Məhkəmə qərarları › İş №2(005)-1002/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1002/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1002/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 birgə nikahlarından anadan olmuş 2010-cu il tarixdən bu günədək birgə nikahımzdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması bütün gəlirlərinin 1/4 hissəsində aliment vəsaiti tutularaq ödənilməsini və Cavabdeh2 5.000 (beş min) manat aliment vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh2 qarşı iddia tələbindən imtina etdiyini bildirmiş və Cavabdeh1 tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması bütün gəlirlərinin ¼ hissəsində aliment vəsaiti tutularaq ödənilməsini və alimentin tutulmasının əvvəli iddia qaldırılan vaxtdan üç illik dövr üçün müəyyən edilərək tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, Cavabdeh1 ilə 14.02..2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon qeydiyyat şöbəsində xx xxxx 2004-cü il tarixdə nikahları rəsmi olaraq pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X1 üçün və tərbiyyəsinə sağlamlığına psixi və fiziki, mənəvi inkişafına təhsil almasına görə cavabdehdə qanunla müəyyən edilmiş qaydada vəzifələr daşıyır. Belə ki, nikahları pozulsa da, 2004-cü il tarixdən 2010-cu il tarixədək faktiki olaraq bir yerdə yaşayaraq birgə təssərüfat idarə etmişlər, lakin həmin vaxtdan aralarında soyuqluq yaranmış və bundan sonra faktiki olaraq ailə münasibətləri tamam pozulmuşdur. Bundan sonra iddiaçı tərəfimdən dəfələrlə cavavdehlərə müraciət olunsada onlar hər dəfə müxtəlif bəhanələr gətirərək maddi yardım göstərəcəklərini bildirmişlər. İddiaçı bunlara inanaraq gözləyirdi, lakin bu yaxınlarda ona məlum oldu ki, cavabdeh bu günədək yüksək gəlirli iş yerində işləyir və buna baxmayaraq maddi yardım göstərmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 izahat verərək, iddia tələbini qəbul etmiş, bu barədə ərizə təqdim edərək, alimentin son üç il həddində cavabdehin gəlirlərinin ¼ hissəsi miqdarında tutulmasına razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2005-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2005-ci ildə X3 Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2005-ci ildə 197 № ilə qeyd edilmişdir. Ona AZ-İ № 582264 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ № 030875 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş nikahın pozulması haqqında akt qeydləri kitabında xx xxxx 2004-cü il tarixdə 193 № ilə qeyd edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2004-cü il tarixdə pozulmuş, onların birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşağı iddiaçı ilə birlikdə yaşayır. İddiaçı qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı qızının maddi tələbatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddianı tam qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-cü maddəsinə əsasən məhkəmə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tuta bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdehin daimi iş yeri olduğundan və əmək haqqı aldığından aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə tələblərinə uyğun olaraq aylıq qazancından tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsini ədalətli və əsaslı hesab edir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddia tələbini qəbul edərək, ondan xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən əvvəlki 3 illik müddət həddi nəzərə alınmaqla, başqa sözlə xx.xx.2017-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlər, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 10 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh1 10 (on) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamənin alimentin tutulması hissəsindən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar