Məhkəmə qərarları › İş №2(005)-136/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-136/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-136/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Suraxanı rayon İcra şöbəsi və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılanadək Suraxanı rayon İcra şöbəsində icra hərəkətlərinin dayandırılması və Azərbaycan Respubliksı Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 153000 (yüz əlli üç min) manat qiymətləndirilməsinə dair 112 saylı, 08.04. 2021-ci il tarixli hesabatın ləğv edilməsi barədə hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki regional "ASAN xidmət" mərkəzinin notariusu tərəfindən verilmiş 81-395saylı, 14.01.2021-ci il tarixli icra qeydinə əsasən iddiaçıdan 61500 (altmış bir min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq X2 xeyrinə ödənməlidir. Borc iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməlidir. İcra sənədi Suraxanı rayon İcra Şöbəsinin icraatına 01.02.2021-ci il tarixdə daxil olmuş və Suraxanı rayon İcra şöbəsi tərəfindən "İcraata başlamaq haqqında" qərar qəbul edilmişdir. Suraxanı rayon İcra şöbəsi tərəfindən 03.02.2021-ci il tarixdə Azərbaycan Respubliksı Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün sifariş göndərilmişdir. Azərbaycan Respubliksı Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən iddiaçının iştirakı olmadan ona məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 153000 (yüz əlli üç min) manat qiymətləndirilmişdir. İddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ümumu sahəsi 775 (yeddi yüz yetmiş beş) kvadrat metr təşkil edir, fərdi yaşayış evinin hər kvadrat metrinin bu günkü orta bazar qiyməti isə təxminən 1500-2500 (min beş yüz-iki min beş yüz manat təşkil etdiyini nəzərə aldıqda cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə nə qədər aşağı qiymət qoyması məlum olur. 775x2000 bərabərdir=1550000 (bir milyon beş yüz əlli min) manat alınır. Ötən məhkəmə iclasında iştirak etmiş İddiaçınyn vəkili və nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, "xxxx" MMC tərəfindən tərtib olunmuş 112 saylı 08.04.2021-ci il tarixli İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5 b saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabat qüvvədə olan qanunvericilik tələbinə tam uyğun olaraq və qiymətləndirmə fəaliyyəti həyata keçirilən zaman tədbiq edilən metod hesablamalar nəzərə alınmaqla tərtib edildiyini bildirmişdir; Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra şöbəsi və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə bu cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdirş Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki regional "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən verilmiş 14.01.2021-ci il tarixli icra qeydinə əsasən X2 tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5b saylı fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilmiş, tutulmalı olan borcun məbləği 61500 manat olmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ümumi sahəsi 481,6 kv.m olan 0.02775 ha sahədən ibarət olan d mərtəbəli Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 4-cü keçid, 5b saylı fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21.11.2018-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 112 saylı 08.04.2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ın surətindən görünür ki, Suraxanı rayon İcra Şöbəsinin 18-12483/21-27 saylı, 03.02.2021-ci il tarixli sifariş məktubuna və Şəki Regional “ASAN Xidmət” mərkəzinin notariusunun 8İ-395 saylı 14.01.2021-ci il tarixli icra sənədinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5b saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 153.000 manat təşkil edir; "xxxx" MMC-nin 30.12.2021-ci il tarixli, 01/21-623 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 4-cü keçid, ev 5 nömrəli fərdi yaşayış evinin 30.12.2021-ci il tarixinə bazar qiyməti 530.000 manat, likvid dəyəri 424.000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 400 manat təşkil edir; "xxxx" MMC-nin 05.10.2021-ci il tarixli, ƏEM/O 83-934/21 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5b saylı fərdi yaşayış evinin 05.10.2021-ci il tarixinə bazar qiyməti 480.000 manat, likvid dəyəri 430.000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 400 manat təşkil edir; 09.06.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Suraxanı rayon İcra Şöbəsinin 18-12483/21-27 saylı, 03.02.2021-ci il tarixli sifariş məktubuna və Şəki Regional “ASAN Xidmət” mərkəzinin notariusunun 8İ-395 saylı 14.01.2021-ci il tarixli icra sənədinə əsasən X2 tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5b saylı fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilmiş, tutulmalı olan borcun məbləği 61500 manat olmuşdur. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Suraxanı rayon İcra Şöbəsinin 18-12483/21-27 saylı, 03.02.2021-ci il tarixli sifariş məktubuna və Şəki Regional “ASAN Xidmət” mərkəzinin notariusunun 8İ-395 saylı 14.01.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5b saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 153.000 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC-nin 05.10.2021-ci il tarixli ekspert rəyinə əsasən qeyd olunan fərdi yaşayış evinin 05.10.2021-ci il tarixinə bazar qiyməti 480.000 manat, likvid dəyəri 430.000 manat təşkil etdiyi göstərilmişdir. "xxxx" MMC-nin 30.12.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 4-cü keçid, ev 5 nömrəli fərdi yaşayış evinin 30.12.2021-ci il tarixinə bazar qiyməti 530.000 manat, likvid dəyəri 424.000 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin 05.10.2021-ci il tarixli, ƏEM/O 83-934/21 nömrəli və "xxxx" MMC-nin 30.12.2021-ci il tarixli, 01/21-623 nömrəli ekspert rəylərində əmlakın təsviri, təmiri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, obyektə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq müəyyənləşdirilmiş, bazar qiyməti və likvid dəyəri müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Mübahisələndirilən Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 112 saylı 08.04.2020-ci il tarixli və "xxxx" MMC-nin 05.10.2021-ci il tarixli, ƏEM/O 83-934/21 nömrəli və "xxxx" MMC-nin 30.12.2021-ci il tarixli, 01/21-623 nömrəli ekspert rəyləri ilə əmlaka dair qiymətlər arasında fərqlər mövcuddur. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə hər iki ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, fərdi yaşayış evinin təmir vəziyyətinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında fərqlər digər rəyin əsassız və ya qeyriobyektiv olması üçün əsas yaratmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; Məhkəmənin mövqeyinə görə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Suraxanı rayon İcra şöbəsi və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 400 (dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Suraxanı rayon İcra şöbəsi və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar