Məhkəmə qərarları › İş №2(005)-1047/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1047/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1047/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər "xxxx" MMC və İmişli rayon İcra və Probasiya şöbəsinə qarşı qiymətləndirmə haqqında hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və İmişli rayon İcra və Probasiya şöbəsinə qarşı qiymətləndirmə haqqında hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 587 saylı əmlakın qiymətləndirmə haqqında hesabatın etibarsız hesab edilməsi, əmlak kompleksinin yenidən qiymətləndirərək, həmin qiymətlə hərraca çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, İmişli Regional “ASAN xidmət” mərkəzinin notariat ofisi 8İ-5519 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən cəmi 18241,24 manat tutulması üçün "xxxx" BOKT MMC tələbi ilə ona məxsus İmişli şəhəri, H.Əliyev prospekti, dalan 1 ünvanında yerləşən evi və yerləşdiyi torpaq sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. İmişli rayon İcra və Probasiya şöbəsi 51 saylı, xx.xx.2021-ci il tarixli məktubla "xxxx" MMC-dən evin qiymətləndirilməsini xahiş etmişdir. "xxxx" MMC-nin qiymətləndirmə haqqında hesabatdan görünür ki, həmin yaşayış evinə 100000 manat qoyulmuş, ev sahibi kimi bununla razılaşmır. Həmin evin dəyəri 150000-180000 manatdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, İmişli rayon İcra şöbəsinin 51 saylı, xx.xx.2021-ci il tarixli sifarişli məktubuna və İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4788 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən aparılmış tədqiqat nəticəsində İmişli şəhəri, H.Əliyev prospekti, dalan 1 ünvanında 20 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid qiyməti 100000 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydindən görünür ki, "xxxx" BOKT MMC tələbi ilə ipoteka predmeti olan İmişli şəhəri, H.Əliyev prospekti, dalan 1 ünvanında yerləşən evi və yerləşdiyi torpaq sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4788 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələb İmişli şəhəri, H.Əliyev prospekti, dalan 1 ünvanında yerləşən evi və yerləşdiyi torpaq sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilməsi qeyd edilmişdir. İmişli rayon İcra şöbəsinin 51 saylı, xx.xx.2021-ci il tarixli sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi üçün qiymətləndirici cəlb edilmiş və "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi aparılmış və əmlakın likvid qiyməti 100000 manat müəyyən edilmişdir. Hazırda iddiaçı həmin rəylərdə müəyyən edilən əmlakın satış qiymətinin real qiymətindən aşağı olması əsası ilə həmin rəyin ləğv edilməsini xahiş etmişdir. «İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 24 noyabr 2021-ci il tarixli Qərardadında müəyyən edilir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Qeyd edilən qərardada əsasən, icra icraatı çərçivəsində notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlaka tutma yönəldildiyi zaman hərrac keçirilənədək olan dövrdə əmlakın ilkin satış qiymətinin mübahisələndirilməsi yalnız bu qiymət əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında həyata keçirilir. Hazırkı mülki iş üzrə iddiaçı isə qanunun normalarının tətbiqi təcrübəsinə ilə bağlı bu Qərardadda müəyyən edilmiş hüquqi mövqeyə zidd olaraq, əmlakın qiymətləndirilməsi ilə bağlı iddianı icra məmurunun hərəkətlərindən şikayət qaydasında ona qarşı deyil, icra məmurunun sifariş məktubu əsasında hərraca çıxarılmalı olan daşınmaz əmlakın qiymətləndirməsini həyata keçirmiş qiymətləndirici müəssisəyə qarşı irəli sürmüşdür. Halbuki, bu tələbə qeyd edilən iddia əsasında və qiymətləndirməni həyata keçirmiş müəssisəyə münasibətdə baxıla bilməzdi. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdehlər "xxxx" MMC və İmişli rayon İcra və Probasiya şöbəsinə qarşı qiymətləndirmə haqqında hesabatın etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar