Məhkəmə qərarları › İş №2(005)-1327/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1327/2023

31.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1327/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pulun tutulması, əmək haqqının ödənilməsi və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən üzərinə qoyulmuş 1196 manat cərimənin, üç aylıq əmək haqqının məbləğinin və dörd il müddətində hesablanmayan məzuniyyətlərin Cavabdeh MTK-dan tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Cavabdeh MTK-ya mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. Aylıq əmək haqqı 200 manat təşkil edirdi. Qeyd olunan təşkilatda 4 il, yəni xx.xx.2015-ci il tarixə kimi işləmişdir. xx.xx.2015-ci il tarixdə onun ərizəsi olmadan onu işdən azad ediblər, ona bildiriblər ki guya onun müqaviləsinin müddəti bitmişdir. Baxmayaraq işə qəbul olunarkən onunla hər hansı bir müqavilə bağlanılmamışdır. Belə ki, işə qəbul olunan vaxtı o, onlardan onunla müqavilə bağlamalarını xahiş etmişdir. İzah ediblər ki müqavilə ilə onu işə götürə bilməzlər. Onun işsiz və 3-cü qrup əlil olması onu məcbur edib ki, onların bu təklifi ilə razılaşsın. Onu əsassız olaraq işdən azad etdikləri üçün onlardan üç aylıq əmək haqqının ödənilməsini xahiş edib. İmtina etdikləri üçün o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək Cavabdeh MTK rəhbərliyi müqavilə bağlamadan onu işlətdiklərini və 3 aylıq əmək haqqının ödənilməməsini bildirmişdir. Lakin heç bir nəticə olmayıb. 2019-cu ilin noyabr ayında 3-cü qrup əlilliyi ilə əlaqədar aldığı müavinətdən 10 manat pul tutublar. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Fonduna müraciət edərək ondan müavinətdən pul tutulmasının səbəbini öyrənərkən ona bildiriblər ki, 2012-2015-ci illərdə Cavabdeh MTK-da müqavilə ilə işləyərək Sosial Müdafiə Fonduna pul ödəmədiyi üçün 1196 manat cərimə olunmuşdur və onun müavinətindən hər ay 10 manat tutulur. Bu günkü günə kimi ondan 390 manata qədər pul tutulmuşdur. O onlara bildirib ki, o, 2012-2015-ci illərdə Cavabdeh MTK-da müqaviləsiz işləmişdir. Hətta onu müqaviləsiz işlətdikləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. X1 Xidmətinin Rəisinin qəbulunda olmuşdur. Bu günə qədər heç bir cavab almamışdır. Odur ki, o, məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh MTK-nın nümayəndəsi iddia tələbinə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddiasının tamamilə əsassız olması ilə yanaşı, həm də iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür və iddia həmçinin bu səbəbdən rədd olunmalıdır. Belə ki, İddiaçı 2012-2015-ci illərdə Cavabdeh MTK-da çalışdığını, müqaviləsiz fəaliyyət göstərdiyini qeyd etsə də, Cavabdeh MTK ilə İddiaçı arasında heç bir əmək münasibəti olmamışdır. Tərəflər arasında hər hansı bir əmək müqaviləsi olsa belə, 2015-ci ildən bugünkü günə qədər 8 il keçmişdir ki, iddiaçı iddia müddətini üzrsüz səbəbdən ötürərək xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür. Beləliklə o, iddia müddətinin tətbiq edilməsi və İddiaçı iddiasının, digər əsaslarla yanaşı, həmçinin iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MTK lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -X3 Xidməti tərəfindən təqdim edilmiş sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2012-xx.xx.2015-ci il tarixlərində Cavabdeh MTK-da əmək müqaviləsi əsasında işləmişdir; - 2 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 3-cü dərəcə əlilliyə görə 327.21 manat məbləğində əmək pensiyası alır. Əmək pensiyasının məbləğindən xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək hər ay 10 manat, xx.xx.2029-cu il tarixdən xx.xx.2029-cu il tarixədək 6.10 manat məbləğində tutulma qeyd edilmişdir. Tutulma nəzərə alınaraq vətəndaşa hal-hazırda 317.21 manat ödənilir; - Dövlət Sosial Müdafiə Fondunun Lerik Rayon şöbəsinin 650429 saylı sərəncamından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 1186,10 manat artıq ödənilmiş vəsatin tutulması barədə sərəncam verilmişdir; - X3 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində və izahatında qeyd etdiyi məsələlərin yerində araşdırılması, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanununa 2017-ci il 31 oktyabr tarixli 845- VQD nömrəli Qanunla edilmiş dəyişikliklərə müvafiq olaraq yoxlamalar 01 yanvar 2024-cü il tarixinədək dayandırıldığından tərəflərindən mümkün olmamışdır; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2012ci il tarixində Cavabdeh MTK-ya mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. Qeyd olunan vəzifədə xx.xx.2015-ci il tarixə kimi işləmişdir. DSMF tərəfindən iddiaçının əmək pensiyasından xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 1186,10 manat artıq ödənilmiş vəsatin tutulması qərara alınmışdır. Hazırda iddiaçı onu əmək müqaviləsi bağlamadan işlətdiyini bildirərək, 3 aylıq əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyətləri əvəzinin, eləcə də əmək müqaviləsi rəsmiləşdirilmədiyinə görə DSMF tərəfindən tətbiq edilmiş 1196 manat cərimənin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarını və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaları, əmək münasibətlərində işçilərin və işəgötürənlərin sosial, iqtisadi hüquqlarını və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini müəyyən edir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Eyni Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Hazıki işdə iddiaçı 3 aylıq əmək haqqının və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzinin cavabdeh tərəfindən ödənilmədiyini bildirir. Cavabdeh isə öz növbəsində Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq edilməsini xahiş edir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki iş üzrə iddiaçı isə iddia ərizəsində xx.xx.2015-ci il tarixdən işdən azad olunduğunu bildirir. X2 tərəfindən təqdim edilmiş arayışdan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 2015-ci ildə xitam verilmişdir. Mediasiyanın tətbiqi barədə təklif isə tərəfə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Göründüyü kimi, işçi hüququnun pozulduğunu (əgər pozulmuşdursa), əmək haqqının və digər ödənişlərin həyata keçirilmədiyini 2015-ci ildə bilməli olduğu halda, vaxtında məhkəməyə müraciət etməmiş, bununla da 1 illik iddia müddətini ötürmüşdür. Məhkəmə prosessual qənaət prinsipini, eləcə də son haqq-hesabın düzgün hesablanıb-hesablanmasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsinin əlavə xərclərə və işə mahiyyəti üzrə baxılmasının əsassız uzanmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əlavə araşdırma aparılmadan Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). Beləliklə, iddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və məhkəmə araşdırması zamanı cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia ödənilməmiş üç aylıq əmək haqqının və dörd il müddətində istifadə edilməyən məzuniyyətlərə görə pul əvəzinin ödənilməsi hissəsində təmin edilə bilməz. İddia tələbinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən üzərinə qoyulmuş 1196 manat cərimənin Cavabdeh MTK-dan tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin edilə bilməz. Belə ki, iddiaçı ondan artıq pulun tutulmasında Cavabdeh MTK-nın təqsirli olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. DSMF tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən isə görünür ki, 1186 manat pul iddiaçıdan hər hansı bir cərimənin tətbiqinə görə deyil, artıq ödənilmiş pensiyanın əvəzi olaraq müvafiq orqanın sərəncamı əsasında tutulur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pulun tutulması, əmək haqqının ödənilməsi və sair tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pulun tutulması, əmək haqqının ödənilməsi və sair tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar