Məhkəmə qərarları › İş №2(005)-1373/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1373/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1373/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X8 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə ("xxxx" BOKT ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın qanunsuz hesab edilməsi və rəyin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «hərrac təşkilatının hərəkətlərinin qanunsuz hesab edilməsi və rəyin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin satışı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən, 1 otaqlı mənzilin "xxxx" BOKT ASC-yə verilməsinə dair xx.xx.2023cü il tarixli rəyinin etibarsız hesab edilməsi, həmin rəyin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə iddiaçı arasında bağlanmış 11 avqust 2015-ci il tarixli 2015/00128- 01 saylı Kredit müqaviləsinə əsasən illik 28 faiz olmaqla, 60 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin üsulu kimi iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 11 avqust 2015-ci il tarixli 3M-1865 reyestr nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-350/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən sonra (Kredit müqaviləsinə əsasən borclu olduğu əsas borcun, faiz borcunun, cərimə borcunun, cəmi 19626.84 ABŞ dolları məbləğində pul tələbinin iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi) İpoteka müqaviləsinə əsasən, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.7 kv.m, 20.7 kv.m yaşayış sahəsi, 12 kv.m yardımçı sahəsi olan 1 otaqlı mənzil, iddiaçının tanımadığı, yəqin ki "xxxx" BOKT ASC-nin maraqlarını güdən, mənzili görməyən, mənzil barədə ümumiyyətlə təsəvvürü olmayan, müstəqil qiymətləndirici tərəfindən guya ki, 30.000 (otuz min) manat məbləğində qiymətləndirilmişdir? İddiaçı bildirir ki, kredit borcunu vaxtlı-vaxtında ödəyəcəyinə əmin olduğundan, hazırki əmlakın belə ucuz, bu tərzdə, baxılmadan, görülmədən qiymətləndirilməsinə əhəmiyyət verməmişdir. Bununla yanaşı, hazırki, daşınmaz əmlak İpoteka müqaviləsi ilə yüklü edilən zaman, həmin mənzildə xx.xx.2013-cü ildən etibarən, dövlət rəhbvərliyinin, Qaçqınlarla iş komitəsinin rəhbərliyinin də məlumatı və razılığı əsasında Kəlbəcər rayonundan olan qaçqın qardaşı etibarnamə əsasında öz ailəsi ilə birlikdə yaşayırdı və bu ailə, hazırki evə bitişik yaşayış sahəsi inşa etmişdir. Hazırda evin ümumi sahəsi 32.7 kv.m deyil, çoxdan 91 kv.metrdir. Beləliklə, Xətai rayon İcra şöbəsinin xx/xx-20472/16 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna və Sabunçu Rayon Məhkəməsinin 2(008)-350/2018 saylı xx.xx.2018-ci il tarixli İcra vərəqəsinə əsasən X2 (iddiaçının) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil cavabdeh "Capitals Auction'' MMC-nin xx.xx.2022-ci il tarixində keçirdiyi hərracda ilkin satış qiyməti 30000 manat olmaqla satılmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixində təkrar hərracda qiyməti 15 % aşağı qiymətlə 25.500 manata hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamışdır. Sonradan “Capitals Auction" MMC-nin direktoru bildirdi ki, "İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 % az olmayan qiymətlə ala bilər. Odur ki, cavabdeh "Capitals Auction” MMC iddiaçıya bildirir ki, ona məxsus evi 19 130 manata "xxxx" BOKT ASC-yə verir. İddiaçı bildirir ki, "xxxx" BOKT ASC-nin idarə rəhbəri Xətai rayon icra və probasiya şöbəsi ilə əlbir olub və iddiaçının savadsızlığından istifadə edərək öz mənafeyi üçün evinin qiymətini 1-ci hərracda 15 %, 2-ci hərracda isə 25 % aşağı salmaqla hərraca çıxarmışdır. Cavabdeh MMC-nin rəhbəri ona bildirmişdir ki, iddiaçıya məxsus evi 19.130 manata "xxxx" BOKT ASC-yə verilir. Beləliklə, Cavabdeh MMC onun evini çox ucuz qiymətə hərraca çıxarmış, qanunazidd hərəkətləri ilə evi su qiymətinə "xxxx" BOKT ASC-yə verilməyini bildirmiş, üstəlik iddiaçının xeyli miqdarda da borcu (15000 manat) qaldığını bildirmişdir. İddiaçı hesab edir ki, belə bir şəraitdə məhkəməyə müraciət etməli, məhkəmə yolu ilə ona məxsus olan ünvan 2 ünvanından yerləşən evi qanunsuz hərəkətləri ilə satmış cavabdehin Cavabdeh MMC-nin sözügedən evin satışı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etməli, mülkiyyətini qanunazidd əməllərdən qorumalıdır. Məhkəmə iclasında "xxxx" BOKT ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz təqdim edərək X5 Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən hərrac nəticələrini əks etdirən protokolların və müqavilələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən hərrac nəticələrini əks etdirən protokolların və müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh hesab edir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Bununla bağlı aşağıdakı əsasların məhkəmənin diqqətinə çatdırılması zəruri hesab edilir: 1. İlk olaraq onu qeyd edirlər ki, Xətai rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-20472/16 saylı sifariş məktubuna əsasən cavabdeh təşkilat tərəfindən hərrac keçirilmişdir. Sifariş məktubu və 2(008)-350/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 82 saylı evin 02 saylı mənzilinin satış qiyməti 30000 müəyyən edilmişdir.

2. Hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il göstərilməklə, ilkin hərrac barədə xx.xx.2022-ci il tarixdə “525-ci” qəzetində elan verilmiş, və bildirişlər tərəflərə göndərilmişdir və bildirişlər tərəflərə çatdırılmışdır. (qoşma kimi əlavə olunur). Hərrac baş tutmadığından ikinci hərrac keçirilmişdir. 3. İkinci hərracın vaxtı xx.xx.2023-cü il göstərilməklə, xx.xx.2022-ci il tarixində “525-ci” qəzetində elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15% endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir (müvafiq sənədlər əlavə edilmişdir). 4.Keçirilən hərrac proseslərindən tərəflər məlumatlı olmuş, hərrac prosesləri keçirilən müddət daxilində Təhməzova Almaz heç bir hərrac prosesində iştirak etməmiş, həmçinin hərrac təşkilatına hər hansı müraciəti olmamışdır. Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 350/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 14085.83 ABŞ dolları əsas, 5491,01 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, cəmi 19626,84 ABŞ dolları borc məbləği qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə olmaqla borc, 31 manat dövlət rüsumu tutularaq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 82 saylı evin 02 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 30.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 82 saylı evin 02 saylı mənzili tutmaya yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən İddiaçı çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan AR ƏN Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Cavabdeh MMC-yə, "xxxx" BOKT ASC-yə və İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 350/2018 saylı icra sənədinə əsasən 30000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzilinə dair hərracın keçirilməsi xahiş olunmuşdur. İş materiallarında olan 525-ci qəzetin surətindən görünür ki, 09 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzilə dair hərrac keçiriləcəyi barədə elan verilmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli, № 405 “açıq hərracın keçirilməsinə dair bildiriş”dən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən Xətai rayon İcra şöbəsi, "xxxx" BOKT ASC və İddiaçı Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 350/2018 saylı icra sənədinə və Xətai rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx- 20472/16 nömrəli sifariş məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzili dəyəri 30000 manat olmaqla, 29 dekabr 2022-ci il tarixində, saat 11:00-da ünvan 4 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli, № 405-1 “açıq hərracın keçirilməsinə dair bildiriş”dən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən Xətai rayon İcra şöbəsi, "xxxx" BOKT ASC və İddiaçı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-350/2018 saylı icra sənədinə və Xətai rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-20472/16 nömrəli sifariş məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzili dəyəri 15% endirimlə 25500 manat olmaqla,19 yanvar 2023-cü il il tarixində, saat 11:00-da ünvan 4 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən "xxxx" BOKT ASC-yə ünvanlanan 24 yanvar 2023-cü il tarixli, 14/405 saylı məktubdan görünür ki, Xətai rayon icra şöbəsinin xx/xx-20472/16 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna və Sabunçu rayon Məhkəməsi 2(008)-350/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzili xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 30000 manat, xx.xx.2023-ci il tarixdə təkrar hərracda 15% aşağı qiymətlə 25500 manata açıq hərraca çıxanlsa da, iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı 525-ci qəzetində İş materiallarında olan xx.xx.2023-ci il tarixində dərc olunmuş “525-ci” qəzetin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzilə dair hərrac keçiriləcəyi barədə elan verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 82, 2 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixində ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan "xxxx" BOKT ASC tərəfindən Cavabdeh MMC-yə və Xətai rayon İcra şöbəsinə ünvanlanan 02 fevral 2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" BOKT ASC İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzilin təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 19125 manata əldə edilməsinə razılıq bildirmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilədən görünür ki, “Təşkilatçı” Cavabdeh MMC Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzilini “Əldə edən” "xxxx" BOKT ASC-nin tam mülkiyyətinə verməyi, "xxxx" BOKT ASC isə həmin daşınmaz əmlakın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Hərrac Təşkilatının 02 fevral 2023-cü il tarixli 12/1 №-li Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-350/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Xətai rayon İcra şöbəsinin xx/xx-20472/16 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzili 19125 manata "xxxx" BOKT ASC-yə satılmışdır. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 10/3138 saylı ekspert rəyinə əsasən ünvan 7 ünvanda yerləşən evin 2 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 69000 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2023-cü il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır. 560.1-ci maddəsinə əsasən, Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzili Sabunçu Rayon Məhkəməsinin 2(008)-350/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Xətai rayon İcra şöbəsinin xx/xx-20472/16 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın ilkin satış qiyməti 30000 manat, əmlakın alış qiyməti təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 19125 manata "xxxx" BOKT ASC hərracda əldə etmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə imzalanmışdır. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, hərrac düzgün şəkildə keçirilməyib və mənzil dəyərindən aşağı qiymətə satılmış, beləliklə hərrac təşkilatçısı tərəfindən kobud şəkildə iddiaçının hüquqları pozulub. Hərracın qanunsuz olaraq keçirilməsi ilə bağlı iddiaçının qeyd etdiyi hallarla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin vəzifəsi hərracın keçirilməsi fəaliyyəti ilə bağlıdır. Mülki iş materiallarından da görünür ki, hərrac təşkilatı öz üzərinə düşən vəzifəsini qanunamüvafiq qaydada yerinə yetirmiş, hərrac keçirilməsi ilə bağlı iddiaçıya müvafiq qaydada bildirişlər göndərilmiş, 525-ci qəzetdə elanlar verilmişdir. Eyni zamanda, məhkəmə iclasında iddiaçının verdiyi izahatlardan da müəyyyən olunmuşdur ki, iddiaçı özü də hərrac keçirilməsi ilə bağlı məlumatlı olmuş və hərracın keçirildiyi gün orada iştirak etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Məhkəmə sadalananlardan əlavə qeyd edir ki, hazırki mülki mübahisə Azərbaycan Respublikası MPM 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Məhkəmə iddia tələbinin Cavabdeh MMC-nin onun evini çox ucuz qiymətə hərraca çıxarması ilə bağlı mübahisələndirilən hissəsini də əsassız hesab edir. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-350/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzilinin ilkin satış qiyməti 30.000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin ilkin satış qiyməti sözügedən qətnamə ilə müəyyənləşdirilmişdir. Belə olan halda, məhkəmə, həmin qətnamənin hazırki mübahisədə preyudisial əhəmiyyətə malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbində fərdi yaşayış evinin məhz hərrac təşkilatı tərəfindən ucuz qiymətə hərraca çıxarılması ilə bağlı dəlili əsassızdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Eyni zamanda sözügedən qətnamədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzilinin ilkin satış qiyməti "xxxx" BOKT ASC ilə İddiaçı arasında bağlanmış 11 avqust 2015-ci il tarixli İpoteka müqaviləsi əsasında 30000 manat dəyərində müəyyən edilmişdir. İddia tələbinin dəlillərinə görə, iddiaçı mübahisəli mənzilin "xxxx" BOKT ASC-yə verilməsinə dair xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsini xahiş etsə də, işin faktiki hallarına əsasən, mülki iş materiallarında belə bir rəyin mövcud olmadığı görünür. Əksinə mülki işdən aydın olur ki, həmin tarixdə təkrar hərrac keçirilmiş, lakin hərracda iştirakçı olmadığından hərrac baş tutmamışdır. Qeyd olunan xüsusatların əsasında müəyyən olunur ki, mübahisəli əmlakın qiymətləndirilməsi ilə bağlı rəy olmamış, həmin qiymət tərəflərin razılığı ilə bağlanmış ipoteka müqaviləsi əsasında müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə, iddiaçının mənzilin satış qiymətinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində aşağı qiymətə satılmasını mübahisələndirməsini əsassız hesab edir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, fərdi yaşayış evinin bazar dəyərinin yüksək olması hərracın qanunsuz hesab edilməsi üçün əsas deyildir. Belə ki, hərrac təşkilatı əmlakın satış qiymətini müəyyən etmir, hərrac təşkilatının vəzifəsi icra məmurunun sifarişini aldıqdan sonra hərracın keçirilməsini təşkil etmək və hərracın keçirilməsinin vaxtı və yeri barədə qanunvercilikdə nəzərdə tutulmuş qaydada tərəfləri məlumatlandırmaqdan ibarətdir. Göründüyü kimi, iddiaçı hərracın etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürərkən hər hansı mötəbər dəlillərə istinad etməmiş, iddia tələbini formal tələblərlə əsaslandırmağa çalışmışdır. Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Nəticə etibarilə məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmur və bununla bağlı iddiaçı tərəfindən də hər hansı əsaslandırma aparılmamışdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə ("xxxx" BOKT ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «hərrac təşkilatının hərəkətlərinin qanunsuz hesab edilməsi və rəyin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə ("xxxx" BOKT ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «hərrac təşkilatının hərəkətlərinin qanunsuz hesab edilməsi və rəyin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar