Məhkəmə qərarları › İş №2(005)-10/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-10/2024

08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-10/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə birgə nikahlarından olan xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində, hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehla rəsmi nikahı olmayıb. Onunla xx.xx.2001-ci ildə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Faktiki nikahdan üç uşaqları - xx.xx.2002-ci il təvəllüdlü Kənan adlı; xx.xx.2004-cü il təvəllüdlü Dilarə adlı və xx.xx.2006-cı il təvəllüdlü Feiz adlı uşaqları var. Böyük oğlu yetkinlik yaşına çatıb və atası ilə birlikdə Moskva şəhərində yaşayır. Digər iki uşağı ilə birlikdə 2020-ci ilin avqust ayının 16-da Moskvadan İstanbula, oradan da Bakıya gəlmişlər. Cavabdeh başqası ilə ailə qurduğu və həmin qadından da bir uşağı olduğu üçün münasibətləri pozulmuşdur. Cavabdeh onları Bakıya yola saldı. Uşaqların saxlanma xərcini göndərəcəyini söz versə də verdiyi sözü yerinə yetirmədi. Dekabr ayının əvvəlində Azərbaycana gəlsə də uşaqlarla və mənimlə əlaqə saxlamadı. Onların qayğıları ilə maraqlanmadı və Rusiya Federasiyasına getdi. Mövcud pandemiya ilə əlaqədar işləmək, pul qazanmaq çətindir. xx.xx.2020-ci ildən ölkədə müharibə vəziyyəti idi. İddiaçı uşaqlarından imtina etmir, lakin onun üçün iki uşağı saxlamaq çətinlik yaradır. Cavabdeh Moskva şəhərində «Sadavod» bazarında ticarətlə məşğuldur. Onu iri ticarətçi hesab etmək olar. Çindən Moskva şəhərinə topdan mal göndərir. Moskva şəhərində vergi ödəyicisidir. Bir valideyn kimi İddiaçı ilə qalan uşaqlara münasibətdə vəzifələrini yerinə yetirmir. Uşaqların saxlanmasında, təhsilində, tərbiyəsində iştirak etmir. Hesab edir ki, cavabdehdən uşaqların saxlanması üçün aliment tutulmalı və onun qazancı qeyri-müntəzəm olduğundan aliment hər ay sabit pul məbləğində təyin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Şəhəri Nərimanov Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 507985 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 may 2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh Feyiz oğlu, anası İddiaçıdır. Bakı Şəhəri Nərimanov Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 875976 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 oktyabr 2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh Feyiz oğlu, anası İddiaçıdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X2 Cankeş Feiz oğlu və İddiaçı faktiki nikah münasibətlərindən doğulmuşlar. İddiaçı Cavabdeh uşaqların saxlanılmasında iştirak etmədiyini bildirir və uşaqların yetkinlik yaşına çatanadək saxlnaılması üçün məhkəmə qaydasında aliment tutulmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə görə, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh Rusiya Federasiyası vətəndaşı olduğuna və daimi olaraq Rusiya Federasiyasında yaşadığına görə cavabdehin iddiaya münasibətinin müəyyən edilməsi üçün xx.xx.2021-ci il tarixli qərardadla məhkəmə tapşırığının verilmiş və tapşırıq Rusiya Federasiyasının aidiyyəti orqanına çatdırılması üçün Ədliyyə Nazirliyinə göndərilmişdir. Lakin cavabdehin iddia ərizəsinə münasibətinin müəyyən olunması mümkün olmamışdır. Lakin mövcud prosessual qanunverciliyə əsasən məhkəmə tərəfindən cavabdehin məlumatlandırılması üçün qanunla müəyyən edilmiş tədbirlər gördüyü halda, cavabdehin iddiaya münasibətinin öyrənilməsinin mümkün olmaması iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına manə ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İş materialları ilə cavabdehin uşaqların atası olması sübuta yetirilmişdir. Valiyenin uşaqların saxlnaılması vəzifəsi yuxarıda qeyd edilən qanunvericilik normalarında öz əksini tapmışdır. Bu səbəbdən də məhkəmə əsas diqqəti uşaqların saxlanılmasına yönəldir və hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X5 atası olması sübuta yetirildiyindən, cavabdeh valideyn olaraq uşağın saxlanılması üçün məsuliyyət daşıdığından iddia tələbi təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 270 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə verildiyindən, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun : 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində təşkil edir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə onu da qeyd edir ki, ödənilməli alimentin bir illik məbləği 4200 manat olduğundan, ödənilməli dövlət rüsumun məbləği 62 manat təşkil edir. İddiaçı bu məbləği ödəməkdən azad edildiyindən rüsumun məbləği cavabdehdən dövlət büdcəsi üçün tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumun məbləği olan 62 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar