Məhkəmə qərarları › İş №2(004)-804/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-804/2023

16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-804/2023 16.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, Cavabdeh ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Hazırda onlar faktiki olaraq ayrı yaşayırlar. O, övladlarını təkbaşına böyüdür və onların bütün maddi tələbatlarını qarşılayır. Cavabdeh isə uşaqları ilə maraqlanmır və uşaqların saxlanılması üçün heç bir köməklik göstərmir. Belə ki, birgə nikahdan olan uşaqları üçün qida, geyim və təhsil kimi gündəlik xərclər tələb olunur. O, hazırda işləyir, lakin aldığı əmək haqqı uşaqların saxlanılması üçün kifayət etmir. Buna görə də hesab edir ki, cavabdeh valideynlik borcunu yerinə yetirməli və ondan yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutulmalıdır. Suala cavab olaraq bildirir ki, cavabdehin əvvəl də aliment borcu olmuş, lakin o, cavabdehi bağışlamışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Səadət Sarayı – Bakı Nikah Evi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 344289 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X1 xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 2405 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə İsayev, arvada İsayeva soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 12745916 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 adlı övladı vardır. İş materiallarında olan AZE seriyalı 12746046 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı birgə niahdan xx.xx.2012-ci il təvəllüdlü X4 adlı övladı vardır. “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarış məlumatlarına əsasən Cavabdeh Azərbaycan Tibb Universitetində telefonçu vəzifəsində işləyir və aylıq əmək haqqı 670 manat təşkil edir, İddiaçı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6 tibb bacısı vəzifəsində çalışır və aylıq əmək haqqı 700 manat təşkil edir. İşin mübahisəsiz halı odur ki, tərəflərin birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adında övladları vardır və uşaqlar hazırda anası İddiaçı yanında qalır. Tərəflər arasında nikah rəsmi qaydada pozulmamışdır, lakin hazırda tərəflər faktiki ayrı yaşayır. İddiaçı aylıq 700 manat, cavabdeh isə 670 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, iddiaçı və cavabdehin aylıq əmək haqqı məbləğlərini və uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar