Məhkəmə qərarları › İş №2(005)-1047/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1047/2024

03.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1047/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı “əmək haqqı və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 xeyrinə 7671 manat pul vəsaitinin tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, X7 uzun müddət əvvəllər AR Nəqliyyat Nazirliyinin, hazırda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində olan "Nəqliyyat Tədris Təlim Mərkəzi" MMX-də dispeçer vəzifəsində işləmişdir. Üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmişdir. MMC-yə yeni rəhbərlik təyin olunandan sonra onlara bildirildi ki, bütün işçilər işdən çıxmalıdır, bundan sonra əmək haqqları ödəniləcək. Sonra iddiaçı bir neçə dəfə əmək haqqı ödənildi, ancaq sonradan dəfələrlə müraciat etdi, ancaq müxtəlif bəhanələrlə əmək haqqları ödənilmədi. İddiaçı əmək haqqının ödənilməsi xahişi ilə mütəmadi olaraq cavabdehə müraciət etmişdir. Müraciəti ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla cavabdeh bildirmişdir ki, əmək haqqı borclarının ödənilməsi nəzarətdə saxlanılır və həmin ödənişlər təmin olunacaqdır. 2023-cü ilin mart ayında etdiyi müraciətlə bağlı xx.xx.2023-cu il tarixli məktubla bildirilir ki, cavabdehin tabeçiliyində olan "X2" MMC öz fəaliyyətini dayandırmışdır. Cavabdeh məsuliyyətdən yayınmaq üçün bu cür formal xarakterli məlumat verir. Ona görə ki, "xxxx" fəaliyyətini davam etdirir. MMC-də hazırda taksi sürücülərinə və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün təşkil olunmuş kurslar fəaliyyət göstərir. Həmin kurslarda hər ay yüzlərlə sürücülər cəlb olunurlar. Kursda təlim keçmə müddəti 1 həftə olmaqla, hər sürücüdən 277 manat məbləğində təhsil haqqı alınır. Deməli müəssisənin hesabına hər ay külli miqdarda pul vəsaiti daxil olur. AR Müdafiə Nazirliyi tərəfindən də vaxtaşırı olaraq "xxxx" MMC-yə ödənişlər edilmişdir. Mütəmadi olaraq MMC-yə müraciət etməsinə baxmayaraq, cavabdeh qəsdən əmək haqlarını ödəmir. Onun bu hərəkəti səbəbindən iddiaçı həm də əmək haqqı məbləğindən əlavə maddi və mənəvi ziyan dəymişdir. Qeyd edilən səbəbdən X6 ödənilməyən 5171 manat əmək haqqından əlavə 2500 manat maddi ziyan dəymişdir. Bu səbəbdən ona əsas məbləğ də nəzərə alınmaqla cəmi 7671 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh qanuni iddiaçının tələbindən imtina etdiyinə görə iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkikatına müraciət etmişdir. Bu barədə məlumat cavabdeha vaxtında çatdırılıb. Ancaq cavabdeh tərəfi mediasiyada iştirak etməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazla müraciət edərək bildirmişdir ki, "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı (bundan sonra-Fərman) ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində "Nəqliyyat-Servis”, "1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, "2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, "1 saylı Gəncə Regional Nəqliyyat”, "2 saylı Quba Regional Nəqliyyat”, "3 saylı Şirvan Regional Nəqliyyat”, "4 saylı Lənkəran Regional Nəqliyyat”, "5 saylı Yevlax Regional Nəqliyyat”, "6 saylı Şəki Regional Nəqliyyat”, "7 saylı Göyçay Regional Nəqliyyat”, "8 saylı Sumqayıt Regional Nəqliyyat”, "9 saylı Ucar Regional Nəqliyyat”, "10 saylı Şəmkir Regional Nəqliyyat”, "11 saylı Tovuz Regional Nəqliyyat”, "12 saylı Beyləqan Regional Nəqliyyat”, "13 saylı Cəlilabad Regional Nəqliyyat”, "14 saylı Şamaxı Regional Nəqliyyat”, "15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli xidmətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və "xxxx" məhdud məsuliyyətli xidmətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Cavabdeh1 publik hüquqi şəxs yaradılmışdır. "Nəqliyyat Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yuxarıda qeyd olunan Fərmana əsasən öz fəaliyyətini dayandırmışdır. Onu da qeyd etmək istərdik ki, İddiaçı Qanunvericiliklə müəyyən edilmiş 1 (bir) illik iddia müddətini ötürməklə məkhəməyə müraciət etmişdir ki, bu hal prosessual pozuntudur. Həmçinin iddiaçı tələb etdiyi maddi zərərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçı X4 nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddiaçının 2020-ci il tarixdə işdən çıxdığını, lakin ona əmək haqqının və məzuniyyət pulunun indiyədək ödənilmədiyini, məhkəməyə müraciət edənədək keçən müddət ərzində dəfələrlə cavabdehlə danışıqlar aparılmasına baxmayaraq cavabdehin tələb olunan məbləği ödəmək niyyəti olmadığı müəyyən edildikdən sonra məhkəməyə müraciət etmək qərarına gəldiklərini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nümayəndəsi X8 ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq hazırki mübahisə ilə bağlı mediasiyaya xx.xx.2023-cü il tarixdə müraciət etdiyini, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürdüyünü, eyni zamanda iddiaçı tərəfindən təqdim edilən sənədin əslinin onlarda olmadığını, həmin şəxsin onların əməkdaşı olmadığını, həmin sənədlərin hansı əsaslarla tərtib edildiyini bilmədiklərini bildirərək, iddia müddətinin keçməsi səbəbindən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları 09-4221 nömrəli əmək kitabçasından görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Gəncə Tədris-Kurs Məntəqəsində dispetçer vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respblikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi) xitam verilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ş/h-58 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin Gəncə filialının dispetçeri X7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respblikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi) xitam verilmişdir. xx.xx.2022-ci il tarixli baş mühasib B.Əliyev tərəfindən imzalanmış Nəqliyyat Təlim Mərkəzinin əvvəlki dövrlərdə işləmiş və işdən çıxmış ştat işçilərinin borcları haqqında məlumatdan görünür ki, X4 işdən azad olma tarixi xx.xx.2020-ci il, borcun əhatə etdiyi dövr isə sentyabr 2018-noyabr 2020-ci il kimi qeyd edilmişdir. Bakı 15 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan müəyyən olunur ki, X7 əmək haqqı tələbinə dair mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixdə təkliflə müraciət etmiş, xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etmiş, lakin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi iştirak etməmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı X7 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" MMC ilə əmək müqavilələri bağlayaraq əmək münasibətlərinə daxil olmuşlar. xx.xx.2020-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Fəmanına əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan bir sıra müəssisələr, o cümlədən, Nəqliyyat Təlim-Tədris Mərkəzi MMX öz fəaliyyətini dayandırmışdır. Hazırda iddiaçı MMC-də işlədiyi müddəti ona ödənilməmiş əmək haqqının və bu haqqın ödənilməsinin gecikdirilməsinə görə maddi zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi isə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün iddia müddətini ötürdüklərini bildirir və iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X7 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsi üzrə Gəncə filialının dispetçeri vəfizəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqavilələrinə işəgötürənin 16 noyabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respblikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi) xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı 5171 manat əmək haqqının ödənilməsini tələb edir və bunu onun tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Nəqliyyat Təlim Mərkəzinin əvvəlki dövrlərdə işləmiş və işdən çıxmış ştat işçilərinin borcları haqqında məlumat ilə əsaslandırır. Həmin sənədin cavabdeh təşkilatda olan əslinin təqdim edilməsi və onu imzalamış baş mühasib B.Əliyevin ilə bağlı məhkəmə tərəfindən Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərilsə də, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izhatında onlar tərəfindən belə bir sənədin tərtib edilmədiyini, həmin sənədi imzalayan şəxsin onların müəssisəsində çalışmadığını bildirmişdir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilən sənədin hansı əsaslara uyğun tərtib edildiyini, onun tərtib edilməsinə əsas olmuş sənədlərin olmasının müəyyənləşdirilməsi mümkün olmamışdır. Eyni zamanda iddiaçı 5171 manatdan əlavə ona dəymiş 2500 manat məbləğində maddi ziyanın ona ödənilməsini tələb edir. Lakin o ona dəymiş maddi ziyanın nədən ibarət olmasını, həmin məbləği necə müəyyənləşdirdiyi barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə daha sonra qeyd edir ki, iddia tələbi əsaslı olsa idi belə, təmin edilə bilməzdi. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, cavabdeh tərəfindən iddia müddətinin ntətbiqi barədə ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi (288-ci maddənin “d” bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçının işdən azad olunmasına dair əmrin verildiyi xx.xx.2020-ci il tarixdən 2 il 11 ay 1 gün sonra sonra, yəni xx.xx.2023-cü il tarixində iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklif ilə xidmətə müraciət etmiş, 30 noyabr 2023-cü il tarixdə isə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Bununla da qanunvericilik tərəfindən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququna riayət etmədən, həmin müddəti ötürmüşdür. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçı iddia müddətini ötürmüş, iddia müddətinin bərpasına dair ərizə təqdim etməmiş və iddia müddətinin ötürülməsinin üzrlü səbəb olmasının heç cür əsaslandırmamışdır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 23 dekabr 1993-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən işdən çıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə, əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdən çıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı “əmək haqqı və maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı “əmək haqqı və maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar