Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1211/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «müqaviləyə uyğun mənzillə təmin olunma və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «müqaviləyə uyğun mənzillə təmin olunma və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Konstitusiya hüququnun təmin edilməsi; Cavabdeh MTK-nın cinayətkar rəhbərliyi və bu cinayətlərdə iştirak edənlərin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi; Cavabdeh MTK ilə xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən onun yeni tikili binada tam təmirli və çıxarışlı mənzillə təmin olunması; Cavabdeh MTK tərəfindən 2023-cü ilin noyabr ayından ödənilməyən və yeni mənzillə təmin olunacağı günədək lazım olan kirayə pulunun ödənilməsi; ona dəymiş maddi ziyan olan – kirayələrdə ev dəyişən zaman zədələnib yararsız hala düşmüş ev əşyalarının dəyəri 7.000 manat və ona dəymiş mənəvi ziyana görə 20.000 manat pul vəsaiti və çəkdiyi bütün məhkəmə xərclərinin Cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə onunla Cavabdeh MTK arasında imzalanan müqaviləyə əsasən ona məxsus daşınmaz əmlak – 1 mərtəbəli 1 otaqlı, bütün kommunal xidmətlərlə təchiz olunmuş evinin sökülüb, 24 ay ərzində yerində tikiləcək yeni tikili binada ona 1 otaqlı mənzil verilməli idi. Bundan əlavə Cavabdeh MTK ona veriləcək mənzil tam hazır olub ona təqdim olunan müddətə qədər hər ay 300 manat olmaqla kirayədə qalacağı mənzilin pulunu da ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin 7 il vaxt keçməsinə baxmayaraq və Cavabdeh MTK-nın həmin ünvanda 10 ədəd hündürmərtəbəli yeni bina tikməsinə baxmayaraq ona mənzil verilməmişdir. Son 5 ildə dəfələrlə Cavabdeh MTK-nın rəhbərliyindən mənzilini tələb etsə də, yalan vədlərlə aldadaraq, bəzən də ələ salınaraq oradan uzaqlaşdırılmışdır. 2023-cü ilin noyabr ayından kirayə pulu da dayandırılmışdır. Cavabdeh MTK-nın cinayətkar rəhbərliyi ona məxsus daşınmaz əmlakı etibarından sui-istifadə edərək qabaqcadan planlaşdırılmış şəkildə dələduzluq yolu ilə ələ keçirmişdir. 2023-cü ilin noyabrından kirayə pulu verilmir, kirayələrdə ora-bura daşınmaqdan ev əşyaları yararsız hala düşmüşdür. Son 7 ildə ona dəyən mənəvi ziyanı təsəvvür etmək mümkün deyil. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli FM seriyalı 006407 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü Kərpic döngəsi ünvanda yerləşən, paylı mülkiyyətdə olan 8 saylı fərdi yaşayış evinin bir yataq otağı (11,0 m2) xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır və bu barədə 198 saylı reyestr kitabının 10684 saylı səhifəsində 30/18612 qeydə alma nömrəsi ilə qeydiyyata alınmışdır. - 22 fevral 2018-ci il tarixdə tikinti şirkəti olan Cavabdeh MTK ilə əmlak mülkiyyətçisi olan İddiaçı arasında bağlanmış 084 saylı müqavilədən görünür ki, əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınmış FM seriyalı 006407 nömrəli xx.xx.2001-ci il tarixli, 30/18612 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 3-cü Kərpic döngəsi ünvanda yerləşən 144,9 m2, 1/12 paylı mülkiyyətdən (faktiki sahə - 16,3 m2) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüş; tikinti şirkəti Bakı şəhəri Nəsimi rayonu 3-cü Kərpic döngəsi ünvanda yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni coxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 19,6 m2 olan təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüş; tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və əmlak mülkiyyətçisini təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 300 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəməyi; əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəyini öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 2.2-ci bəndində tikinti şirkətinin hüquq və vəzifələri təsbit olunmuşdur. O cümlədən, müqavilənin 2.2.4-cü bəndinə əsasən tikinti şirkəti yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili əmlak mülkiyyətçisinə təhvil verməyi; 2.2.6-cı bəndinə əsasən isə həmin binada tikinti quraşdırma işləri yekunlaşdırıldıqdan sonra həmin binanı qanunamüvafiq qaydada Dövlət Komissiyasından keçirərək istismara qəbul aktının rəsmiləşdirilməsinin təmin edilməsini öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 90 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı əlavə olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə sadalanan sənədləri nəzərə alaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. İş materiallarında olan sənədlərdən göründüyü kimi İddiaçı ilə Cavabdeh MTK arasında müqavilə bağlanmış, tərəflər bir-birinin qarşısında öhdəlik və vəzifələr götürmüşlər. Lakin Cavabdeh MTK üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, müqavilə şərtlərini pozmuş, iddiaçıya təhvil verməli olduğu mənzili ona təhvil verməmişdir. Qanunvericiliyin tələblərinə görə müqavilə şərtlərinin icra etməməsinə görə məsuliyyəti müqavilə tərəfi kimi Cavabdeh MTK daşıyır və o, iddiaçı qarşısında götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 19,6 m2 sahəsi olan təmirli mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli; eləcə də, müqavilə şərtlərinə uyğun olaraq hər ay 300 manat ödənilməli olan, lakin 2023-cü ilin noyabr ayından başlayaraq hər ay 300 manat ödənilməli olan, lakin ödənilməyən kirayə pulu iddiaçı yeni mənzillə təmin olunacağı günədək ona ödənilməlidir. Bundan başqa, cavabdehdən vurulmuş mənəvi ziyana görə 500 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı cavabdehlə müqavilə bağlayarkən ümid etmişdir ki, cavabdeh işləri 24 ay ərzində vaxtında və keyfiyyətlə icra edəcək, mənzili ona təhvil verəcək və o, vaxtında mənzilə köçüb təyinatı üzrə istifadə edəcəkdir. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməmiş,bina tikilib hazır olsa da, mənzil uzun illər ərzində iddiaçıya təhvil verilməmiş, bu da istənilən insanda olduğu kimi iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, diskomfort hisslər, stress və iztirab keçirmiş, mahiyyət etibarı ilə ona mənəvi ziyan vurulmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə ağlabatan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçı ona 7.000 manat maddi ziyan vurulmasına, eləcə də maddi ziyanın məhz cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərində hər hansı cinayətin əlamətləri sezilmədiyindən, barəsində xüsusi qərardad çıxarılmaqla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi mümkün sayılmır. Belə ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilməmişdir və bu öhdəliklərin icra edilməməsi mülki cavabdehlik və maddi məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 19,6 m2 sahəsi olan təmirli mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli; müqavilə şərtlərinə uyğun olaraq hər ay 300 manat ödənilməli olan, lakin 2023-cü ilin noyabr ayından başlayaraq ödənilməyən kirayə pulu iddiaçı yeni mənzillə təmin olunacağı günədək ona ödənilməlidir. Cavabdehdən vurulmuş mənəvi ziyana görə 500 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumundan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 19,6 m2 sahəsi olan təmirli mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Müqavilə şərtlərinə uyğun olaraq hər ay 300 manat ödənilməli olan, lakin 2023-cü ilin noyabr ayından başlayaraq ödənilməyən kirayə pulu iddiaçı yeni mənzillə təmin olunacağı günədək Cavabdeh MTK tərəfindən İddiaçı ödənilsin. Cavabdeh MTK-dan vurulmuş mənəvi ziyana görə 500 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumundan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasıya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1211/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1211/2025
27.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver