Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1344/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı və cavabdeh “xxxx”ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-ə qarşı əmək haqqı və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-ə qarşı əmək haqqı və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qüvvədə olan 24 may 2019-cu il tarixli “Xidmət Müqaviləsi”nə əsasən əmək haqqı üzrə 2409 manat borcun, bu borcun ödənilməsini gecikdirdiyinə və vaxtında ödəmədiyinə görə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 462-ci maddəsinə əsasən 18.600 və ödənilən 30 manat dövlət rüsumunun, cəmi 21039 manat məbləğin cavabdeh, müqavilə üzrə sifarişçi “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə onun arasında bağlanmış 24 may 2019-cu il tarixli “Xidmət Müqaviləsi”nə və bu “Xidmət Müqaviləsi”nə 01.06.2019-cu il tarixli 1 nömrəli əlavəyə əsasən icraçı kimi o, sifarişçinin, yəni Cəmiyyətin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı Layihəsində düşərgə, zavod və istehsal obyektlərində elektrik avadanlıqlarının təmiri üzrə işlərin görülməsi ilə əlaqədar işlərin icrasını və nəzarətini öz üzərinə götürmüş, bu işi icra etmiş, əmək haqqı almışdır. Cəmiyyətin ona hesablanmış və ödəniləcək əmək haqqından avqust 2019-cu il üçün 1761 manat, dekabr 2019-cu il üçün isə 648 manat borcu qalmış və kəsrlə icra olunmuşdur. Hazırda Cəmiyyətin ona cəmi 2049 manat əmək haqqı üzrə borcu vardır və borcun ona ödənilməsini Cəmiyyət 2020-ci ilin noyabr ayına kimi icra edəcəyini söz vermişdir. Hazırda 2021-ci ilin yanvar ayının 21-dir və ödəniş həyata keçirilməmişdir. Tərəflər arasında bağlanmış 24 may 2019-cu il tarixli ASFX18/425 nömrəli “Xidmət Müqaviləsi”nin 8.2-ci bəndinə əsasən tərəflər arasında yaranan bütün mübahisələr və anlaşılmazlıqlar mümkün qədər danışıqlar yolu ilə dinc qaydada həll olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi, bu sahədəki tərəfindən olan bütün təşəbbüslər baş tutmamışdır. Həmin müqavilənin 8.3-cü bəndinə əsasən isə mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll olunur. Qeyd olunanları nəzərə alaraq, cavabdehə Pretenziya ünvanlayaraq bildirmişdir ki, əgər 10 gün müddətinə Cəmiyyət əmək haqqı üzrə ona olan 2409 manat borcun ödənilməsini təmin etməsə, tərəfindən bu barədə Məhkəməyə müraciət olunacaqdır. Həmçinin diqqətə çatdırmışdır ki, “Xidmət Müqavilə”nin 8.1-ci bəndinə əsasən bu müqaviləyə və bu müqavilədən irəli gələn münasibətlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hesabat ayının əmək haqqı üzrə ödənişləri növbəti ayın 10-na kimi icra olunmalıdır. Bu hesabla avqust 2019-cu il üzrə ödəməli olan əmək haqqı üzrə 1761 manat borc 420 gündür ki, icra olunmur və buna görə cəmiyyət ona 14700 manat dəbbə pulu, dekabr 2019-cu il üzrə ödəməli olduğu əmək haqqı üzrə 648 manat borc 300 gün gecikdiyinə görə Cəmiyyət iddiaçıya 3900 manat dəbbə pulu, cəmi 18600 manat ona ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx”ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin ASFX18/425 saylı 24 may 2019-cu il tarixli müqaviləsindən görünür ki, icraçı Sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində yükboşaldan avtomaşının idarəedilməsi və maşınla layihədəki işlərin görülməsi ilə əlaqədar işlərin icrasını və nəzarətini öz üzərinə götürür. Sifarişçi İcraçıya (bir) ay üçün 1330 (bir min üç yüz otuz) manat xidmət haqqı ödəyir. İş materiallarında olan “24” may 2019-cu il tarixli, ASFX18/425 nömrəli Xidmət müqaviləsinə əlavə №1-dən görünür ki, Sifarişçi İcraçıya 1 (bir) ay üçün 2405 (iki min dörd yüz beş) AZN xidmət haqqı ödəyir.” İş materiallarında olan “xxxx” ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı kart hesabına 10 yanvar 2020-ci il tarixdən 02 iyun 2020-ci il tarixədək 4,657 manat məbləğində vəsait daxil olub. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin 14 oktyabr 2020-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, İddiaçı müəssisə ilə arasında yaranmış mübahisənin həlli məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan 08 iyun 2020-ci il tarixli “xxxx” ASC-nin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanlanan məktubda “xxxx” ASC ilə İddiaçı arasında 24.05.2019-cu il tarixli ASFX18/425 saylı xidməti müqavilə bu müqavilənin şərtlərinə əsasən bağlanmış təhvil-təslim aktlarına əsasən ödənişlərin həyat keçirilməsi qeyd olunub. İş materiallarında olan 09 mart 2021-ci il tarixli ərizəsi ilə İddiaçı “xxxx” ASC-yə 2019cu ildə Qazaxıstan layihəsində işlədiyii müddətdə almadığı avqust ayı üçün 1761 manat və dekabr ayı üçün 648 manat pul barəsində Nərimanov Rayon Məhkəməsinə təqdim edilməsi üçün arayış verilməsini xahiş etmişdir. Mülki işin araşdırılmış hallarından görünür ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən, iddiaçı cavabdeh şirkətin tapşırığı ilə Gazaxıstan Respublikasında həyata keçirilən layihə üzrə düşərgə, zavod və istehsal obyektlərində elektrik avadanlıqlarının təmiri üzrə işlər görmüş, görülmüş işlərin həcminə görə cavabdeh tərəfindən ona əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin d bəndinə görə, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, cavabdeh müddəti başa çatmış xidmət müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəyərək, bununla da müqavilənin şərtlərini pozmamuşdur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh “xxxx”ASC-dən iddiaçının xeyrinə 2409 manat borcun tutulması üçün əsaslar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, iddiaçının əmək haqqının onun xeyrinə cavabdehdən tutulması barədə iddia tələbi təmin edilmədiyindən, ondan törəmə tələb olan 18.600 manat dəbbə pulu tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASC-ə qarşı əmək haqqı və pul tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx”ASC-ə qarşı əmək haqqı və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1344/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1344/2021
06.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver