Məhkəmə qərarları › İş №2(004)-954/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-954/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-954/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 20.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, avtomobilə vurulmuş ziyana görə ödənilmiş 212,4 manat məbləğində sığorta ödənişinin,500 manat işlərin görülməsi xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 742,4 manat məbləğində pulun Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X3 arasında 01.12.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Setra S215 HD avtobus” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 19.06.2019-cu il tarixdə “Setra S2İ5 HD avtobus” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Mərdəkan yolunda yolnəqliyyat hadisəsi törətmiş və “Volkswagen Polo” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 212,40 (iki yüz on iki manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ DYPŞ-dən ünvanımıza 19.06.2019cu il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Xəzər RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi 20.07.2019-cu il tarixli, 055-14726-1219 saylı arayışa əsasən cavabdeh X3 yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı “xxxx” ASC 10.12.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək mülki iş üzrə bütün məhkəmə iclasılarına iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan ******* nömrəli, 19.06.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh 19.06.2019-cu il tarixdə “Setra S215 HD avtobus” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edərkən AR İXM-nin 327.6-cı maddəsi üzrə inzibati xəta törətmişdir. İş materiallarında olan 01.12.2018-ci il tarixli, PAA********** nömrəli sığorta müqaviləsinə dair məlumata əsasən “Setra S2İ5 HD avtobus” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən “xxxx” ASC-də 01.12.2018-ci il tarixdən 01.12.2019-cu il tarixədək sığorta edilmişdir. İş materiallarında olan 30.072019-cu il tarixli sığorta ödənişi aktına əsasən “xxxx” MMC-yə məxsus “Volkswagen Polo” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 01.03.2019-cu ildən 01.03.2020-ci il tarixədək “xxxx” ASC-də sığortalanmışdır. “xxxx” ASC tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 212,40 manat “xxxx” MMC”-yə ödənilmişdir. İş materiallarında olan “Euro Style” LTD-nin 20.06.2019-cu il tarixli, 1868 nömrəli qüsur aktından müəyyən edilir ki, 2019-cu il buraxılışlı, “Volkswagen Polo” markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 212,4 manat tələb olunur. İş materiallarında olan Xəzər Rayon DYPŞ tərəfindən verilmiş 20.07.2019-cu il tarixli arayışa əsasən “Setra S215 HD avtobus” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətində olsa da 19.06.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən etibarnamə ilə idarə edilmişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 24.10.2019-cu il tarixli arayışa əsasən 19.06.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMCyə məxsus “Volkswagen Polo” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın bərpası üçün 212,4 manat tələb olunur İş materiallarında olan 04.10.2019-cu il tarixli ödəniş tapşırığına əsasən “xxxx” ASC tərəfindən “xxxx” MMC-nin hesabına 212,4 manat ödənilmişdir. İş materiallarında olan 14.11.2019-cu il tarixli, 016784 nömrəli ödəniş tapşırığına əsasən “xxxx” ASC tərəfindən “xxxx” ASC-nin hesabına 212,40 manat ödənilmişdir. İş materiallarında olan 23.04.2021-ci il tarixli, 9/1397 saylı ekspert rəyinə əsasən, “Euro Style” LTD-nin təqdim etdiyi 20.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Volkswagen Polo” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin qiyməti hadisə baş verən tarixə təxminən 180 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “Setra S215 HD avtobus” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olsa da Cavabdeh tərəfindən idarə olmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “xxxx” MMC-nin mülkiyyətində olan “Volkswagen Polo” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin təmir xərcləri üçün sığortaçı “xxxx” ASC tərəfindən 212,4 manat “xxxx” MMC-yə, həmin məbləğin əvəzi isə iddiaçı “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə ödənilmişdir. Ekspertin rəyinə əsasən hadisə nəticəsində “Volkswagen Polo” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 180 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iş materialların əlavə edilmiş sübutları və ekspert rəyini nəzərə alaraq qeyd edir ki, vurulmuş zərər, yəni təmir-bərpa işlərinin əvəzi olan 180 manat məbləğində pul subraqasiya qaydasında Cavabdeh tutulmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 180 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 180 manat hissədə təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manatı cavabdehə, qalan hissəsi isə iddiaçıya aid edir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 180 (yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 (on beş) manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə əmtəəşünasliq ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar