Məhkəmə qərarları › İş №2(004)-77/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-77/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-77/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi və öhdəliyin qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə 23.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, mənzilinə dəymiş maddi ziyanı qiymətləndirmək və cavabdehlərin ona ödəməli olduğu pul təzminatı təyin etmək üçün məhkəmə ekspertizasının təşkil edilməsini, yararsız vəziyyətə düşmüş əmlakın dəyərinin cavabdehlərdən onun xeyrinə tutulması, cavabdehlərin mütləq şəkildə öz mənzillərində şaxtaya keçid açmaları və "xxxx" işçiləri tərəfindən kanalizasiya borusunun dəyişdirilməsi üçün şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, bir il ərzində mənzili suyun axması nəticəsində yararsız hala gəlmişdir, mətbəxtdə yerləşən mebel tamamilə xarab olmuş, elektrik naqilləri nasaz vəziyyətə gəlmişdir. 1 və 2 oktyabr 2020-ci il tarixdə "xxxx" ASC-nin qaynar xəttinə etdiyi zənglərdən sonra mənzillərə 3 briqada göndərilmişdir. Nəticədə məlum olmuşdur ki, 3-cü mərtəbənin şaxtasında yerləşən kanalizasiya dirəyində sızma mövcuddur. Binanın 3-cü mərtəbəsində 2 mənzil yerləşir, onlardan 13 nömrəli mənzildə Cavabdeh1 və 14 nömrəli mənzildə Cavabdeh2 oğlu Nümayəndə2 yaşayırlar. "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsi qeyd olunan mənzillərin sakinləri ilə dəfələrlə görüşməyə cəhd etsə də cavabdehlər onlarla ünsiyyətdən qaçır, qapılarını açmır və zənglərə cavab vermirdilər. Böyük çətinlikdən sonra Cavabdeh2 oğlu Nümayəndə2 ilə "xxxx" əməkdaşları arasında görüş təşkil etmək mümkün olmuş və "Azərsu” əməkdaşları cavabdehə şaxtada sızmanın aradan qaldırılması üçün onun və qonşusu Cavabdeh1 mənzillərində şaxtaya keçid açılmasının lazım olduğunu izah etmişlər. "xxxx" əməkdaşları, yenidən mənzilə gələrək kanalizasiya borusunu dəyişə bilmələri üçün Nümayəndə2 keçid hazır olduqda onlara məlumat verilməsini xahiş etmişlər. Nümayəndə2 hər kəsin qarşısında problemin həllinə köməklik edəcəyinə söz vermişdir. O, 5 oktyabr 2020-ci il tarixdə işlərin necə irəlilədiyini aydınlaşdırmaq üçün Nümayəndə2 mənzilinə yaxınlaşmış, lakin o, bu məsələnin onun problemi olmadığını və evinin divarlarını qırıb keçid açmayacağını deyərək onunla dava etməyə başlamışdır. Eyni zamanda digər mənzilin sahibi Cavabdeh1 də problemin həllinə maneə olur, "xxxx" ASCnin işçiləri ilə görüşdən yayınır və öz mənzilində şaxtaya keçid açmayacağını bildirir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırkı iddia qərəzlidir. O səbəbdən ki, onlar 4 mərtəbəli binanın 3cü mərtəbəsində yaşayırlar. Nümayəndə2 da həmin mərtəbədə yaşayır. 1-ci və 3-cü mərtəbə arasında əlaqə yoxdur. Anlaya bilmədiyi odur ki, 1-ci və 3-cü mərtəbə arasında necə əlaqə var ki, 2-ci mərtəbə quru olduğu halda 1-ci mərtəbə suyun axması nəticəsində yarasız vəziyyətə düşmüşdür. İddiaçı sızmanın aradan qaldırılması üçün "xxxx" ASC-nin əməkdaşlarına maneə yaradıldığını qeyd etsə də, əksinə o, mənzildə olmadığı müddətdə də evin açarlarını təqdim edərək təmir üçün lazım olan tədbirlərin görülməsi üçün şərait yaratmışdır. O, mənzildə uzun müddətdir ki, yaşamır. "xxxx" ASC tərəfindən təsdiq oluna bilər ki, su-kanalizasiya sistemindən istifadə etməmişdir. Əlavə olaraq bildirir ki, iddiaçının mənzili birinci mərtəbədə yerləşdiyindən zirzəmisi tamamilə su içindədir. Şaxtada yerləşən boruların təmir olunmasına isə heç bir etirazı yoxdur və maneə törətmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, ekspert rəyindən göründüyü kimi məsələyə tam aydınlıq gətirilməmişdir. Ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, qüsurların mövcud olduğu və həmin qüsurların sızmaya aid olduğu müəyyən edilsə də, faktiki olaraq üst mərtəbədə yerləşən mənzillərdə təmir işləri aparıldığından və su xətləri gizli olduğundan baxış zamanı su sızması müəyyən edilməmişdir. 4 ay mənzildə yaşamamışdır, lakin mənzildə yaşamadığı və su qovşağından istifadə etmədiyi halda su sızması davam etmişdir. Konkret demək olmaz ki, su sızması faktı 3-cü mərtəbənin şaxtasında yerləşən kanalizasiya dirəyində yaranan sızma nəticəsində baş vermişdir. Bu məsələ ilə birbaşa "xxxx" ASC maraqlanmalı, su sızmasının səbəbini araşdırmalıdır. Əlavə olaraq bildirir ki, ekspertiza aparılarkən ekspert onların evində olan sanitariya qovşağından su axıdaraq suyun iddiaçının evinə axıb axmamasını yoxlamış və bu zaman iddiaçının mənzilinə su axmamışdır. Problem nə onlarda, nə də ki, qonşulardadır. Problem şaxtadadır. Onlar "xxxx" ASC-nin əməkdaşlarının şaxtada yerləşən boruları təmir etməsinə heç bir maneə törətməz, tam əksinə boruların təmir olunmasına razıdırlar. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, hər iki ünvana briqada göndərilmişdir, lakin tərəflər şərait yaratmamışdır. Əgər şərait yaradarlarsa gəlib baxa bilərlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 097378 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında yerləşən ev 2, 10 saylı mənzil 12.12.2001-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən ev 2, 14 saylı mənzil 04.10.2006-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 14.09.2021-ci il tarixli, 10/1996 saylı ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 2 saylı evin 10 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Faktiki olaraq üst mərtəbədə yerləşən mənzillərdə təmir işləri aparıldığından və su xətləri gizli olduğundan baxış zamanı susızması müəyyən edilməmişdir. Aparılmış hesablamalar nəticəsində, tədqiq olunan ünvan 3 ünvanında yerləşən 2 saylı evin 10 saylı mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1272 manat məbləğində müəyyən olunur. İş materiallarında olan 29.03.2022-ci il tarixli, 10/7002 saylı əlavə ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiqat obyektlərinin yerləşmə planını, yəni iddiaçıya məxsus 10 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus 13 və 14 saylı mənzillərin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 10 saylı mənzilin dəhliz, sanitar qovşağı və mətbəx tikililərinin konstruktiv elementləri üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızma nəticəsində yaranmasına xarakterik olduğu müəyyən edilmişdir. 10 saylı mənzilə su sızması şaxtada yerləşən ümumi kanalizasiya borusunda mümkün olan nasazlıqlar səbəbindən yarana bilər. Qeyd olunur ki, binanın ümumi kanalizasiya borularının yerləşdiyi şaxtada olan pəncərə boşluğu binanın sakinləri tərəfindən hörülərək bağlandığına görə, həmin kanalizasiya borularına dəqiqliklə ətraflı baxış keçirilmədiyindən 10 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Binanın şaxtasında müvafiq təmir işləri (şaxtada quraşdırılmış ümumi borunun dəyişdirilməsi, binanın kanalizasiya şaxta hissəsində mərtəbələrarası örtük qatı açılması və s.) aparılmaqla su sızması aradan qaldırıla bilər. Sözügedən mənzillərin yerləşdiyi binanın şaxta hissəsinə baxış keçirilməsi mümkün olmadığından su sızmasının bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçıya məxsus mənzilin konstruktiv elementləri (divar, tavan, döşəmə və s.) üzərində yaranmış qüsurların 13 və 14 saylı mənzillərdən axıdılan su nəticəsində yaranıb yaranmamasını müəyyən etmək mümkün olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X1 ifadəsində bildirmişdir ki, o, həmin blokda bütün mənzillərdə olmuşdur. İddiaçının evində olan əlamətlər su sızma əlamətləridir və iddiaçıya ziyan dəymişdir. Sonra cavabdehin də evində olmuşdur. Su sızma barədə rəy vermək üçün ya həmin anda orada olmalı, ya da müvafiq təşkilatın aktı olmalıdır. Hazırda isə akt yoxdur. Bu səbəbə suyun axmasını müəyyən etmək olmur. O, 2ci və 3-cü mərtəbəyə də baxmışdır. Suyun haradan gəlməsi bilinmir. Suyun hansı mənzildən sızmasını müəyyən etmək üçün MKTB-nin aktı olmalıdır. Bu akt hal-hazırda olmadığı üçün əlavə ekspertizanın keçirilməsi zəruridir. Çünki yanlız əlavə ekspertiza zamanı xüsusi cihazlar vasitəsilə bu faktı müəyyən etmək mümkündür. İşin halları odur ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən ev 2, 10 saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə həmin binanın 13 və 14-cü məzillərinin sakinləri, yəni iddiaçının qonşularıdır. İddiaçının mənzilində olan bəzi konstruktiv elementlər (divar, tavan, döşəmə və s.) və əşyalarda su sızmaya aid olduğu müəyyən edilmiş qüsurlar yaranmışdır. Hazırda iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onun mənzilinin konstruktiv elementləri və orada yerləşən əşyalara dəymiş zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasını və cavabdehlərin üzərinə ümumi və kanalizasiya borusunun dəyişdirilməsi üçün şərait yaratmaq öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdehlər isə iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın cavabdehlərdən tutulması hissəsində əsassızdır. Belə ki, iş materiallarında olan ekspert rəylərindən müəyyən olunur ki, iddiaçıya məxsus olan 10 saylı mənzilə su sızması nəticəsində bəzi konstruktiv elementlər və əşyalara ziyan dəymişdir və həmin qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri 1272 manat təşkil edir. Lakin 10 saylı mənzilə məhz həmin binanın 13 və 14-cü mənzillərindən su sızması müəyyən edilməmişdir. Bu halda iddiaçının əmlakına ziyan dəyməsi müəyyən edilsə də, ziyanın məhz cavabdehlərə məxsus mənzillərdən su sızması və ya onların təqsirli hərəkətləri nəticəsində dəyməsi iş materialları ilə sübut olunmadığından iddia maddi ziyanın cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Məhkəmə həmçinin qeyd edir ki, ekspert rəyinə əsasən binanın şaxtasında müvafiq şaxtada quraşdırılmış ümumi borunun dəyişdirilməsi, binanın kanalizasiya şaxta hissəsində mərtəbələrarası örtük qatı açılması və s. kimi təmir işləri aparılmaqla su sızmasının aradan qaldırılması mümkündür. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi ifadəsində bildirmişdir ki, həmin binada müvafiq işlərin aparılması üçün briqada göndərilmiş, lakin tərəflər əməkdaşlara şərait yaratmadığından işlərin aparılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlərin üzərinə ümumi və kanalizasiya borusunun dəyişdirilməsi üçün şərait yaratmaq öhdəliyinin qoyulması hissəsində əsaslı olduğundan təmin edilməli, ünvan 4 ünvanında yerləşən 13 və 14 saylı mənzillər üzrə ümumi və kanalizasiya borusunun dəyişdirilməsi üçün şərait yaratmaq öhdəliyi müvafiq olaraq cavabdehlərin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 üzərinə Hərbi şəhərcik, Qızıl Şərq küçəsi, ev 2, 14 saylı mənzil və Cavabdeh1 üzərinə Hərbi şəhərcik, Qızıl Şərq küçəsi, ev 2, 13 saylı mənzil üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən şaxtada quraşdırılmış ümumi boru və kanalizasiya borusunun dəyişdirilməsi üçün şərait yaratmaq öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza iddiaçının vəsatətinə əsasən keçirilmişdir. Ekspertiza nəticəsində məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənzilinə ziyan vurulması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 üzərinə Hərbi şəhərcik, Qızıl Şərq küçəsi, ev 2, 14 saylı mənzil və Cavabdeh1 üzərinə Hərbi şəhərcik, Qızıl Şərq küçəsi, ev 2, 13 saylı mənzil üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən şaxtada quraşdırılmış ümumi boru və kanalizasiya borusunun dəyişdirilməsi üçün şərait yaratmaq öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərclərinin əvəzi olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC, VÖEN **********, Kod 200145, VÖEN **********, hesab AZ90AİİB**********0817272114, müxbir hesab AZ37NABZ********************, S.W.İ.F.T. kod: AİİBAZ2X) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar