Məhkəmə qərarları › İş №2(004)-7931/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7931/2021

22.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7931/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Bakı şəhəri 22 saylı Notariat Kontorunda bağlanmış 21.04.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının kredit müqaviləsinin ləğvi ilə bağlı cavabdehə təklif göndərməsinə və həmin təklifin cavabdeh tərəfindən alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçılar qanunla nəzərdə tutulmuş, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etməmiş. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar ərizəyə əlavə edilməmiş və onların siyahısı da ərizədə göstərilməmişdir. Belə ki, iddia ərizəsinə mübahisələndirilən kredit müqaviləsi əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Lakin iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar ərizəyə əlavə edilməmiş və onların siyahısı da ərizədə göstərilməmişdir. Beləliklə, iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal rayon məhkəməsinə şikayət verə bilərlər. Hakim Təhminə Xəlilova İş № 2(004)-7931/2021 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 22 dekabr 2021-ci il tarixdə saat 15.00-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 15:15-də başa çatdı. Protokol 22 dekabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar