Məhkəmə qərarları › İş №2(005)-1128/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1128/2022

18.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1128/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi və ona dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək qabiliyyəti olmaması barədə vərəqin ödənilməsi və əmək haqqının gecikmə faizinin hesablanıb ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, işəgötürən "xxxx" ASC ilə arasında 12.02.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlamışdır. Əmək Müqaviləsinə əsasən o, mühəndis vəzifəsində işləmiş və ona hər ay 3374 manat əmək haqqı ödənilirdi. Aralarında bağlanmış əmək münasibətlərinə 30.04.2021-ci il tarixli əmrlə xitam verilmişdir. Həmin əmrdə son haqq hesabın ödənilməsi göstərilmişdir. Lakin cavabdeh aprel ayı üzrə əmək haqqını, son haqq- hesabı və əmək qabiliyyətinin olmadığı müddətdə 14 günlük ödənişi və məzuniyyət pulunu bu günə qədər ödəməmişdir. Pozulmuş hüquqlarının bərpası üçün X2 müraciət etmiş, aparılmış araşdırma nəticəsində cavabdeh tərəfindən əmək haqqının və son haqq hesabın ödənilmədiyi və cavabdehin inzibati xəta törətdiyi öz əksini tapdığından cərimə edilmişdir. Uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə etdiyi şifahi və sonun yazılı xəbərdarlığı nəticəsiz qalmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" nümayəndəsi X3 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçıya olan borc tam ödənilmişdir. İddianın ödənilməmiş məbləğə faizin hesablanması hissəsini qəbul etmirlər və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Həmçinin iddiaçının əmək qabiliyyəti olmadığı dövrdə ödənişin edilməməsini qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 09.09.2021-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" STİK ASC 07.09.2021-ci il tarixdə ilkin mediasiya sessiaysında iştirak etməmişdir. "xxxx" ASC-nin baş icraçı direktoru tərəfindən verilmiş 30.04.2021-ci il tarixli, 94 nömrəli əmrdən müəyyən olunur ki, tərəflər arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi və son haqq-hesabın aparılması qərarı alınmışdır. 12.02.2019-cu il tarixli, İP/AK/09-17-07 nömrəli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, “işçi” İddiaçı "xxxx" ASC-yə “Qazax yol layihəsinə Mühəndis istehsalat sahəsi” vəzifəsinə işə qəbul edilmiş və 3374 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir. İddiaçı əmək kitabçasının surətindən görünür ki, 12.02.2019-cu il tarixdə "xxxx" ASCyə “Qazax yol layihəsinə Mühəndis istehsalat sahəsi” vəzifəsinə işə qəbul edilmiş və 30.04.2021-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünür ki, İddiaçı COVİD-19 diaqnozu ilə 11.12.2020-ci il tarixdən 25.12.2020-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. İddiaçı "xxxx" ASC ünvanlandığı 24.04.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, mühəndis istehsalat vəzifəsindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlandığı məktubda qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən son haqq hesabı ödənilmədiyindən, ASC-nin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-2-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Mülki işin araşdırılmış halları ilə iddiaçının cavabdeh təşkilatda əmək müqaviləsinə əsasən işləməsi və öz xahişi ilə işdən azad olunması müəyyən edilmişdir. İddiaçı ona işdən azad olunarkən son haqq hesabda nəzərdə tutulan vaəsaiti, əmək qabiliyyətinin olmadığı müddətdə 14 günlük ödənişinin və əmək haqqının gecikmə faizinin ödənilmədiyini iddia etmiş, lakin sonradan cavabdeh tərəfindən əmək haqqı ödənildiyindən, iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə edərək, əmək qabiliyyəti olmaması barədə vərəqin ödənilməsi və əmək haqqının gecikmə faizinin hesablanıb ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddianın “əmək qabiliyyətinin olmadığı müddətdə 14 günlük ödənişinin ödənilməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsinin izahatından və iş materiallarında olan "xxxx" ASC-nin İddiaçı aid bank hesabından çıxarışdan müəyyən olunur ki, cavabdeh tərəfindən son haqq hesab ödənilmiş, lakin əmək qabiliyyətinin olmadığı müddət üçün ödəniş edilməmişdir. Odur ki, iddiaçının əmək qabiliyyətinin olmadığı müddətdə, yəni 14 gün üçün ödəniş edilməlidir. Məhkəmə qeyd edir ki, iddianın “əmək haqqının gecikmə faizinin hesablanıb ödənilməsi” hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, tərəflər arasında hazırda fərdi əmək mübahisəsi yaranmış və bundan başqa cavabdeh tərəf iddiaçıya son haqq hesabda nəzərdə tutulmuş məbləği ödəmişdir. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 11.12.2020-ci il tarixdən 25.12.2020-ci il tarixədək əmək qabiliyyəti olmadığı dövr üçün ödəncin hesablanıb ödənilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə vəzifə kimi qoulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar