraciət etmiş, boş yerə əmək haqqından tutulan məbləğin ona geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra, sənədlərdə aydın olduğu kimi nümayəndə və vəkilimin iştrakıyla mediasiya keçirlsə də cavabdehlər razılığa gəlməkdən qəti imtina etmişdirlər. Beləliklə də o, mediasiya haqqını, məhkəmə rüsumunu və vəkil (tərcüməçi) xərclərini ödəmişdir. İddiaçı Ağba Chibuike və onun vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh "Ganbarov” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etiraz ərizəsi onunla əsaslandırmışdır ki, 02.03.2021-ci il tarixdə cavabdeh "xxxx" MMC ilə Nigeriya Respublikası vətəndaşı İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinin şərtlərinə görə işçiyə hər ay 250 manat pul vəsaitinin əmək haqqı kimi ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, həmin müqavilənin şərtlərinə görə tərəflər bir birinin maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarlarsa digər tərəf qarşısında maddi və mənəvi zərər daşıyırlar. "xxxx"MMC tərəfindən iş materiallarına əlavə olunmuş 05.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 04.08.2021-ci tarixdə cavabdeh İddiaçı üzrlü səbəb olmadan işə gəlməmişdir və qanuni şəkildə onun bu intizamsızlığı rəsmi şəkildə ona təqdim olunub və bir də belə halların təkrar olunmaması bildirilmişdir. "xxxx" MMC tərəfindən iş materiallarına əlavə olunmuş 09.08.202 -ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 06.08.2021-ci tarixdə cavabdeh İddiaçı təkrar olaraq 2-ci dəfə üzrlü səbəb olmadan işə gəlməmişdir. "xxxx" MMC tərəfindən iş materiallarına əlavə olunmuş 09.08.2021 -ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 09.08.2021-ci tarixdə cavabdeh İddiaçı təkrar olaraq 3-cü dəfə üzrlü səbəb olmadan saat 14.00-dək işdə olmamışdır. Bununla bağlı təkrar olaraq cavabdeh tərəfindən həmin tarixdə iddiaçıya müvafiq xəbərdarlıq edilmiş və bir daha belə hallara yol verməməsi xahiş olunmuşdur. Bütün bu yuxarıda göstərilən qanunsuzluqların nəticəsi olaraq 17.08.2021 -ci il tarixdə "xxxx" MMC tərəfindən müvafiq Komissiya yaradılmış və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud surətdə pozduğu müəyyən edilmişdir. Bu səbəbdən də, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa iddiaçı öz statusundan sui-istifadə edərək özünü digər işçilərdən daha yuxarı statuslu sayaraq işlədiyi MMC-nin daxili qaydalarına və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət etməmişdir. Cavabdeh "Ganbarov” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Ağba Chibuike arasında bağlanmış 02.03.2021-ci il tarixli N13 saylı əmək müqaviləsinə əsasən Ağba Chibuike "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək haqqı 250 manat olmaqla müəllim vəzifəsinə işə qəbul edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.03.2021-ci il tarixli, 2101 nömrəli əmrinə əsasən Ağba Chibuike 02.03.2021-ci il tarixdən "xxxx" MMC-də müəllim vəzifəsinə işə qəbul edilmişdir. 02.03.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, iddiaçı Ağba Chibuike ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 02.03.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iş yeri BFC Akademy və əmək haqqı 250 manat olmaqla müəllim vəzifəsinə işə qəbul edilmişdir. 02.03.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, "xxxx" MMC ilə Ağba Chibuike arasında bağlanmış əmək müqaviləsi 02.03.2021-ci il tarixli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. 05.08.2021-ci il və 09.08.2021-ci il tarixli xəbərdarlıq məktublarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağba Chibuikeyə 04.08.2021-ci və 06.08.2021-ci il tarixlərində bütün günü, 09.08.2021-ci il tarixində isə saat 14:00-a qədər üzrlü səbəb olmadan işdə olmaması və əmək müqaviləsinə onun şərtlərini pozduğu üçün xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin 17.08.2021-ci il tarixli 01 nömrəli protokuluna əsasən, Ağba Chibuikenin 04.08.2021-ci il tarixdən Əmək Məcəlləsinin tələblərini kobud pozması, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 17.08.2021-ci il tarixli il tarixli 2105 nömrəli əmrinə əsasən, Ağba Chibuike üzrlü səbəb olmadan işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 17.08.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, "xxxx" MMC tərəfindən 17.08.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. "xxxx" MMC-nin 2021-ci ilin iyul və avqust ayı üçün hesablanmış əmək haqqı cədvəlinə əsasən, Ağba Chibuikeyə tutulmalar çıxıldıqdan sonra iyul ayı üçün 235,25 manat, avqust ayı üçün 86,82 manat əmək haqqı hesablanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çıxarışıdan görünür ki, Ağba Chibuikenin hesabına iyul ayı üçün 235,25 manat, avqust ayı üçün 86,82 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Ağba Chibuike ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 02.03.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iş yeri BFC Akademy və əmək haqqı 250 manat olmaqla müəllim vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə 17.08.2021-ci il tarixli il tarixli 2105 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. "xxxx" MMC tərəfindən 17.08.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. Ağba Chibuike əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, Ağba Chibuike "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə əmrini mübahisələndirməmiş və həmin əmr ləğv edilməmişdir. Bu səbəbdən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əsasın Əmək Məcəlləsinin 72-ci maddəsindən “tərəflərdən birinin təşəbbüsü ilə” əsasına dəyişdirilməklə müvafiq qeydin əmək kitabçasında aparılması və müvafiq bildirişin elektron hökumətin altsisteminə daxil edilməsinə dair öhdəliyin cavabdeh tərəfindən icra edilməsi və bunun nəticəsində işə düzəlməyinə mane olduğu bütün müddət üçün qərar çıxarılıb icra ediləcəyi tarixədək hər ay üçün 700 manatdan hesablanmaqla kompensasiya ödənməsi barədə tələbi əsassızdır. Bundan başqa, iddiaçı əmək haqqının 1500 manat məbləğində razılaşdıqlarını və ondan mart, aprel və may aylarında əmək haqqından Azərbaycan Respublikası Miqrasiya Xidmətinə ödənilməsi bəhanəsi ilə əmək haqqısından 500 manat tutulduğunu qeyd etsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən onun əmək haqqısının 250 manat olduğu müəyyən edilir. İddiaçı 2021-ci il iyul ayına görə 1050 manat, avqust ayına görə 700 manat əmək haqqı tələb etsə də, əmək müqaviləsinə əsasən müəyyən edilmiş əmək haqqından tutulmalar çıxıldıqdan sonra iyul ayı üçün 235,25 manat, avqust ayı üçün 86,82 manat əmək haqqı hesablandığı və kart hesabına köçürüldüyü rəsmi sənədlərlə təsdiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Ağba Chibuikenin cavabdeh "Ganbarov” MMC-yə qarşı ”cavabdeh tərəfindən öhdəliyin icra edilməsi, kompensasiyanın və mənəvi zərərin ödənilməsi” barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ağba Chibuikenin cavabdeh "Ganbarov” MMC-yə qarşı ”cavabdeh tərəfindən öhdəliyin icra edilməsi, kompensasiyanın və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-761/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-761/2022
15.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver