Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-821/2022 23.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçılar İddiaçı1 İnqilab qızının və İddiaçı2 Cavabdeh2 və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 İnqilab qızının və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı Maraqlı şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı1 İnqilab qızı arasında bağlanmış Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş AN-1 ******* saylı, 03.11.2021-ci il tarixli 4Ə-1793 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və 100 manat dövlət rüsumunun Cavabdeh2 alınaraq iddiaçı İddiaçı1 İnqilab qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 İnqilab qızı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 18 A, 98 saylı mənzilin Cavabdeh2 əri ilə 30 000 manata satılması barədə razılaşmış, sonradan notariat ofisində mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin müqavilənin 4-cü bəndinə əsasən mənzil 23 000 manata satılması göstərilmişdir. Sonradan cavabdeh və əri borcdan qalan 7000 manat pulu verməkdən boyun qaçırmışlar. Onlara müraciəti nəticəsiz qalmışdır. Bununla əlaqədar 16.11.2021-ci il tarixdə cavabdehə teleqram ünvanlamış və müqavilənin ləğv edilməsini xahiş etmişdir. 14 saylı Notariat ofisinə də yazılı ərizə də vermişdir. Notarius tərəfindən iddiaçıya nisyə alqı-satqı müqaviləsi bağlaması hüququ izah edilməmişdir. İddiaçı Rəşid Məcidov mənzilin 30 000 manata satılması ilə əlaqədar razılıq ərizəsi vermişdir. Digər halda müqavilənin bağlanmasına razı deyil. Odur ki, müqavilə ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatlarında bildirmişlər ki, alqı-satqı müqaviləsi 4 nəfərin iştirakı ilə bağlanıb. Razılaşma 23500 manat pula olmuşdur, ondan 500 manat mənzilin su pulu borcuna görə, 23000 manat isə mənzilin qiymətinə görə. Notariat kontorunda vasitəçinin iştirakı ilə qiymət və digər şərtlər danışılıb-razılaşdırılıb. Notarius da müqavilənin bütün şərtlərini, o cümlədən mənzilin qiymətini ucadan səsləndirmiş və hamının razıl olub-olmadığını soruşmuş və bundan sonra müqavilə bağlanmışdır. 1 həftə sonra iddiaçılar evi qaytarmaq istədilər. Lakin onlar, yəni alıcılar buna razı olmamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş digər sübutları araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 398.2-ci maddəsinə əsasən müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarından görünür ki, tərəflər arasında notariat qaydasında iddiaçıya məxsus mənzilin alqı-satqısına dair müqavilə bağlanmış və müqavilənin predmetinə, yəni alqısatqıya dair bütün mühüm şərtlər barədə, o cümlədən mənzilin dəyəri baradə razılaşma əldə edilmişdir. İddiaçı aralarında mənzilin 30000 manata satılması barədə şifahi razılaşmanın olmasını bildirmiş və cavabdeh tərəfindən qalan 7000 manatın ödənilməməsi ilə əlaqədar məhkəmə qaydasında müqavilənin ləğv edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, istinad olunan maddələrə əsasən müqavilə yalnız onun şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halında ləğv oluna bilər. Mübahisəli yazılı bağlanmış müqavilənin şərtlərinin isə Cavabdeh2 tərəfindən pozulması tədqiq olunmuş sübutlarla müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-821/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-821/2022
23.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver