Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-974/2025 28.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “əmək kitabçasının verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “əmək kitabçasının verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən işdən çıxmasına baxmayaraq işəgötürən qismində cavabdeh orqan tərəfindən onun əmək kitabçası təqdim edilməmişdir. Bu səbəbdən, iddiaçı həmin tarixdən etibarən başqa iş yerində işə düzələ bilməmişdir. Nəticədə, xx.xx.2021-ci il tarixdən etibarən hər ay üzrə 800 manat olmaqla ümumilikdə 38.400 manat maddi zərər və 10.000 manat mənəvi zərər vurulmuşdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə baxış iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə məhkəməyə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək iddiaçının xx.xx.2021-ci il tarixdən işdən çıxmasını, onun əmək kitabçasının cavabdeh orqanda saxlanılmasını bildirmiş, lakin əmək kitabçasına müvafiq qeydlərin Səhiyyə Nazirliyi tərəfindən aparılmasının zəruriliyini əsas gətirərək məhz bu səbəbdən, kitabçanın təqdim edilməsinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən (müvafiq dövrün redaksiyasına əsasən), əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqıhesabı (istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 2-ci bəndinə əsasən, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə araşdırması zaman müəyyən edilir ki, İddiaçı 7 saylı təsərrüfat hesablı stomotoloji poliklinikasının baş həkimi vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdə həmin poliklinika öz fəaliyyətini dayandırmış və həmin tarixdə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir. İddiaçının əmək kitabçası hal-hazıradək işəgötürən Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi tərəfindən ona təqdim edilməmişdir (göstərilən xüsusatlar mülki işin mübahisəsiz halıdır). Bununla da, cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin dispozitiv şərtləri pozulmuşdur. Cavabdehin arqumentinə münasibətdə məhkəmə bildirir ki, işçinin əmək müqaviləsinə xitam verildiyi gün müvafiq qeydlər onun əmək kitabçasına daxil edilməlidir. İşəgötürənin bu vəzifəsinin istisnası yoxdur. Ola bilər ki, sonrakı illərdə struktur islahatları ilə bağlı işəgötürən Səhiyyə Nazirliyinin tabeliyindən çıxaraq TƏBİB-in tabeliyinə verilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə cavabdeh qurum məhz Səhiyyə Nzirliyinin tabeliyində olduğundan həmin vaxt müvafiq qeydləri əmək kitabçasına daxil etməklə işçiyə təqdim edə bilərdi. Hazırda mövcud olan həmin pozuntu işəgötürən tərəfindən aradan qaldırılmalı, işçinin əmək kitabçasına müvafiq qeydlər tam şəkildə aparılmalıdır. Həmin qeydlərin aparılmasının təmin edilməsi dövlət orqanlarının (cavabdeh və Səhiyyə Nazirliyi) qarşılıqlı fəaliyyəti nəticəsində mümkündür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.
3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlər yerinə yetirilmir. Vurulmuş 38.400 manat maddi zərərin ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əvvəla, iddiaçı müvafiq iş yeri ilə əmək müqaviləsi bağlamaq barədə ofertanın (təklif) məhz onun əmək kitabçasının cavabdeh tərəfindən verilməməsi nəticəsində aksept (qəbul) edilə bilməməsini sübut edə bilməmişdir. Yəni, iddiaçıya real olaraq iş təklifinin olması və bunun əmək kitabçasının olmaması səbəbindən baş tutmaması sübuta yetirilmir, bu barədə iddiaçı tərəfindən əsaslı mülahizələr bildirilməmişdir. Bundan əlavə, işçilər (fiziki şəxslər) barədə əmək münasibətlərinə dair elektron informasiya sistemində qeydlərin olması xüsusatı nəzərə alınır. Yəni, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsi xüsusatı müvafiq elektron informasiya sisteminə daxil edilir və əmək kitabçasındakı qeydlərdən və ya əmək kitabçasının mövcudluğundan asılı olmayaraq başqa işəgötürənlə əmək müqaviləsi bağlanan zaman işçinin aktiv əmək müqaviləsinin olub-olmaması müəyyən edilir. Nəzərə alınmalıdır ki, iş materiallarına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə işəgötürənə müraciət edərək əmək kitabçasının ona verilməsini tələb etmişdir. Həmçinin, mənəvi zərərin ödənilməsi ilə bağlı 10.000 manat pul tələbi hissəsində iddia əsassızdır və sübuta yetirilmir. Mahiyyəti üzrə də işəgötürən tərəfindən işçiyə əmək kitabçasının verilməməsi nəticəsində 10.000 manat miqdarında mənəvi zərərin vurulması ağlabatan və məntiqli deyildir. Nəzərə alınmalıdır ki, 4 il ərzində iddiaçı əmək kitabçasının təqdim edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməkdə sərbəst idi. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (əmək kitabçasının təqdim edilməməsi ilə bağlı hissədə) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, əmək kitabçasını təqdim etməməsinin əsaslı olmasını və ya əmək kitabçasının işçiyə təqdim edilmiş olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 235 (ki yüz otuz beş) manat dövlət rüsumun 100 (yüz) manat pul cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı əmək kitabçasına onun əmək fəaliyyəti barədə bütün məlumatlar (işə daxil olma, işdən çıxma tarixləri, əmrlərin tarixi və nömrəsi və s.) qeyd edilməklə əmək kitabçasının İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “əmək kitabçasının verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı əmək kitabçasına onun əmək fəaliyyəti barədə bütün məlumatlar (işə daxil olma, işdən çıxma tarixləri, əmrlərin tarixi və nömrəsi və s.) qeyd edilməklə əmək kitabçasının İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin üzərinə qoyulsun. Ödənilmiş 235 (ki yüz otuz beş) manat dövlət rüsumun 100 (yüz) manat pul cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fariz Əlizadə