Məhkəmə qərarları › İş №2(004)-833/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-833/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-833/2022 09.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Xalq Sığorta ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən “Nissan Sunny” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, sedan tipli avtomobilə dəymiş maddi ziyana görə 25000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, cavabdeh "xxxx" ASC-dən “Nissan Sunny” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, sedan tipli avtomobilə dəymiş maddi ziyana görə 2500 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, xx.xx.2021-ci il tarixdə “Nissan Sunny” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışı, sedan tipli, ağ rəngli idarə etdiyi avtomobil X2 günahı ucbatından onun idarə etdiyi “VAZ- 2106” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə ona məxsus olan idarə etdiyi “Nissan Sunny” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. "xxxx" MMC tərəfindən qüsur aktı çıxarılaraq maşının ehtiyyat hissələri və təmir işləri ilə əlaqədar arxa stop, arxa sağ qanad, arxa panel, arxa bufer, rəngsaz işi, dəmirçi işi, armatur işi olmaqla, cəmi 2500 manat məbləğində zərər hesablanmışdır. Bu barədə dəfələrlə "xxxx" ASC rəhbərliyinə müraciət etmişdir. Lakin heç bir nəticə olmamışdır. Sonuncu dəfə 06 dekabr 2021-ci il tarixdə ərizə ilə rəsmi olaraq müraciət etmişdir. Suala cavab olaraq bildirir ki, hadisə baş verən zaman avtomobili özü idarə etmişdir. Maşın yarım təmir olunmuşdur. O, təmirə xərc çəkməmişdir. Axra stop nişanı dəyişdirilməmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, ekspert rəyi ilə razı deyil. İddiaçıya sığorta ödənişi edilmişdir. İddiaçı avtomobilə dəymiş maddi zərərin sığorta şirkəti tərəfindən tam ödənildiyini, dəymiş zərərə görə ödənilmiş məbləğlə razılaşdığını və gələcəkdə iddiasının olmayacağını sığorta aktını imzalamaqla təsdiq etmişdir. Sığorta ödənişi edilərkən məbləğ iddiaçıya aydın olmuş və o, bunu mübahisələndirməmişdir. Avtomobildə olan ehtiyyat hissələri dəyişdirilməli deyildi, çünki təmir oluna bilərdi. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri X5 İdarəsi tərəfindən verilmiş 051737 nömrəli arayışın surətinə əsasən X3 idarə etdiyi “VAZ-2106” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və xx.xx.2021-ci il tarixdə İddiaçı idarə etdiyi “Nissan Sunny” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində hər iki avtomobilə ziyan dəymişdir. İş materiallarında olan AB № 789398 nömrəli, xx.xx.2012-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Nissan Sunny” minik markalı, **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil təslim aktının təsdiq edilmiş surətinə əsasən "xxxx" ASC tərəfindən ********** nömrəli plastik kart sığorta ödənişinin alınması üçün İddiaçı təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 51/2021 nömrəli qüsur aktının surətinə əsasən “Nissan Sunny” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri və təmir-bərpa işlərinin dəyəri cəmi 2500 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 7241 nömrəli qiymətləndirmə aktının surətinə əsasən “Nissan Sunny” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin dəyəri cəmi 990 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA98110 nömrəli sığorta aktının təsdiq edilmiş surətinə əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 990 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-2224 nömrəli məktubunun surətinə əsasən “Nissan Sunny” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 990 manat olaraq qiymətləndirilmiş və məbləğ onunla razılaşdırılaraq xx.xx.2021-ci il tarixdə sığorta ödənişi olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/1237 saylı ekspert rəyinə əsasən iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Nissan Sunny” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1690 manat müəyyən edilmişdir. İşin müəyyən edilmiş halları odur ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobili zədələnərək ona maddi ziyan dəymiş və cavabdeh - sığorta şirkəti tərəfindən iddiaçıya 990 manat ödəniş olunmışdır. Hazırda iddiaçı dəymiş ziyanın əvəzi olaraq 2500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdehin nümayəndəsi isə iddiaçıya sığorta ödənişinin ödənildiyini bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, keçirilmiş ekspertizanın nəticəsinə görə avtomobilə dəyən ziyan 1690 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi və iddiaçıya ödənilmiş 990 manat sığorta ödənişini nəzərə alaraq hesab edir ki, dəymiş zərərin əvəzi olaraq 700 (1690-990=700) manat məbləğdə pul "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASCdən vurulmuş maddi ziyana görə 700 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizasının xərci olan 100 manat cavabdeh "xxxx" ASC-yə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Xalq Sığorta ASC-dən “Nissan Sunny” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, sedan tipli avtomobilə dəymiş maddi ziyana görə 700 (yeddi yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh Xalq Sığorta ASC-dən İddiaçı xeyrinə tutulsun. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat cavabdeh Xalq Sığorta ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar