Məhkəmə qərarları › İş №2(004)-864/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-864/2022

14.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-864/2022 14.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 23.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri, 22 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 21.04.2018ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlu izahat verərək bildirir ki, iddiaçı Cavabdeh ilə yaxın dostu Elçin Əsədov vasitəsilə tanış olmuşdur. Belə ki, dostu Elçin Əsədov barədə Sumqayıt polis idarəsində olan şikayəti bağlamaq məqsədilə aralarında sevgi münasibəti olduğundan Cavabdeh ona 5000 manat pul vermişdir. O da həmin pul ilə Elçin Əsədov barədə olan şikayəti geri götüzdürmüşdür. Bundan sonra, Elçin Əsədov başqa bir iş ilə əlaqədar olaraq həbs edilmiş, Cavabdeh ondan şikayət etmişdir və o, ona həmin 5000 manatı geri qaytarmışdır. Bu hadisədən beş gün sonra Fərqanə ona bildirmişdir ki, Elçin Əsədov barədə şikayətini geri götürməyəcək və ona aralarında 30000 manatla əlaqədar kredit müqaviləsi bağlamaq barədə şərt qoymuşdur. O da dostunu qurtarmaq üçün razı olmuşdur. Faktiki olaraq aralarında heç bir məbləğdə pulun alış-verişi olmamış, həmin kredit müqaviləsində göstəriləcək məbləğ nə əlbəəl, nə də ki, notariusun hesabına mədaxil və məxaric olunmadan bağlanacaqdı. 22.04.2018-ci il tarixdə Bakı şəhəri 22 saylı notariat kontorunda aralarında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən guya Cavabdeh ona 30000 manat məbləğində borc pul verməyi, o isə öz növbəsində həmin pulu 21.09.2018-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bildirmək istəyir ki, həmin pul məbləği nə əlbəəl nə də ki, notariusun hesabına mədaxil və məxaric olunmadan kredit müqaviləsi bağlanmışdır. Yəni faktiki olaraq digər münasibətləri pərdələmək məqsədilə belə bir müqavilə bağlamışlar. Həmin müqavilənin müddəti bitmədən Cavabdeh kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və Binəqədi rayon Məhkəməsinin 2(001)-4938/2019 saylı, 14.08.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və 30000 manat məbləğində pulun ondan tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icraatda onun iştirakı təmin edilmədiyindən sonradan o, həmin qətnamədən apellyasiya şikayəti, daha sonra isə kassasiya şikayəti versə də, kredit müqaviləsinin mövcudluğu ona bildirilərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində iştirak edə bilmədiyindən hazırki iddia tələbi ilə də qarşılıqlı iddia formasında müraciət edə bilməmiş və sübutlarını təqdim etməkdən məhrum olumuşdur. Hazırki tələbi müqavilənin ləğvidir. Hesab edir ki, kredit müqaviləsi ləğv edilməli və həmin kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməlidir. Tələb ilə bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən həmin məktuba heç bir cavab verilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddianı qəbul etmir. Eyni məsələ ilə bağlı məhkəmədə kifayət qədər izahat vermişdir. Qanunun tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş edir və məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında 21.04.2018-ci il tarixdə 22 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinin surətinə əsasən Cavabdeh İddiaçı 21.09.2018-ci il tarixədək qaytarmaq şərti ilə 30000 manat borc vermişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-4938/2019 saylı, 14.08.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı 30000 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2730/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin 2(001)-4938/2019 saylı, 14.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin yuxarı instansiya məhkəməsi qeyd edir ki, müqavilə azadlığı və onun təfsiri cavabdehin faktiki borc almadığı əsası ilə tələbin rədd edilməsini istisna edir. Belə ki, qanunvericilik müqavilə müddəalarının və forma müxtəlifliyinin azadlığını və bəyənmə meyarlarını müəyyən edir. Tələb üzrə istinad edilən müqavilə və ya öhdəlik mübahisələndirilməmiş, hətta başqa bir əqdi pərdələmək üçün olsa da tərəflər buna razılaşmış və qəbul etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3159/2021 saylı, 21.06.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı onunla Cavabdeh arasında bağlanmış 21.04.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 5 ay ərzində qaytarmaq şərtilə 30000 manat məbləğində borc vermişdir. Daha sonra qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən İddiaçı 30000 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı kredit müqaviləsinin ləğv edilməsi və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə müqavilənin ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında Bakı şəhəri, 22 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 21.04.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında Bakı şəhəri, 22 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 21.04.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar