Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-959/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh Rafiq qızına qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh Rafiq qızına qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağışlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırışdır ki, cavabdeh doğma qızıdır. Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanındakı həyət evini 2013-cü ildə almışdır. Evdə qızı ilə qalırdı. Sonradan yaşlı adam olduğunu fikirləşərək, evi qızının adına keçirmək qərarına gəlmişdir. Beləliklə, xx.xx.2018-ci il tarixində bağışlama müqaviləsi ilə notarial qaydada öz evini qızı Sonaxanıma bağışlamışdır. Sonaxanım hüquqşünaslardan öyrənib ki, bağışlama müqaviləsinin ləğv olunma üçün mübahisələndirmə müddəti bir ildir. Ona görə müqavilədən bir il ötdükdən sonra ona münasibətini tamamilə dəyişmişdir. Belə ki, ona bildirmişdir ki, “köç oğlungildə yaşa, mən bu evi satacağam”. Demişdir ki, “ay qızım, öz evim ola-ola mən, niyə başqa yerdə qalmalıyam. Oğlumgildə arabir gedib qonaq qalıram. Daimi yaşamaq üçün mənə yalnız öz evim münasib və rahatdır.” Göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qızı Sonaxanıma bağışladığı evi geri qaytarmaq istəyir. Qızı Sonaxanım ona, öz yaşlı anasına baxmır, onu çölə atmaqla hədələyir, evi satmaq istəyir. Halbuki, ona ayrıca ev (faktiki ünvanı göstərilən), avtomobil almışdır. Heç vaxt bilməzdi ki, ona qarşı belə nankorluq edər. Cavabdeh Rafiq qızı iddia ərizəsinə etiraz edərək, eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, sözü gedən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-151-ci maddələrinin tələbləri kobud şəkildə pozulmaqla, məhkəməyə təqdim edilmişdir. İddiaçı mülki-prosessual qanunvericiliyin tələblərinə riayət etməyərək, iddia ərizəsini məhkəməyə təqdim etmiş, bununla da işni bitmiş hesab etmişdir. İddia ərizəsində qeyd edilmiş bütün fikirləri böhtan, şər kimi qiymətləndirir və bunlarla razılaşmır. Bəzi şəxslər yaşlı anasını iddiaçıya çevirməklə və ondan istifadə etməklə, onu qabağa verməklə əslində bilavasitə özlərinin ona qarşı nifrətlərini ortaya qoymuşlar. Məqsədləri isə müxtəlif şər, böhtan atmaqla və ya məhkəməyə müraciət etməklə, hədə-qorxu ilə təsir və təzyiq etməklə ondan müvafiq maddi gəlir əldə etməkdir. Məhz, elə bu səbəbdən, həmin şəxslər,əvvəllər, şəxsən onun özünə əsassız müraciətlər etdikdən,hədə qorxu ilə nə isə əldə etməyə çalışaraq bir nəticə əldə edə bilmədikdən sonra, bu dəfə yaşlı analarını qabağa verməklə, onu hazırkı gülünc və biyabırçı, şablon və paradoksal iddia ərizəsi ilə məhkəməyə müraciət etdirmişlər. Bildirir ki, 1998-ci ildə 9-cu mikrorayonda yerləşən evlərini satıb, anası ilə birlikdə, qardaşı isə həyat yoldaşı və oğlu ilə ayrı-ayrı ünvanlarda yaşamağa başlamışlar. Həmin vaxtdan anasını işləməyə qoymayaraq, işləyib ona baxmışdır. 2001-ci İldə ailə qurmuş və 2002-ci ildə qızı X5 anadan olmuşdur. X11 küçəsində yerləşirdi və plana düşdüyü üçün evi söküb pul vermişər. Anası da ona payına düşən pulu vermiş və demişdir ki, “nə istəyirsən elə, istəyirsən pulu xərclə, İstəyirsən avtomobil al, İstəyirsən ev al, öz işindir.” O da, həmin pula Xırdalan şəhərində ev almış, anasına isə 7-ci mikrorayonda ayrı 2 otaqlı ev almışdır. Köçən zaman anası ona demişdir ki, “mən Nərgizsiz qala bilmərəm, istəyirəmki, Nərgiz mənimlə qalsın.” Qızı Nərgiz həmin vaxtdan istəyinə uyğun olaraq onunla yaşamışdır. 2011-ci İldə anası öz istəyinə uyğun olaraq 7- ci mikrorayondaki həmin evi satıb onun köməyi ilə birgə Xırdalan şəhəri, 26-cı məhəllə, 193 nömrəli evə köçmüşdür. Həmin ev 3 otaqlı bir həyət evidir, balaca avtomobil belə daxil olmayan həyəti var və orada qızı ilə birgə yaşayıblar. Özü isə Xırdalan şəhəri 27-ci məhəllə bina 13b, mənzil 21-də ayrı yaşamışdır. Amma, 1998-ci ildən anasına baxdığı üçün və həm də daha sonra qızı da anası ilə birgə yaşadığı üçün hər gün onların yanına gedib gəlmiş, bütün maddi və sosial problemlərini həll etmişdir. 2013-cü ildə anası işemik insult keçirmiş, həmin vaxtdan bilavasitə onun dəstəyi və qayğısı llə ildə iki dəfə kompleks müalicə almışdır. Hazırkı mübahisə predmeti olan evi aldığı gündən anası demişdir ki, bu ev nəvəsi Nərgizindir. 2018-ci ildə bir neçə ay ərzində ona deyirdi ki, “bala, mən yaşlanmışam, xəstəyəm, ömürə vəfa yoxdur, bu gün varam, sabah yox, uzun illərdir ki, mənim əziyyətimi çəkirsiniz, ana-bala, sən də, Nərgiz də, nə qədər sağam, gedək notariat kontorunda, evi bağışlama müqaviləsi ilə keçirdim sənin adına, sən də zamanı çatanda verərsən həmin evi Nərgizə.” Ürəyinə pis gəlmiş və demişdir ki, “ana, Allah sənə ömür versin, çox yaşa, qalıb da, evdir də, nə qaça-qaçdır axı.” Anası isə təkidlə demişdir ki, “xeyr, gedək evi bağışlayım sənə, sonra rahat olum.” Beləliklə, bilavasitə anasının təkidi ilə xx.xx.2018-ci il tarixində 8 saylı “Səyyar Asan xidmət” mərkəzindəki notariat kontorunda bağlanmış bağışlama müqaviləsinə görə, anası ünvan 1 ünvanında yerəşən ümumi sahəsi 44,2 kv/m, yaşayış sahəsi 33.4kv/m, yardımçı sahəsi 10.8 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən göstərilən hissəni hər hansı bir şərt qoymadan,qiymətləndirmədən hədiyyə alan olaraq onun mülkiyyətinə vermişdir. 2018-ci İldə yenə də anasının təkidi və bilavasitə özünün razılığı ilə qızı anasının evinə qeydiyyata salınmışdır. Hazır ki problemin kökündə isə qardaşı X7 və onun ailə üzvləri durur. Belə ki, anası 1998-ci ildə 9-cu mikrorayonda yerləşən evi satıb qardaşına Süleyman Rəhimov küşəsi, dalan 1, ev 8 ünvanında yerləşən evi almışdır. Bir daha qeyd edir ki,1998-ci ildən hazırkı vaxta qədər anasına o baxımış, qardaşı həyatı boyu anası ilə qətiyyən maraqlanmamış və onun hər hansı bir problemini qarşılamamışdır. Qardaşının 2 evi vardır, biri Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşir, digəri isə Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşir.Anası bilavasitə qardaşının və onun ailə üzvlərinin təhriki və öyrətməsi ilə xx.xx.2020-ci il tarixdə onunla münasibətləri korlayaraq onu evdən qovmuşdur. Daha sonra anası və qardaşı Rüfət Əliyev ona bağışlanan evin kilidini dəyişmiş, anasını da öz evinə aparmışdır. İndi də iddia edirlər ki, güya anasını qovmuşdur və evə buraxmır.Faktiki olaraq isə, kilid dəyişdirildiyi və və açarlar qardaşında olduğu üçün özü həmin evə daxil ola bilmir. İddia ərizəsində qeyd edilir ki, güya, dövlət nömrə nişanı **- TE-*** olan,İX35 markalı avtomobili ona anası alıb. Bu ağ yalandır. Özü sənətçi, incəsənət xadimidir, işləyir, verilişlərə çıxır, el şənliklərində və tədbirlərində iştirak edir, alın təri ilə, halal yolla zəhmət çəkərək pul qazanır. Anasının maddi dəstəyinə ehtiyacı yoxdur, heç vaxt da olmayıb. Beləliklə, fakt və xüsusatları təhrif etməklə məhkəməyə təqdim edilmiş absurd iddia ərizəsindən, yuxarıda qeyd etdiyi fakt və xüsusatlardan aşkar surətdə bəlli olur ki, heç bir vicdansızlığa və ya qanunsuzluğa yol verməmiş, üzərinə düşən övladlıq vəzifəsini və borcunu həmişə vicdanla yerinə yetirməyə çalışmışdır. İddiaçının hüququnun pozulmasına səbəb olacaq hər hansı bir qanunsuz əmələ və ya hərəkətə yol verməmişdir. Əksinə, iddiaçı özü, oğlu olan ögey qardaşının təhriki ilə bagişlama müqaviləsinin ləğvi üçün iddia ərizəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini, özünün və iddia ərizəsində qeyd və ya etiraf etdiyi kimi üzrsüz səbəbdən ötürdükdən sonra vermişdir ki, bu halda hazırki İddianin təmin olunmasını mümkünsüz edir. Odur ki, hesab edir ki, iddiaçının ona qarşı iddiası ilə bağlı iddia müddəti tətbiq edilməli və həmin iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 8 saylı “Səyyar Asan xidmət” mərkəzində Notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verən X1 rayonu,Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanında yerəşən ümumi sahəsi 44,2 kv/m, yaşayış sahəsi 33.4kv/m, yardımçı sahəsi 10.8 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən göstərilən hissəni hər hansı bir şərt qoymadan,qiymətləndirmədən hədiyyə alan Cavabdeh Rafiq qızının mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər.Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 673.1-ci maddəsinin tələblərinə görə hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 674.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilir ki, “MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Daha sonra Qərarda qeyd olunmuşdur ki, “Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminatəldə edilməsi ilə bağlı olmamalıdır.” Digər tərəfdən Cavabdeh Rafiq qızı məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək hazırki iş üzrə iddiaçı tərəfindən iddia müddəti buraxıldığından iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 673.3-cü maddəsinə görə imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, X4 tərəfindən mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerəşən ümumi sahəsi 44,2 kv/m, yaşayış sahəsi 33.4kv/m, yardımçı sahəsi 10.8 kv/m olan 3 otaqlı fərdi yaşayış evi qızı Cavabdeh Rafiq qızına bağışlanılmışdır. Hazırki tələbi ilə iddiaçı müvafiq müqavilənin onun hüquqlarını pozduğunu iddia edərək onun ləğv edilməsini xahiş etmişdir.Halbuki mülki qanunvericiliyin tələblərindən görünür ki, bağışlama müqaviləsinin ləğv edilməsinə hər hansı bir əsas mövcud deyildir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin, iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 10 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-959/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-959/2021
16.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver