Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-100/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqının, son haqq-hesabın və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı işlədiyi xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək olan 6 ay 14 gün üçün 13000 manat əmək haqqı məbləğinin, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının gecikdirilməsinə görə 82720 manat faiz məbləğinin, 50 manat mediasiya təşkilatına ödənilən rüsumun, son haqq-hesabın hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı işlədiyi xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək olan 6 ay 14 gün üçün 13000 manat əmək haqqı məbləğinin, xx.xx.2022-ci il tarixdən – xx.xx.2025-ci il tarixədək olan hər gün üçün əmək haqqının gecikdirilməsinə görə əmək haqqının 1 faizi olmaqla faiz məbləğinin, 50 manat mediasiya təşkilatına ödənilən rüsumun, son haqq-hesabın hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də əmək fəaliyyətinə başlamışdır. xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddənin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan 6 ay 14 gün müddətində işlədiyi dövr üçün əmək münasibətləri dövründə və əmək münasibətlərinə xitam verildikdən sonra əmək haqqı verilməmiş, son haqq-hesab edilməmişdir. Cavabdehlə şifahi danışıqlar nəticə verməmiş, mediasiya prosesinin tətbiq edilməsi barədə təklif göndərilmiş, lakin heç bir nəticə verməmişdir. Əmək haqqı məbləği 2000 AZN olmuşdur, ödənilməmiş əmək haqqı məbləği 13000 manat (6 ay 15 gün) edir, lakin bu günədək heç bir ödəniş edilməmişdir. Eyni zamanda 82720 manat olmaqla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının iki faizi məbləğində ödənc verilməlidir. Bundan əlavə işdən çıxdığı vaxtdan bu günədək son haqq-hesab hesablanmamışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbələri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Təhlükəsizlik və Administrativ İşlər Departamentinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 126 nömrəli, xx.xx.2022-ci il tarixli əmr ilə, Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; - "xxxx" ASC-nin 30 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Təhlükəsizlik və Administrativ işlər deportamentinin Katiblik və Administrativ işlər şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 32 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 47 gün müddətində ödənişsiz məzuniyyət verilmişdir; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 43 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 33 gün müddətində ödənişsiz məzuniyyət verilmişdir; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 46 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 28 gün müddətində ödənişsiz məzuniyyət verilmişdir; - Əmək müqaviləsinə xitam verilməsi barədə 126 nömrəli, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir; - Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, "xxxx" ASC xx.xx.2023-cü il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9359 saylı ekspert rəyindən görünür ki, İddiaçı cavabdeh təşkilatda işlədiyi (xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək) dövrdə ödənilməyən əmək haqqı məbləği 1910,86 manat məbləğində müəyyən edilir. İddiaçı cavabdeh təşkilatda işlədiyi (xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək) dövr üçün əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənilməli olan ödəncin məbləği 5568,83 manat məbləğində müəyyən edilir. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, Təhlükəsizlik və Administrativ işlər deportamentinin Katiblik və Administrativ işlər şöbəsinə “mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra İddiaçı ərizəsi əsasında xx.xx.2022-ci il tarixindən ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı əmək haqqının tam şəkildə ödənilmədiyini əsas gətirərək cavabdehdən xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək olan 6 ay 14 gün üçün 13000 manat əmək haqqı məbləğinin, son haqq-hesabın və əmək haqqı ödənişinin gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixindən – xx.xx.2025-ci il tarixinədək hər gün üçün əmək haqqının 1 faizi olmaqla müvafiq məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddia müddətinin ötürüldüyünə istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23, 24-cü maddələrində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ, eləcə də məzuniyyət hüququ və son haqq-hesabın ödənilməsi və s. tələb etmək hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi). Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1 və 4-cü bəndlərinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Eyni Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyindən görünür ki, İddiaçı cavabdeh təşkilatda işlədiyi (xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək) dövrdə ödənilməyən əmək haqqı məbləği 1910,86 manat, eyni dövr üzrə əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənilməli olan ödəncin məbləği 5568,83 manat müəyyən edilmişdir. Məhkəmə icraatının gedişi dövründə, xx.xx.2024-cü il tarixdə (ekspert rəyi verildikdən sonra) cavabdeh tərəfindən iddiaçının hesabına 5000 manat pul köçürülmüşdür. Cavabdehin iddiaçıya əmək haqqı borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə ekspert rəyini nəzərə alaraq, iddanın əmək haqqının ödənilməsi hissəsində təmin edilməməsi qənaətinə gəlir. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyində əmək haqqı borcunun 1910,86 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğ isə xx.xx.2024-cü il tarixdə iddiaçıya ödənilmişdir. Bu səbəbdən iddia əmək haqqı borcunun ödənilməsi hissəsində təmin edilməməlidir. İddia ərizəsində iddiaçı 13000 manat əmək haqqı ödənilməli olduğunu bildirsə də, tələbini həmin hissədə əsaslandıra bilməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənişsiz məzuniyyətlərdə olmuşdur. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faizi məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). Adı çəkilən Qərarda həmçinin qeyd olunmuşdur ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Hazırki iş üzrə qeyd olunan şərtlər öz təsdiqini tapmış və iddiaçının haqlı olaraq cavabdehdən gecikdirilmiş əmək haqqının 1 faizi məbləğində ödənc almaq hüququ yaranmışdır. Məhkəmə əmək haqqının gecikdirilməsinə görə faiz məbləğinin tutulması ilə bağlı qeyd edir ki, ekspert rəyi ilə xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əmək haqqının gecikdirilməsinə görə ödənilməyən əmək haqqının hər günü üçün 1 faiz hesablanmaqla ödənilməli məbləğ 5568,83 manat müəyyən edilmişdir. Lakin ekspert rəyi təqdim edildikdən sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən – xx.xx.2025-ci il tarixədək hər gün üçün əmək haqqının gecikdirilməsinə görə 1 faiz olmaqla ödəncin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əmək haqqının ödənilməsi gecikdirildiyindən gecikdirilmiş hər gün üçün 1 faiz olmaqla əmək haqqının ödənildiyi günədək, yəni xx.xx.2024-cü il tarixinədək olan müddət üçün ödənc hesablanaraq cavabdehdən tutulmalıdır. Əmək haqqı ödənildikdən sonra faiz məbləğinin hesablanması isə qanunvericilik tələblərinə ziddir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Nəzərə alınmalıdır ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı). Əmək Məcəlləsinin 296-cı maddəsinin 4 və 6-cı hissələrinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Qanunun iddia müddətinin axımının dayandırılmasını müəyyən edən 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan başlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında əks olunmuş hüquqi mövqeyinə görə məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Hazırki iş üzrə iddiaçı iddia müddətinin bərpası haqqında ərizə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2907/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Daha sonra İddiaçı xx.xx.2023ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3150/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadı ilə ərizə baxılmamış saxlanmışdır. İcraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin ərizə təmin edilməmişdir. Göründüyü kimi müddət iddiaçının təqsiri səbəbindən ötürülməmişdir. Bu səbəbdən müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbini irəli sürməmişdən öncə bir neçə dəfə iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyindən, müddətin ötürülməsi üzrlü hesab edilməli, müddətin axımı mediasiyaya müraciət edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixindən dayandırılmış hesab edilməlidir. Beləliklə, hazırki iş üzrə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verildiyini, mediasiyanın tətbiqi barədə təklifin tərəfə xx.xx.2023-cü il tarixdə göndərildiyini, həmin tarixdən iddia müddətinin axımının dayandırıldığını nəzərə alaraq məhkəmə bu dövrdən əvvəlki bir il üzrə, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixinədək əmək haqqının gecikdirilməsinə görə hər gün üçün bir faiz hesablanmaqla ödəncin tutulmasını məqsədə müvafiq hesab edir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən 5000 manat pul ödənilmişdir, həmin puldan 1910,86 manat əmək haqqına çıxıldıqdan sonra yerdə qalan 3089,14 manat pul icra mərhələsində hesablanacaq faiz məbləğindən çıxılmalıdır. Ödənilməli olan məbləğin hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq məbləğin hesablanması üçün əlavə olaraq ekspertiza təyin edilməsinin işin uzanmasına səbəb olacağı, ödənilməli olan əmək haqqı məbləğinin icra məmuru tərəfindən hesablanmasının həyata keçirilməsinin mümkünlüyü nəzərə alınaraq, hesablanmalı olan dövr aralığının müəyyən edilməsi daha məqsədəmüvafiqdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 50 manat məbləğində pul ödənilmişdir və cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə mediasiya xərclərini ödəmiş tərəfin çəkdiyi xərcləri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəfdən tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.2-ci maddəsinə görə, hazırkı iddia ərizəsi üzrə 100 manat dövlət rüsumu tutulmalıdır. Bu mənada məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş 1910,86 manat əmək haqqının hər gecikdirilmiş günü üçün bir faiz məbləğində ödənc hesablanaraq (hesablanmış məbləğdən 3089,14 manat pul çıxılmaqla) iddiaçıya ödənilməlidir. Həmçinin mediasiya xərcinə görə 50 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş 1910,86 (min doqquz yüz on manat, səksən altı qəpik) manat əmək haqqının hər gecikdirilmiş günü üçün bir faiz məbləğində ödənc hesablanaraq (hesablanmış məbləğdən 3089,14 (üç min səksən doqquz manat, on dörd qəpik) manat pul çıxılmaqla) İddiaçı ödənilsin. Mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-100/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-100/2025
11.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver