Məhkəmə qərarları › İş №2(005)-139/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-139/2024

01.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-139/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqı və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona 2023-cü ilin 5 ayın əmək haqqının və istifadə etmədiyi bir ilin məzuniyyət pulunun və Bakı 3 X2 hesabına “Mediasiya xidməti üçün” ödədiyi 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona ödənilməli olan 2700 manatdan 1587 manat ödəniş edildiyini qeyd edərək, qalan 1113 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixli, 24 nömrəli əmrlə Cavabdeh MMC-yə “Mühafizə Bölməsinə mühafizəçi” vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli, 51 nömrəli əmrlə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, öz xahişilə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə xx.xx.2022-ci il tarixli məktubla müraciət etmişdir və Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən cəmiyyətin direktoru X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, cəmiyyətə son haqq-hesabın hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Cavabdeh MMC ilə aralarında olan “əmək haqqının ödənilməməsi barədə” mübahisə ilə əlaqədar ilkin olaraq Bakı 3 X3 müraciət etmişdir. Lakin Cavabdeh MMC Mediasiya Təşkilatının sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, ona işlədiyi dövr ərzində əmək haqqı stabil verilmirdi, əvvəl 440 manat olsa da, sonradan 500 manata qaldırılmışdı. İşdən çıxdıqdan bir neçə ay sonra kartına 500 manat pul köçürülmüşdü. Məhkəmə prosesi dövründə cəmi 1587 manat pul ödənilmişdir. Sonra mühasibatlıqla əlaqə saxladıqda 1140 manata yaxın borclarının qaldığını bildirdilər. Lakin həmin pul ödənilmədi. İşlədiyi dövrdə heç vaxt məzuniyyətə çıxmamışdır. Məzuniyyətə görə pul əvəzi də verilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 441 manat təşkil etmişdir; - Cavabdeh MMC-nin 51 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, mühafizə bölməsinin mühafizəçisi ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir; - X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı aid olan müvafiq sənədlərin təqdim olunması məqsədilə Cavabdeh MMC-nın rəhbərliyinə **********2 nömrəli xx.xx.2022-ci il tarixli məktub (SS698075302AZ) göndərilmiş, lakin heç bir sənəd təqdim olunmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış zamanı İddiaçı ilə cəmiyyətin rəhbəri arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2022-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. xx.xx.2022-ci il tarixli müraciətdə təqdim etdikləri əmək haqqı bank hesabı çıxarışından son haqq-hesabın ödənilməsində Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən cəmiyyətin direktoru X4- Bağırov barəsində Azərbaycan Resoublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 28.06 2022-ci il tarixi MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, cəmiyyətin rəhbərinə son haqqhesabının hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı **********0 nömrəli xx.xx.2022ci il tarixli məktub göndərilmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC xx.xx.2023-cü il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, “mühafizəçi” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixindən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə prosesi dövründə iddiaçıya cavabdeh tərəfindən 1587 manat pul ödənilmişdir. Hazırda iddiaçı əmək haqqı və son haqq-hesabın tam şəkildə ödənilmədiyini əsas gətirərək cavabdehdən 1113 manat məbləğində pulun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Eyni Məcəllənin 83.2 və 172.4-cü maddələrinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hazırki iş üzrə Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və mülki işin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsinə baxmayaraq ekspert tərəfindən tələb edilən sənədlərin cavabdeh tərəfindən təqdim edilməməsi nəticəsində ekspertizanın həyata keçirilməsi mümkün olmamışdır. Sübutlar cavabdehdə olduğundan onun, əmək haqqı hesablanmasına dair cədvəllər, məzuniyyət əmrləri, son haqq-hesabın hesablanması və s. barədə məlumatı və digər sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə tərəfə məhkəmə sorğusu göndərsə də, sübutlar tam şəkildə təqdim edilməmiş, bu səbəbdən ekspertiza keçirilməsi, əmək haqqı və son haqq-hesabın tam şəkildə ödənilib-ödənilməməsi, ödənilməmişdirsə, hansı məbləğdə borcun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Ekspert vəsatətində göstərilmiş müvafiq sənədlərin işəgötürəndə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında tələb edilən məbləğ müəyyən olunmuş hesab edilməlidir. Belə ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halları sübut etmək yükünün işçinin üzərinə qoyulması hüquq bərabərliyinin, mənafelərin haqq-ədalətlə təmin olunması prinsipləri ilə ziddiyyət təşkil edir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Hazırki halda iddia tələbinin əksini sübut etmək vəzifəsinin cavabdehdə olmasını, müvafiq sübutları təqdim etmədiyindən ekspertizanın keçirilməsinin mümkün olmamasını, bununla da iddiaçının öz iddia tələbini sübut etmək vəzifəsindən azad olunduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, ödənilməyən əmək haqqı və son haqq-hesabın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bu məbləğin məhkəmə tərəfindən hesablanması mümkün olmadığından, Mülki Prosessual Məcəllənin 97.5 və 106.2-ci maddələrinin tələbinə uyğun olaraq həmin məbləğ, yəni ekspertiza təyin edilən fakt müəyyən edilmiş hesab edilməlidir. Belə ki, məhkəmə tərəfindən qeyd edilən halları təkzib edən sübutların, eyni zamanda məhkəmə ekspertizasının aparılması üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən təqdim edilməsi üçün kifayət qədər çox vaxt verilərək lazımi şərait yaradılmasına baxmayaraq, o, təqdim etməni həyata keçirməmiş, bununla həm obyektiv, tam və hərtərəfli məhkəmə araşdırmasına mane olmuş, həm də mülki iş üzrə icraatın xeyli müddət uzanmasına səbəb olmuşdur. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən məhkəmə prosesi dövründə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 587 manat pul ödənilmişdir. Həmçinin hesabdan çıxarışdan görünür ki, iddiaçıya 05.2021-ci il tarixindən işdən çıxdığı tarixə, yəni 03.2022ci il tarixədək 11 ay ödənilməli olan əmək haqqı əvəzinə cəmi 3 ay əmək haqqı ödənilmiş, işdən çıxdıqdan sonra isə xx.xx.2022-ci il tarixdə 500 manat pul ödənilmişdir. Həmçinin iddiaçı yanvar ayından başlayaraq əmək haqqının 500 manat olduğunu bildirir. Bununla yanaşı iddiaçı işlədiyi dövrdə məzuniyyətə çıxmadığını və son haqq-hesabın ödənilmədiyini qeyd edərək həmin pulun da ödənilməsini, ümumilikdə 1113 manatın cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışı, iddiaçının əmək haqqı məbləğini, 2021-2022-ci illər üzrə 7-8 ay əmək haqqının və məzuniyyət haqqının (əvəzinin) ödənilmədiyini, işin digər hallarını nəzərə alaraq həmin məbləği ağlabatan hesab edir və iddia ərizəsində qeyd edilən həcmdə, yəni ödənilməmiş əmək haqqı və son haqq-hesaba görə 1113 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Cavabdehin bütün borc məbləğinin ödənilməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, həmin hal yalnız ekspert rəyi əsasında müəyyən edilə bilərdi. Ekspertizanın keçirilməsi isə cavabdehin təqsiri ucbatından mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən ödənilməmiş əmək haqqı və son haqq-hesaba görə (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq) 1113 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilməli olan 31,13 manat pul Cavabdeh MMC-dən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən ödənilməmiş əmək haqqı və son haqq-hesaba görə 1113 (bir min yüz on üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilməli olan 31,13 (otuz bir manat, on üç qəpik) manat pul Cavabdeh MMC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar