Məhkəmə qərarları › İş №2(005)-136/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-136/2024

10.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-136/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı vərəsəsi (hüquqi varisi) X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Çingiz oğlunun cavabdeh "xxxx" ASC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Çingiz oğlunun cavabdeh "xxxx" ASC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək müəyyən olan ümumilikdə 8000 manat ödənilməmiş əmək haqqının, vurulmuş mənəvi zərərə görə 5000 manat kompensasiyanın, 8 ay gecikdirilmiş əmək haqqının müqabilində 48800 manat məbləğin, ilkin mediasiya sessiyasının xərci qismində ödənilən 50 manatın, cəmi 61850 manat məbləğin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 86 nömrəli əmrlə "xxxx" ASC-nin Mərkəzi Təchizat departamentinin Mərkəzi Anbarına Baş mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, daha sonra xx.xx.2022-ci il tarixli, 36 nömrəli əmr ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC tərəfindən ona 8 ayın orta aylıq əmək haqqısı olan cəmi 12000.00 manat ödənilməmişdir. Şirkətdə cəmi 1 il işləməyinə baxmayaraq, cəmi 4 ayın orta aylıq əmək haqqısı, həmçinin müvafiq qurumlara şikayət etdikdən sonra xx.xx.2022-ci il tarixdə 2000 manat və 2023-cü ilin mart ayında isə 2000 manat ödənilmişdir. Cavabdehlə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməyinə baxmayaraq, hazırkı vaxtadək müvafiq aylar üzrə ödənilməli olan əmək haqqı son haqqhesab ödənilərkən əsassız və qanunsuz şəkildə ödənilməmişdir. Əmək müqaviləsinə xitam verilməmişdən öncə ödənilmiş son haqq-hesab düzgün hesablanmamış və işlədiyi ayların ödənilməyən əmək haqqları ödənilməmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə şikayət etməli olmuş, cavab olaraq bildirilmişdir ki, tələb olunan sənədlərin təqdim olunması cəmiyyətin rəhbərliyi tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən də "xxxx" ASC-nin baş icraçı direktoru X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında ” Qərar qəbul olunmuş, həmçinin son haqq-hesabının hesablanılıb ödənilməsinin təmin edilməsi ilə bağlı **********8 nömrəli, xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqının hesablanılaraq tutulması və gecikdirilmiş əmək haqqının müqabilində hər gecikdirilmiş gün üçün 1 faiz məbləğdə ödəncin cavabdeh "xxxx" ASC tərəfindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Çingiz oğlunun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İP/AK/09-17-07 saylı əmək müqaviləsinin surətindən görünür ki, “İşəgötürən” "xxxx" ASC tərəfindən “İşçi” İddiaçı Çingiz oğlu xx.xx.2021-ci il tarixdə 3 ay müddətinə, hər ay vergilər və digər ödənişlər daxil olmaqla, 1356 manat əmək haqqı ödənilməklə, Mərkəzi Təchizat Departamentinin Mərkəzi anbarında baş mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 01 saylı, xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 1699 manat əmək haqqı ödənilir; Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Çingiz oğlu xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Mərkəzi Təchizat Departamentinin Mərkəzi Anbarında baş mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən öz xahişi ilə vəzifəsinə xitam verilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ƏƏSMN-in “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirərkən, cəmiyyətin rəhbərliyi ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verildiyi, araşdırmaya təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışda isə son haqq-hesabın Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərinin pozularaq ödənilmədiyi məlum olmuşdur; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh "xxxx"-nın nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xərci 50 manat İddiaçı Çingiz oğlu tərəfindən ödənilmişdir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1903/2023 saylı qərardadından görünür ki, İddiaçı Çingiz oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəməmühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubu xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-136/2024 saylı qərardadına əsasən mülki iş üzrə İddiaçı hüquq varisi müəyyən edilənə qədər mülki iş üzrə icraat dayandırılmışdır. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 8V-17 reyestr nömrəli Açılmış vərəsəlik işinə əsasən X3 notariat ofisinə vərəsəlik işinin həlli ilə əlaqədar olaraq miras əmlakın qəbuluna dair müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-136/2024 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir; X3 İddiaçı vərəsəsi (hüququ varisi) kimi mülki iş üzrə iddiaçı qismində tanınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Çingiz oğlu xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən Mərkəzi Təchizat Departamentinin Mərkəzi Anbarında “baş mütəxəssis” vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən azad olunmuşdur. Aylıq əmək haqqı hər ay 1699 manat təşkil etmişdir. Hazırda iddiaçı ödənilməmiş əmək haqqının və əmək haqqının ödənilmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş gününə qədər hesablanmaqla dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqının ödənilməsi tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Məhkəmə iddia tələbinin “əmək haqqı ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına görə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı məbləği hesablanaraq cavabdeh "xxxx" ASC-dən İddiaçı vərəsəsi (hüquqi varisi) X1 xeyrinə tutulmalıdır. Bundan başqa əmək haqqı ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı vərəsəsi (hüquqi varisi) X2 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı və əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı vərəsəsi (hüquqi varisi) X2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı hesablanaraq cavabdeh "xxxx" ASC-dən İddiaçı vərəsəsi (hüquqi varisi) X1 xeyrinə tutulsun. Əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı vərəsəsi (hüquqi varisi) X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar