Məhkəmə qərarları › İş №2(004)-894/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-894/2023

22.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-894/2023 22.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 avqust 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat məbləğində alimentin və 3 yaşına çatanadək onun saxlanılması üçün 100 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikaha girmədən ailə qurmuşdur. Yaşadığı müddətdə qızı X2 anadan olub. Lakin övladları anadan olandan sonra bəzi narazılıqlara görə onlar ayrılmalı oldular. O, atalıq verməkdən imtina edirdi. 22 sentyabr 2022-ci ildə cavabdeh atalıq verməyə razılıq verdi. Aliment tələbinə görə məhkəməyə müraciət etməmişdən qabaq ilkin mediasiya sessiyasında iştirak etmək üçün cavabdehi şəxsi dəvət etdilər, lakin aliment verməkdən boyun qaçırdı. Hal-hazırda heç bir yerdə işləmir, ona görə ki, uşaq körpədir. Uşağı saxlamaq üçün maddi cəhətdən əziyyət çəkir. Ona görə də, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun 2019-cu il tarixdə cavabdeh ilə toyu olmuş, onunla faktiki nikah münasibətlərində yaşamış, 2020-ci ilin avqust ayında uşağı anadan olmuşdur. Tərəflər arasında münasibətlər pisləşdiyindən, iddiaçı 2021-ci ilin mart ayında ata evinə geri qayıtmışdır. 2021-ci ildən ayrı yaşayırlar, bu günə kimi cavabdeh uşağa baxmır və aliment ödəmir. Özü heç bir yerdə işləmir, özü təkbaşına uşağa baxır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizəsi ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, aliment ödəməyə etiraz etmir, lakin iddia ərizəsində qeyd edilən məbləği ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, ikinci dəfə ailə qurmuş və həmin nikahdan iki övladı var. Özü işləyir və 627 manat məbləğində əmək haqqı alır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərində yaşamış, həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər hazırda ayrı yaşayır və uşaq anasının himayəsində qalır. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və uşağın saxlanılması üçün aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh azyaşlı övladı xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat məbləğində alimentin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia 2023-cü il tarixdə icraata daxil olmuşdur, həmçinin iddiaçının iddia tələbi 193 manat olduğundan hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə aliment məbləğinin 193 manat müəyyən edilməsi qərarına gəlmişdir. Məhkəmə eyni zamanda odu da qeyd edir ki, uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsi uşağın saxlanılması üçün qeyd edilən miqdarda aliment tutulması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə iddia tələbinin Cavabdeh azyaşlı övladı xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək onun saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı uşağın 3 yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar