Məhkəmə qərarları › İş №2(004)-942/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-942/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-942/2022 04.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Niva” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlə əlaqədar olaraq 1940 manat sığorta məbləğinin və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1980 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 avqust 2021-ci il tarixində saat 12:02 radələrində Bakı şəhəri, Ziya Bünyadov prospekti, 20 yanvar döngəsində ona məxsus “Niva” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC-də sığortalanmış “LEXUS GS350” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili tərəfindən vurulmuşdur və maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası DİN DYP-nin əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixində İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. İXR ******* saylı protokola əsasən “LEXUS GS350” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 AR inzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən inzibati xəta törədilməsində təqsirli bilinərək cərimə edilmişdir. Həmin inzibati protokol qanuni qüvvəsini almışdır. Ona məxsus “Niva” markalı **- SY-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunmuşdur. Təmir xərci 1940 manat təşkil etmişdir. Bunu "xxxx" MMC-nin 01 sentyabr 2021-ci il tarixli qüsur aktı da təsdiq edir. Hadisədən sonra "xxxx" ASC-yə sığorta ödənişi üçün müraciət etsə də müraciəti bugünə kimi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə izahatları və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İXP ******* saylı İnzibati Xəta haqqında protokola əsasən “LEXUS GS350” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 AR inzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən inzibati xəta törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 01 sentyabr 2021-ci il tarixli qüsur aktına əsasən “Niva” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 1940 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən “Niva” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 830 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2021-ci il tarixində AR inzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması haqqında Arayışdan görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2021-ci il tarixdə “LEXUS GS350” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 2236 nömrəli “Sığorta ödənişinin verilməsinə dair Bildiriş”də qeyd edilmişdir ki, 12 avqust 2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı “Lada 21214” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 830 manat məbləğində hesablanmışdır. Hesablanmış zərər məbləğini səlahiyyətli orqanın sığorta hadisəsi hesab edilə bilən halın qeydə alınması barədə arayışından sonra əmlakın təmirinə, bərpasına və ya faydalanan şəxsə ödəməyə hazırdır. İş materiallarında olan "xxxx" MMC-nin 20 aprel 2022-ci il tarixli, 24 nömrəli “Avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən “VAZ 2121” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləği 1790 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında veridkləri izahatlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış LEXUS GS350” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, İddiaçı idarə etdiyi “Niva” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin hadisə X1 təqsiri səbəbindən baş vermiş və İXP ******* saylı İnzibati Xəta haqqında protokola əsasən “LEXUS GS350” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 AR inzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən inzibati xəta törədilməsində təqsirli bilinərək TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 20 aprel 2022-ci il tarixli, 24 nömrəli “Avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən “VAZ 2121” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləği 1790 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən iddiaçıya məxsus “Niva” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1790 (min yeddi yüz doxsan) manat və ödənilmiş 37,90 (otuz yeddi manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 40 manat məbləğində deyil, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 37,90 manat məbləğində cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 80 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən iddiaçıya məxsus “Niva” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1790 (min yeddi yüz doxsan) manat və ödənilmiş 37,90 (otuz yeddi manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 80 (səksən) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar