Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-932/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 və "xxxx" ASC cəlb olunmaqla Cavabdeh ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 05.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh ASC-dən 25000 manat mənəvi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olan 165 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirir ki, Cavabdeh ASC-nin işçisi X4 23 sentyabr 2013-cü il tarixdə saat 10:00 radələrində idarə eldiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi L200” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər Nərimanov rayonu Heydər Əliyev prospekti ilə “Koroğlu” melrostansiyası istiqamətində saatda 50 kilometr sürətlə hərəkətdə olarkən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində iddiaçının oğlu Rəhimov Kamil ölmüşdür. Belə ki, Şirin Əliyev həmin prospektdə yerləşən 74 saylı ünvanın qarşısına düşən yol hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə dair tələbləri pozaraq, piyada X3 yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçdiyini gördükdə avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün lazimi lədbir görməyərək, idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə Kamil Rəhimlini vuraraq, ehtiyatsızlıqdan onun sağlamlığına baş-beyin toxumasının əzilməsi, kəllə qapağı sümüklərinin kəllə əsasına keçən xətti sınıqları kimi həyat üçün təhlükəli olan və ölümü ilə birbaşa səbəbli əlaqədar olan ağır zərər vurmaqla ölməsinə səbəb olmuşdur. Həmin hadisə ilə əlaqədar cinayət işi açılmış, Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli 1(005)-267/2013 nömrəli hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm 29 dekabr 2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçının oğlu öldüyünə görə ona mənəvi zərər dəymişdir. Mənəvi təzminatın həcmi müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi nəzərə alınmalıdır. Baş vermiş cinayət hadisəsi nəticəsində yaxın qohum sayılan övladının faciəvi şəkildə ölməsindən sonra hər gün iztirablara məruz qalır. Tək oğlu olduğundan, onu bir daha görə bilməyəciyini dərk etdiyindən iddiaçı acizlik çəkir, sarsıntılar keçirir. Bu hal hər gün baş verdiyindən iztirabları davamlı xarakter daşıyır. Başqalarının oğlunu, toyunu, oğul övladlarını görmək çox ağır gəldiyindən hadisədən 8 il keçməsinə baxmayaraq çəkdiyi iztirablar yüngülləşməmişdir.Əlavə olaraq bildirir ki, tələb olunan məbləğ analoji işlərdə vardır. Tələb olunan məbləğ cavabdehin əmlakı qarşısında cuzi məbləğdir. Varislik məsələsinə gəldikdə isə həmin məsələnin hazırki vəziyyətə aidiyyəti yoxdur. Belə ki, ata sağdır. Əgər ata sağ olmasaydı və onun yerinə başqası müraciət etsəydi cavabdehin nümayəndəsinin mülahizəsi mübahisələndirilə bilərdi. Suala cavab olaraq bildirir ki, onun çəkdiyi iztirabların sübut edilməsinə ehtiyac yoxdur. Bir ata üçün övladının itirilməsi kifayət qədər ağırdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, iddianı rədd edir. Mərhuma rəhmət, iddiaçıya da səbr diləyir. Mənəvi zərərlə bağlı Ali Məhkəmənin Plenum qərarına istinad edir. Həmin qərarda isə göstərilir ki, mənəvi zərər şəxsiyyətlə bağlı olduğu üçün hüquqi varisliyə yol verilmir. Bu gündəlik həyatda rastlaşılan hadisələrdir. Statistikaya görə il ərzində bu cür yol qəzalarında minlərlə adam vəfat edir. Əlavə olaraq qeyd edir ki, Cavabdeh ASC tərəfindən yas mərasiminin xərcləri qarşılanmışdır, ölən şəxsə görə sığorta pulu ödənilmişdir. Suala cavab olaraq bildirir ki, hadisəni törədən avtomobil sürücünün deyil, müəssisənin avtomobili olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 267/2013 saylı, 09.12.2013-cü il tarixli hökmün təsdiq edilmiş surətinə əsasən X2 Kamil Eldar oğlunun ölümü ilə nəticələnən hadisədə AR CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə dörd il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin məhkmə tərəfindən müəyyən edilmiş halları odur ki, X6 nəqliyyat vasitəsini idarə edərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan X1 həyat üçün təhlükəli olan və ölümü ilə birbaşa əlaqəli olan zərər vurmaqla onun ölümünə səbəb olmuşdur. Məhkəmənin hömü ilə X6 təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hadisə baş verən zaman X6 Cavabdeh ASC-də sürücü vəzifəsində işləmişdir. Hazırda iddiaçı Cavabdeh ASC-də işləmiş X4 təqsirli hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 25000 manat məbləğində pulun Cavabdeh ASC-dən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə mənəvi zərər üzrə varisliyə yol verilmədiyini və yas mərasimində çəkilən xərclərin və sığorta haqqının ödənildiyini bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının mənəvi sarsıntı keçirməsi övladının faciəvi şəkildə ölməsinin onda səbəb olduğu mənfi psixi reaksiyada ifadə olunur. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının övladının Cavabdeh ASC-nin əməkdaşı X4 təqsiri nəticəsində ölməsi İddiaçı yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə hesab edir ki, övladının vəfat etməsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və övladının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, müəyyən qədər təsəlli ala bilər. Lakin məhkəmə onu da qeyd edir ki, iddiaçı baş vermiş hadisədən ağlabatan müddət ərzində deyil, 9 il sonra mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu da təzminatın həcminin azaldılmasına təsir edən amil kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının övladının çox gənc yaşda vəfat etməsini, onun yeganə oğul övladı olmasını, bu cür gözlənilməz itkinin onun valideyninə verdiyi sarsıntını və mənəvi iztirabı, iddiaçının yaşını və maddi vəziyyətini, eləcə də zərərə görə məsul olan Cavabdeh ASC-nin maliyyə vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən dəymiş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, sığorta ödənişi və yas mərasimi üçün ödənilən pul maddi zərərin qarşılanması məqsədilə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Azərsu” ASC-dən 20000 (iyirmi min) manat mənəvi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 150 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 20000 (iyirmi min) manat mənəvi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-932/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-932/2022
15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver