Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-107/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Abşeron rayon İcra şöbəsi, Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh5 ASC-yə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qiymətləndirmə hesabatının ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Abşeron rayon İcra şöbəsi, Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh5 ASC-yə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin qiymətləndirmənin nəticələri haqqında xx.xx.2019-cu il tarixli, 93 nömrəli hesabatının ləğv edilməsi və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin hərracın nəticələri barədə xx.xx.2019-cu il tarixli yekun protokolunun (alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə LPO "Dəmırbank ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən mebel sexinin genişləndirilməsi və əlavə yeni avadanlıqların alınması üçün iddiaçıya 36 ay müddətinə 3 ay güzəşt müddəti olmaqla illik 21 faizlə 200000 manat məbləğində kredit verilmiş, borcun təminatı olaraq, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 1B nömrəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 3 otaqlı 24 A nömrəli mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə istifadədə olan 0,0426 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 111.1 kv.m yaşayış, 201.2 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi Bankın xeyrinə yüklü edilmişdir. Bundan sonra müvafiq ödənişlər aparılmış, lakin biznes fəaliyyətində olan problemlər və qazanc əldə edilməməsi səbəbindən götürülmüş kreditin vaxtında qaytarılması mümkün olmamış, borcun ipoteka predmetinə yönəldilməsi məqsədi ilə Bank məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı 219043.53 manat borcun tutularaq Banka ödənilməsi, tələbin yuxarıda qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, İddiaçı həmin sahələrdən çıxarılması qət edilmişdir. Məhkəmə prosesi və bunun nəticəsində verilmiş icra sənədi üzrə icraat, habelə əmlakın açıq hərracda İddiaçı məlumatı olmadan həyata keçirilmiş, hətta əmlaklar Respublika Xammal və Əmtəə Birjası nəzdində yaradılmış “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin xx.xx.2014-cü il tarixli yekun protokoluna əsasən Bank tərəfindən mənzil 51000 və fərdi yaşayış evi isə 114750 manata əldə edilmişdir. Bundan 2 il sonra İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən və icra tədbirlərindən məlumatlı olmuş qətnaməni rəsmi qaydada əldə edərək apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 02.2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və həmin əmlaklar açıq hərracda satıldıqdan sonra İddiaçı çıxarılması qərara alınmış, Alı Məhkəmənin 17 09.2018-ci il tarixli Qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(105)-40/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi əsasında Abşeron rayon icra şöbəsində icraata başlanılmış və əmlakların qiymətləndirilməsi məqsədi ilə təkrarən Respublika Xammal və Əmtəə Birjasının faktiki sahibliyində olan "xxxx" MMC-dən mütəxəssis dəvət olunmuşdur. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Mərkəzi’’ MMC-nin xx.xx.2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən fərdi yaşayış evi 250000 manata, mənzil isə 95000 manata qiymətləndirilmişdir. Bundan sonra həmin əmlakların satılması üçün sanki qəsdən və qərəzli olaraq yenə də Respublika Xammal və Əmtəə Birjasının nəzdində yaradılmış "xxxx" MMC-yə sifariş verilmiş və əmlakları bu dəfə bankın ləğvedicısi olan Əmanətlərin Sığortalanması Fondu əldə etmişdir. Bütün bunlar bankın icra qurumu, qiymətləndirmə və hərrac təşkilatları ilə əlbir olaraq vətəndaşın əmlakını qanuni yol adı altında mənimsəməsi təəssüratını yaratdığını deməyə əsas verir. Ölkədə qeyd olunan qiymətləndirmə və hərrac təşkilatlarından başqa təşkilatlar da mövcuddur Lakin buna baxmayaraq, icra qurumunun qanunsuzluğa yol vermiş qiymətləndirmə və hərrac təşkilatlarına yenidən sifariş verməsi başa düşülən deyil, öz növbəsində hansısa şəxsi maraqların olmasından xəbər verir. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Mərkəzi" MMC tərəfindən 250000 manata qiymətləndirilmiş fərdi yaşayış evi iddiaçının müraciətinə əsasən “BUTA qiymətləndirmə mərkəzi”nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən bazar dəyəri 800000, likvid dəyəri isə 700000 manat müəyyən edilmişdir. Görünür ki, "xxxx" MMC qiymətləndirmə işini həyata keçirərkən yaşayış sahələrinə baxış keçirməmiş, bankın təqdim etdiyi fotoşəkillərlə kifayətlənərək qiymət müəyyən etmişdir. Belə olmasa idi, 2008ci ildə bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş 200000 manat likvid qiymətdən 50000 manat artıq olmaqla, 250000 manat qiymət qoyulmazdı. Həmçinin, “İcra haqqında" Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, icra məmuru qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Mərkəzi" MMC-yə göndərmiş, sonuncu tərəfindən tərtib edilmiş hesabat O.Qaçayev adlı qiymətləndirici mütəxəssis və A.Eminov adlı qiymətləndirici-ekspert qrupunun rəhbəri tərəfindən imzalanmışdır. Halbuki qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xususılə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadı sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndirici dəvət olunmalı idi, sifariş MMCyə göndərilməməli idi. Həmçinin, iş materiallarında O.Qaçayev adlı qiymətləndirici mütəxəssis və A.Eminov adlı qiymətləndirici-ekspert qrupunun rəhbərinin 5 ildən az olmayaraq fəaliyyət göstərməsini, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməməsini təsdiq edən sənədlər mövcud deyildir. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti' MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatı maddi və prosessual hüquq normaları pozulmaqla, qiymətləndirmə haqqında qanunvericliyin tələblərinə, habelə qiymətləndirmə standartlarına və metodologiyasına zidd tərtib edildiyindən, habelə əmlakın real bazar və likvid qiymətlərindən dəfələrlə aşağı qiymət kortəbii və mexaniki surətdə təyin edildiyindən həmin hesabat ləğv edilməlidir. Cavabdeh LPO Cavabdeh5 ASC məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh5 ASC arasında xx.xx.2008-ci il tarixində kredit müqaviləsi imzalanmışdır, kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1B nömrəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 3 otaqlı 24A nömrəli mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə istifadədə olan 0,0426 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 111.1 kv.m yaşayış, 201.2 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə bank tərəfindən “borcun tutulması və ipoteka predmetinə” tutma yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı 219043.53 manat borcun tutulması və ipoteka predmetinə yönəldilməsi İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1B nömrəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 3 otaqlı 24A nömrəli mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə istifadədə olan 0,0426 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 111.1 kv.m yaşayış 201.2 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evdən çıxarılmaları qət edilmişdir. "xxxx" MMC hərrac mərkəzi tərəfindən Abşeron Rayon İcra Şöbəsinin sifariş məktubuna və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən fərdi yaşayış evlərinin satılması barədə açıq hərrac keçirilmişdir. xx.xx.2019-cu il tarixində açıq hərrac keçirilib və hərracın yekunları barədə Protokol tərtib edilib. Həmin tarixdən isə artıq 4 il keçmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Hesab edirik ki, iddia əsassızdır və rədd olunmalıdır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən “Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər”. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən “ Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər....”. Mübahisələndirilən hərrac protokolu 02 oktyabr 2019-cu il tarixdə tərtib olunmuş və bu barədə iddiaçının məlumatı olmuşdur. Beləliklə göründüyü kimi iddiaçı həmin əqdi mübahisələndirmək üçün qanunla müəyyən olunmuş bir illik müddəti ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək qeyd etmişdir ki, məhkəmənin hazırlıq iclasları zamanı hazırkı iddiaya aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçıları məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan vəsatət təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Cavabdehlər "xxxx" MMC, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC, LPO Cavabdeh5 ASC isə hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan təşkilatlardır. Yuxarıda qeyd olunduğu kimi, ən azı iki qarşı tərəfin birgə və yaxud ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirilmələri ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş üzrə bank tərəfindən iddiaçıya kredit məhz sahiblarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilmiş, həmçinin mübahisələndirilən fərdi yaşayış evinin 1-ci mərtəbəsi fotoşəkillərdən və hər iki tərəfin izahatından göründüyü kimi sex olaraq fəaliyyət göstərir. İddiaçı da məhz həmin sexin dəyərinin nəzərə alınmamasına, ipoteka predmetinin düzgün qiymətləndirilməməsinə istinad edərək hazırki iddianı qaldırmışdır. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.1, 32.3 və 32.4-cü maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar olan iddiaçının hüquqi şəxs olan cavabdehlərə qarşı qiymətləndirmə hesabatının və hərracın nəticələrinin ləğvi tələbi məhz sahibkarlıq failiyyətindən irəli gəlir və həmin fəaliyyətin həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Bu baxımdan tərəflər arasındakı hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, vəsatət təmin edilməli, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Abşeron rayon İcra şöbəsi, Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh5 ASC-yə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron ərazi idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qiymətləndirmə hesabatının ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-107/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-107/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver