Məhkəmə qərarları › İş №2(004)-761/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-761/2025

28.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-761/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 31 may 2023-cü il tarixli 1xx/xx/2023 saylı xidmət müqaviləsi ləğv edilməli, həmin müqavilə əsasında ödənilmiş 800 (səkkiz yüz) manat, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 100 (yüz) manat rüsumun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 31 may 2023-cü il tarixli müqavilənin 1-ci bəndinə əsasən icraçı sifarişçiyə bu Müqavilənin 1-ci Əlavəsində göstərilən xidmətləri göstərməyi üzərinə götürmüşdür. 2.1-ci bəndinə əsasən xidmətlər üçün sifarişçinin İcraçıya ödəməli olduğu xidmət haqqı 400 manat, məktubun 1-ci əlavəsində göstərilmişdir. Xidmət haqqına bütün vergilər daxildir, əgər İcraçı Xidmət Haqqının üzərində əlavə dəyər vergisi hesablamalı olacaqsa, ƏDV üçün sifarişçi Xidmət haqqının üzərində əlavə dəyər vergisi hesablamalı olacaqsa, ƏDV üçün sifarişçi məsuliyyət daşıyacaqdır. Müqavilə bağlanan tarixdə 400 manat müqavilədə nəzərdə tutulmuş məbləği, ondan əlavə 300 manat, daha sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh hesabına 100 manat ödəniş etmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməmiş, birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan evin onun adına sənədləşdirilməsi ilə bağlı üzərinə öhdəlik götürsə də, götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı cavabdehlə aralarında olan müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirərək, 800 manat məbləği tam olaraq, Cavabdeh ödəmişdir. İddiaçının cavabdeh qarşısında müqavilə üzrə icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Lakin müqavilə bağlanmasından artıq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh işi yerinə yetirməmişdir. Dəfələrlə müraciət edərək, üzərinə götürdüyü öhdəliyi həyata keçirilməsini tələb etməyinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. Cavabdehin onu aldadaraq, pulunu ələ keçirməsi barədə Nizami RPİ-nə müraciət etsə də, mübahisənin mülki xarakterli olduğu bildirilərək, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə yazılı şəkildə müraciət edərək, müqavilə üzrə ödənilmiş 800 manat məbləğin geri qaytarılmasını tələb etməyinə baxmayaraq, müraciətinə ümumiyyətlə hər hansı formada cavab verilməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı 2(004)-761/2024 nömrəli iş əsasında qaldırdığı iddia tamamilə əsassızdır. Xanımla 700 manatlıq müqavilə bağlanıb, sonradan da xanımdan 100 manat əlavə pul götürülüb. Bağlanan müqavilədə heç bir öhdəçilik yoxdur, yəni iş düzəlmədiyi təqdirdə heç bir məsuliyyət yaratmır. Alınan vəsait geri qaytarılmır. O, İ qrup əlildir, əlil arabasından istifadə edir, ictimai nəqliyyatdan istifadə edə bilmir. Göstərdiyi xidmətə əsasən xanım özü müqavilədə göstərilən sonrakı öhdəlikləri yerinə yetirməmiş və nəticədə şirkətə 2500 manat ziyan vurmuşdur. O, hüquqi şəxsdir, ilkin mediasiya keçirilmədən, təklif məktubu gəlmədən xanım birbaşa məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən dəlillərə əsasən xanımın iddiasını rədd edib, şirkətin xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. Xanımın şirkətə vurduğu maddi ziyanla bağlı ilkin mediasiya sessiyasının keçirilməsi üçün müraciət edib, xanıma təklif məktubu göndərmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatında əlavə olaraq bildirdi ki, onun boşanma işindən sonra adına əmlak keçirilməli idi. O, da bu işi görməsi üçün cavabdehlə müqavilə bağlayıb ödəniş etmişdir. Lakin o, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ümumiyyətlə heç bir iş görməmişdir. Cavabdehə əvvəlcə ASAN Xidmət mərkəzində 700 manat ödəniş etmişdir. Daha sonra 100 manat ona məxsus hesab kartına köçürtmüşdür. Dəfələrlə ona ödənilən məbləğin geri qaytarılması ilə bağlı müraciət etsə də, yaxın müddətdə qaytaracığını bildirsə də nə pulu qaytarmamış, nə də hər hansı bir xidmət göstərməmişdir. Məhkəməyə müraciət etdikdən sonra həmin məblədən 50 manat qaytarmış, qalan məbləği də ayın sonuna kimi qayaracığını bildirmiş və ondan iddia ərizəsini geri götürməyi xahiş etmişdir. Lakin bugünədək qalan məbləği ödəməmişdir. Göstərilənləri nəzərə alıb məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı (Sifarişçi) ilə Cavabdeh (İcraçı) arasında bağlanmış 1xx/xx/2023 saylı, 31 may 2023-cü il tarixli xidməti müqaviləyə əsasən İcraçı Sifarişçiyə bu Müqavilənin 1-ci Əlavəsində göstərilən xidmətləri (bundan sonra “Xidmət” və ya “Xidmətlər”) göstərməyi üzərinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən İcraçı Xidməti ondan gözlənilən peşəkarlıqla və ehtiyyatlıqla göstərməyi üzərinə götürür, ancaq bu cümlə hər hansı konkret nəticənin əldə olunmasına dair zəmanəti və ya öhdəliyi əks etdirmir və İcraçı bu cür zəmanət vermir və üzərinə bu cür öhdəlik götürmür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən xidmətlər üçün Sifarişçinin İcraçıya ödəməli olduğu xidmət haqqı (400 AZN “Xidmət Haqqı”) məktubun 1-ci Əlavəsində göstərilmişdir. - İddiaçı Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, o, cavabdehə 10 gün müddətində borcunun ödənilməsini və müqavilənin ləğv edilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 1xx/xx/2023 saylı, 31 may 2023-cü il tarixli xidməti müqavilə bağlanmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz ərizəsində iddiaçı ilə 700 manat məbləğində müqavilə bağlanıldığını, sonradan da iddiaçıdan 100 manat əlavə pul götürüldüyünü qeyd etmişdir. İddiaçı məhkəmədən onunla Cavabdeh arasında bağlanmış 31 may 2023-cü il tarixli 1xx/xx/2023 saylı xidmət müqaviləsinin ləğv edilməsini, həmin müqavilə əsasında ödənilmiş 800 (səkkiz yüz) manat, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 100 (yüz) manat rüsumun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 1xx/xx/2023 saylı, 31 may 2023-cü il tarixli xidməti müqavilə üzrə icraçı tərəfindən göstərilən xidmətə görə konkret nəticənin əldə olunmasına zəmanət verilməsə də, xidmətlərin göstərilməsi ilə bağlı ağlabatan səylərin göstəriləcəyi qeyd edilmişdir. Əks yanaşma isə müqavilə öhdəliyinə uyğun gəlmir. Lakin cavabdeh tərəfindən hansı xidmətin göstərilməsi lə bağlı hər hansı bir sübut etiraz ərizəsinə əlavə edilməmişdir. Belə olan halda sifarişçi tərəfindən müqavilədə qeyd olunan məbləğdən artıq, yəni 800 manat pul ödənilməsi sübuta yetməsinə baxmayaraq, icraçı tərəfindən hansı xidmətin göstərilməsi sübuta yetmir. Bu səbəbdən iddiaçı tərəfindən müqavilənin birtərəfli ləğv edilməsi ilə bağlı xəbərdalıq məktubu göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xəbərdarlıq məktubu göndərilən tarixdən sözügedən müqavilə ləğv edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə 1xx/xx/2023 saylı, 31 may 2023-cü il tarixli xidməti müqavilə cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) ləğv edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin araşdırılması zamanı iddiaçıın izahatı ilə də müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı sonuncunun tələb etdiyi 800 manatdan 50 manat ödəniş edilmiş, 750 manat qaldığını etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış xidməti müqavilə ləğv edilmiş hesab olunmalı, cavabdehdən iddiaçının ona ödədiyi 800 manat məbləğində puldan qalıq (800- 50=750 (yeddi yüz əlli)) manat məbləğində pul tutularaq iddiaçıya ödəməlidir. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 1xx/xx/2023 saylı, 31 may 2023-cü il tarixli xidməti müqavilə ləğv edilmiş hesab edilməli, Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 100 (yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 1xx/xx/2023 saylı, 31 may 2023-cü il tarixli xidməti müqavilə ləğv edilmiş hesab edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar