Məhkəmə qərarları › İş №2(004)-857/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-857/2021

29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-857/2021 29.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-822/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tərəfindən hər ay hər bir uşağa görə ödənilən 300 manat, cəmi 600 manat məbləğində alimentin azaldılaraq hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-822/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və qətnamə alimentin məbləğinə aid hissədə dəyişdirilmiş və hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin vaxt İddiaçı Müdafiə Sənayesi Nazirliyində nazirin müşaviri vəzifəsində işləyirdi və aylıq gəliri 1471 manat idi. Lakin hal-hazırda işsizdir. Bu səbəbdən də hər uşaq üçün hər ay 300 manat alimenti ödəməkdə çətinlik çəkir. Hal-hazırda bir uşağın saxlanma xərcləri 170 manat müəyyən edilib. Bu səbəbdən də alimentin məbləğinin azaldılması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-822/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dair iddia tələbi qismən təmin edilərək xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə alimentin məbləğinə aid hissədə dəyişdirilərək, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşaq üçün 300 manat, ümumilikdə hər ay 600 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd etmək lazımdır ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında göstərildiyi kimi, məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki,, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-822/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin azaldılaraq 170 manat müəyyən edilməsi uşaqların saxlanılması və əvvəlki yaşayış səviyyəsinin təmin olunması üçün yetərli deyildir. Bu səbəbdən, həmçinin iddia tələbi kifayət qədər əsaslandırılmadığına görə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olub rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-822/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tərəfindən hər ay hər bir uşağa görə ödənilən 300 manat, cəmi 600 manat məbləğində alimentin azaldılaraq hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat müəyyən edilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar