Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1120/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı2 onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürmə və digər tələblərinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürmə və digər tələblərinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 pasport qeydiyyatında olmaqla yaşadığı, sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki döngə 2, 7 saylı evə köçürülməyi Cavabdeh özbaşına hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən zəbt olunmuş dəhlizin boşaldılaraq onlara təhvil verilmsəi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 1933-cü ildə İsmayıllı rayonunda Ağbulaq kəndində anadan olub. 88 yaşı var, xəstə, qoca köməksiz qarıdır. xx xxxxxx 1951-ci ildə İsmayıllı rayonunun Həftəsiyab kənd sakini 1926-cı ildə anadan olmuş, mərhum X4 ilə rəsmi nikaha girib ailə həyatı qurmuşdur. Bu nikahdan yeddi övladı 3 oğlan 4 qız anadan olmuşdur. xx xxxxxxxx 2005-ci ildə həyat yoldaşı X1 ürək çatışmamazlığından Bakı şəhərində dünyasını dəyişmişdir. Həmin vaxtdan iddiaçını xx xxxx 1967- ci ildə anadan olmuş hazırda da iddiaçı ilə yaşayan qızı Dilşad Əhmədova saxlayır və qayğısına qalır. İddiaçı göstərilən evdə 1951-ci ildən ailə üzvləri ilə yaşayır. 1972-ci ildən yaşadığı evə AR Kommunal Təsərrüfatı Nazirliyi X2 tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasport verilmişdir. İddiaçı 1987-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsi, (keçmiş 16 Zavaqzalnaya küçəsi) hazırkı Əliyar Əliyev küçəsi 7 saylı evdə 86,4 kv.metr olan 5 otaqdan ibarət əlavə mənzili tikmiş və pasportda qeydə aldırmışdır. Yeddi övladlarından yaşadığı həyətdə iddiaçı ilə oğlu Ələşrəf, Xanlar, Elxan, qızları Dilbər, Dilşad və Rəhilə yaşayırlar. Hər birinin ayrıca öz evləri vardır. İddiaçının qızı Dilşadla 3 otaqdan və bir dəhlizdən ibarət evdə yaşayır. Oğlu Xanlar da özünə məxsus İ otaq evi də ona vermişdir. Oğlu Elxan 3 otaqdan, ayrca mətbəx və sanuzeldən ibarət evdə özü, həyat yoldaşı, qızı və oğlu ilə yaşayır. Qızı yəni nəvəsi Cəmilə karate ilə məşğul olur, iddiaçını döyüb işgəncələr verərək xəsarət yetirmişdir və bununla Nərimanov RPİ-nin 17-ci PB-də araşdırma olmuşdur. Elxanın qızı Cəmilənin hərəkətləri cəzasız qaldığından onlar azğınlaşaraq iddiaçının evinin qapısını şrupla bağlayaraq 1 ilə yaxındır ki, iddiaçını və qızı Dilşadı evə buraxmırlar. Məcbur olaraq qorxudan evə gedə bilmir ki, iddiaçını öldürərlər. Polislər də deyir ki, məhkəməlikdir. Hazırda 88 yaşında, taqətdən düşmüş, özünü sərbəst dolandıra bilməyən, əsəb gərginliyindən əziyyət çəkən, köməksiz halda sərbəst heç bir hərəkət edə bilməyən ananı və onunla yaşayan, ona qulluq edən qızını X5 doğma qardaşı evinə buraxmadığı üçün məcbur olub onun-bunun qapısında kirayə qalmağa məhkum olmuşlar. Məqsəd birdir. Belə ki, 1971-ci ildə anadan olmuş oğlu Cavabdeh ona zülümlər verərək iddiaçını öldürmək və otaqlarını ələ keçirmək ...Bütün bu hadisələr iddiaçının əziyyətini çəkən xx xxxx 1967-ci ildə anadan olmuş qızı Dilşadın adına xx xxxxxx 2018-ci il tarixində 9 saylı notariat kontorunda vəsiyyətnamə yazandan sonra başlamışdır. Rəhmətlik həyat yoldaşı Qafar Əhmədov sağ ikən evin 1 otağını Cavabdeh ailəsi ilə birlikdə yaşamaq üçün vermişdir, onlar şərait yaratmışlar ki, o, həmin otağı söküb genişləndirmiş, təmir işləri aparmış, 3 otaq etmiş, evini həyət tərəfindən daş hasarla bölərək özünə ayrıca giriş qapısı açmışdır. Onun mənzillərin giriş-çıxış qapıları həm həyətə, həm də dəhlizə açılır. Onun dəhlizdən istifadə etməsinə zərurət yoxdur, çünki o dəhliz iddiaçınındır və köhnədən qapı oldüğü üçün o bu fürsətdən İstifadə edərək əşyalarını oraya yığmış və oradan iddiaçının otaqlarına soxularaq iddiaçıya təzyiq, işgəncələr verir. Baxmayaraq ki,onun yaşadığı mənzilə ayrıca həyətdən açılan qapısı vardır və həmin qapıdan istifadə edir. Lakin iddiaçının dəhlizinə olan əşyalarını-yorğan döşəyini və s. yığararq açıq saxlayır ki, heç bir bacı-qardaşı, habelə yanına gəlmək istəyən digər qohum-qonşunu səs-küy salaraq söyüb təhqir etsin və yanına buraxmasın. Evinin elektrik sayğacını aparıb öz həyətində qoyub tez-tez söndürməklə iddiaçını qaranlıqda saxlayır. Bütün bunlarda məqsədi öz doğma anasını- iddiaçını stres vəziyyətinə gətirib öldürməkdir. O, bu vasitə ilə iddiaçıya təzyiqlər edir, döyür, söyür, təhqir edir. Dəfələrlə polisdə şikayətləri olmuşdur. Məhkəmə mübahisələri olmuşdur. İddiaçının otaqlarının qapısı hazırda anasına qarşı cəllad kəsilmiş Cavabdeh tərəfındən şruplanmışdır və evinə daxil ola bilmir, evə girişinə bu yolla oğlu Elxan tərəfindən məhdudiyyət qoyulmuşdur. İddiaçı yaşlı adamdır, el içində onu hörmətsiz etmişdir. Evə getsə, döyəcəklər, söyüb təhqir edəcəklər,sürüyüb küçəyə atacaqlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda bütün pal-paltar, ev əşyaları evində qalmışdır, lakin öz evinə girə bilmir. Ona görə də otağı boşaldıb iddiaçıya təhvil verilməsə, evinə köçürülməsə iddiaçı küçələrdə ac-susuz qalıb ölmək təhlükəsi ilə üzləşəcək. Cavabdeh oğlu Cavabdeh bu özbaşına hərəkətlərinə son qoyulmalıdır. Mübahisəli fərdi yaşayış evi İddiaçı1 istifadəsindədir. Həyat yoldaşı tikib yaratmışdır. İddiaçı1 hazırda istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 7 nömrəli evin Cavabdeh əşyaları ilə özbaşına zəbt etdiyi otağın boşaldılmasını və evinə köçürülməyini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil Novurz oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuş, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı1 1933-cü ildə İsmayıllı rayonu, Ağbulaq kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1967-ci ildə doğulmuşdur. xx.xx.2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ölən günədək iddiaçıya məxsus olan bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi. ev 7-də qeydiyyatda olan X6 vəsiyyət etdiyi qeyd edilmişdir. 1972-ci il tarixdə ünvan 2 ünvanında yerləşən evə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərüffatı Birliyinin xx.xx.2016-cı il tarixli 049249 nömrəli arayışdan görünür ki, İddiaçı1 Ə.Əliyev küçəsi 7 nömrəli evdə yaşayır. Bakı şəhəri Təcili və X7 Stansiyasının xx.xx.2005-ci il tarixli sənədin surətindən görünür ki, iddiaçının mərhum həyat yoldaşı Əhmədov Qafar xx.xx.2005-ci il tarixdə saat 16:26-da çermet s\s ev 7 ünvanda həkimə qədər ölüm kişi cinsli meyid qeydə alınmışdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(005)-4030/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı “mirası payının müəyyən edilməsi, pay bölgüsünün naturada aparılması” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı1 xx xxxxxx 1951-ci il tarixdə mərhum X4 ilə nikaha daxil olmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır. Övladları ilə davamlı olaraq həmin ünvanda yaşamışdır. Cavabdeh tərəf onu və digər övladı İddiaçı2 yaşadığı evdən məcburi çıxartmışdır. ünvan 4 ünvanı onun yeganə yaşayış yeridir. Uzun illərdi yaşadıqları və övladları ilə birlikdə qeydiyyatda olduqları evdən başqa yaşayış yeri yoxdur. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin 2004-cü il tarixdə yarandığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tətbiq edilməlidir. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin maddənin dördüncü hissəsinə görə, bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd olunan Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin maddənin ücüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 4 yaşayış evinə köçürülməsi məsələsi həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1.O, həmin evdə yaşayıbmı; 2. O, yaşadığı yerdən məhrum edilibmi; 3. Məhrumetmə qanuni olmuşdurmu Göründüyü kimi hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıbdır və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən (belə hüquq yoxdur) onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da cavabdehlə eyni şərtlər daxilində mübahisəli evdən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçıların evə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçının həmin mənzilə köçürülməsi barədə tələbi əsaslıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və X3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, döngə 2, 7 nömrəli yaşayış evinə köçürülməlidirlər. İddia tələbi qalan hissədə sübutlar təqdim edilmədiyindən və iddiada qeyd edilən dəhliz ümumi istifadə qaydalarına uyğun olduğundan təmin edilməməldir. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda yerləşən mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1120/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1120/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver