Məhkəmə qərarları › İş №2(005)-1330/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1330/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1330/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 nömrəli notariat kontorunda onunla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Abşeron rayonu, Məmmədli kəndi ümumi sahəsi 0,0556 ha olan torpaq sahəsinin 0,025 ha sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin ləğv olunması və qeyd olunan torpaq sahəsinin dəyəri qismində cavabdehlərə ödənilmiş 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin cavabdeh şəxslərdən alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu 1 nömrəli notariat kontorunda onunla Cavabdeh1 arasında xx xxxxxxx 2018-ci il tarixində AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən ümumi sahəsi 0,0556 ha olan torpaq sahəsinin 0,025 ha sahəsi onun mülkiyyətinə verilmişdir. Hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi ləğv olunmalıdır. İlk növbədə qeyd etmək istədiyi əsas məqamlardan biri də odur ki, onlar arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Məmmədli kəndi ümumi sahəsi 0,0556 ha olan torpaq sahəsinin 0,025 ha sahəsi müqavilədə 2.500 (iki min beş yüz) manat kimi qeyd olunsa da 7.000 (yeddi min) manat məbləğində pul onun tərəfindən cavabdehə ödənilmişdir. Bundan başqa, AN-İ seriyalı ******* nömrəli, xx xxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin 8-ci maddəsi üzrə öhdəliyi, yəni satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı verməyi öhdəsinə götürür və eyni zamanda, 12-ci maddəsinin daşınmaz əmlakın alıcıya təhvil verilməsinin akt tərtib etməklə rəsmiləşdirilməsinin mümkünlüyü barədə öhdəliyi icra etmədiyindən bu müqavilənin şərtləri kobud surətdə cavabdeh tərəfindən pozulduğundan müqavilə ləğv olunmalıdır. Belə ki, cavabdehlər onun qanunla müəyyən olunmuş mülkiyyət hüquqlarının həyata keçirilməsində maneə yaradaraq müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişlər. Bundan başqa, o yuxarıda qeyd olunan alqı-satqı müqaviləsini Cavabdeh1 ilə bağlasa da, faktiki olaraq bu prosedur qaydalar digər cavabdeh X3 tərəfindən həyata keçirilmişdir. Belə ki, etibarnamə üzrə faktiki olaraq mülkiyyət hüquqlarının realizəsi mərhələsində Cavabdeh2 çıxış etmiş və hətta sözü gedən alqı-satqı müqaviləsini Cavabdeh1 adından Cavabdeh2 imzalamışdır. Digər məqam isə ondan ibarətdir ki, o müqavilə üzrə mülkiyyətinə keçmiş torpaq sahəsini ona naturada təhvil verilməsi üçün cavabdehə müraciət etsə də bu mümkün olmamışdır. O, məsələnin mahiyyətini dərk etmədiyindən yalnız müqavilənin bağlanıldığı vaxtdan sonra Cavabdeh2 tərəfindən ona faktiki olaraq verilmiş torpaq sahəsinin sözü gedən müqavilə predmeti olan torpaq sahəsi olmadığını bilmişdir. Belə ki, onun tərəfindən mübahisəli torpaq sahəsinin qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. xx xxx 2019-cu il tarixli, **********71 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, mübahisələndirilən alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,025 ha torpaq sahəsinin sənəd üzrə (bölgü eskizi) yerləşməsi ilə naturada yerləşməsi arasında fərqlər mövcud olduğu, torpaq sahəsinin natura quruluşunun və yerinin dəyişdirildiyi aşkar edilmişdir. Qeyd edir ki, sözü gedən alqı-satqı müqaviləsinin predmeti olmuş Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi cavabdehlər tərəfindən ona təhvil verilmədiyindən və mübahisə predmeti olan müqavilənin şərtlərini açıq-aşkar pozduqlarından xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi hazırda ləğv olunmalıdır. Yuxarda sadalanan xüsusatlara əsasən pozulmuş hüquqlarının bərpası məqsədilə ədalət mühakiməsini həyata keçirən və qanunun aliliyini üstün tutan məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Cavabdeh2 tərəfindən iki dəfə olmaq şərti ilə hər birində 500 (beş yüz) manat olmaqla, cəmi 1.000 (bir min) manat məbləğində pul vəsaiti ödəmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, müvafiq alqı-satqı müqaviləsinin ləğv edilməsinə etiraz etmədiyini bildirmiş, lakin iddiaçı şəxsin tələb etdiyi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin qaytarılması ilə razılaşmayaraq, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, alqısatqı zamanı alınan pul məbləği tam olaraq qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X6 bildirmişdir ki, İddiaçı onun atasıdır. Alqı-satqı zamanı ödənilmiş 7.000 (yeddi min) manat məbləğində pul vəsaitindən cavabdeh şəxs tərəfindən cəmi 1.000 manat ödəniş edilmiş, qalan məbləg ödənilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxxxxxx 2018-ci il qeydiyyat tarixli çıxarışın surətindən və məzmunundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0,0556 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 988 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır; Cavabdeh1-satıcı (onun əvəzinə Cavabdeh2) ilə İddiaçı-alıcı arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə ona məxsus ümumi sahəsi 0,0556 ha olan torpaq sahəsinin 0,025 ha sahəsi olan hissəsini 2.500 (iki min beş yüz) manat qiymətə alıcıya satır, alıcı isə müvafiq hissəsini qeyd edilən məbləğə alır (4-cü bənd); Cavabdeh1-birinci tərəf (onun əvəzinə Cavabdeh2) ilə İddiaçı-ikinci tərəf arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişin surətindən və məzmunundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yarımda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş **********25 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında Abşeron rayonu 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx xxxxxxx 2018-ci il tarixdə 40-2923 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən ümumi sahəsi 0.0556 ha olan torpaq sahəsini aşağıdakı qaydada böldülər (1.1-ci bənd). Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən qeyri-yaşayış sahəsi bölgü eskizində göstərilən qaydada: yerdə qalan hissəsi birinci tərəf X1, 0,025 ha hissəsi isə ikinci tərəf İddiaçı bölünməsi razılaşdırılmışdır (2.1-ci bənd); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx xxx 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,025 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılaraq, aparılan araşdırma zamanı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,025 ha torpaq sahəsinin sənəd üzrə (bölgü eskizi) yerləşməsi ilə naturada yerləşməsi arasında fərqlərin mövcud olduğu, torpaq sahəsinin nartura quruluşunun və yerinin dəyişdirildiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışın məzmunundan görünür ki, xx xxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 127A, mənzil 11 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə də, işin araşdırılmış və faktiki müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1satıcı (onun əvəzinə Cavabdeh2) ilə İddiaçı-alıcı arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə ona məxsus ümumi sahəsi 0,0556 ha olan torpaq sahəsinin 0,025 ha sahəsi olan hissəsini 2.500 (iki min beş yüz) manat qiymətə alıcıya satır, alıcı isə müvafiq hissəsini qeyd edilən məbləğə alır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx xxx 2019-cu il tarixli məktubu ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,025 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılaraq, aparılan araşdırma zamanı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,025 ha torpaq sahəsinin sənəd üzrə (bölgü eskizi) yerləşməsi ilə naturada yerləşməsi arasında fərqlərin mövcud olduğu, torpaq sahəsinin nartura quruluşunun və yerinin dəyişdirildiyi aşkar edilmiş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 nömrəli notariat kontorunda onunla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Abşeron rayonu, Məmmədli kəndi ümumi sahəsi 0,0556 ha olan torpaq sahəsinin 0,025 ha sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin ləğv olunması və qeyd olunan torpaq sahəsinin dəyəri qismində cavabdehlərə ödənilmiş 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin cavabdeh şəxslərdən alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Məhkəmə hesab edir ki, iddia ərizəsi, məhkəmə araşdırması və şahid ifadələri ilə təkzibli məlumatların olması ilə xarakterikdir. Belə ki, İddiaçı iddia ərizəsinin məzmununda torpağa görə ödədiyi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini tələb etsə də, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh2 tərəfindən iki dəfə olmaq şərti ilə hər birində 500 (beş yüz) manat olmaqla, cəmi 1.000 (bir min) manat məbləğində pul vəsaiti ödəmişdir. Eyni zamanda, məhkəmə iclasında Cavabdeh2 izahatında iddia tələbini qismən qəbul edərək, müvafiq alqı-satqı müqaviləsinin ləğv edilməsinə etiraz etmədiyini bildirmiş, lakin iddiaçı şəxsin 7.000 (yeddi min) manat məbləğində tələbi ilə razılaşmayaraq, alqı-satqı zamanı alınan pul məbləği tam olaraq iddiaçı şəxsə qaytarıldığını bildirmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası qismən əsaslıdır, iddiaçı iddiasını qismən əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə qismən olaraq öz təsdiqini tapmışdır. Cavabdeh şəxs isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müvafiq sübutlar qismən sübut olduğundan məhkəmə hesab edir ki, Cavabdeh1-satıcı (onun əvəzinə Cavabdeh2) ilə İddiaçı-alıcı arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən ümumi sahəsi 0,0556 ha olan torpaq sahəsinin 0,025 ha sahəsi olan hissəsinin alqı-satqısı zamanı ödənilmiş 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh şəxslər Cavabdeh1 və Cavabdeh2 tutulub iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Abşeron rayonu 1 nömrəli notariat kontorunda rəsmiləşdirilmiş İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Abşeron rayonu, Məmmədli kəndi ümumi sahəsi 0,0556 ha olan torpaq sahəsinin 0,025 ha sahəsinin alqı-satqı müqaviləsi ləğv edilsin. Alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub iddiaçıya ödənilsin. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar