Məhkəmə qərarları › İş №2(005)-1450/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1450/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1450/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “sığorta ödənişin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.467.00 (iki min dörd yüz altmış yeddi) manat sığorta ödənişi məbləğinin 500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2.997,00 (iki min doqquz yüz doxsan yeddi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddiasını onunla əsaslandırmışdır ki, “xxxx" ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Sonata" markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Hyundai Sonata’’ markalı,**-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Z.Əliyeva küçəsində yol- nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz C220” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx” ASC 2467.00 (iki min dörd yüz altmış yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin “xxxx" ASC-və təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 046-26689 saylı Arayışa əsasən Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülk məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Sonata” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Hadisə ilə bağlı cəmiyyətə təqdim olunmuş Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Hyundai Sonata“ markalı, **-XG- *** dövlət qeydiyyat nişanlı avtomobili xarici sürücülük vəsiqəsi ilə idarə etmişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Sonata" markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2 467.00 (iki min dörd yüz altmış yeddi) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən Cavabdeh ünvanına xx.xx.2020-ci il tarixli, AS-SHTD-20/434 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İddiaçı “xxxx” ASC məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətinə əsasən “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixli, PAA********** nömrəli müqavilə əsasında verilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi üzrə “Hyundai Sonata" markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibinin mülki məsuliyyəti sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5.000 manat, sığorta müqaviləsinin qüvvədə olma müddəti 1 il qeyd edilmişdir. “Kia Motors” tərəfindən tərtib edilmiş “Qüsur aktı”na əsasən “Mercedes Benz C220” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 2467,00 manat təşkil edir; İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktının surətinə əsasən “xxxx” ASC ilə sığortalı X4 arasında bağlanan PAA********** saylı sığorta şəhadətnaməsi əsasında “Hyundai Sonata" markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil 55.000 manat məbləği həddində sığortalanmış, “Mercedes Benz C220” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2467,00 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi 2467,00 manat təşkil edir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətinə əsasən “xxxx” ASC tərəfindən 2467,00 manat tərəfindən ödənilmişdir; İş materiallarında olan Nəqliyyat vasitəsinin AD seriyalı 332531 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Mercedes Benz C220” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İş materiallarında olan Nəqliyyat vasitəsinin AD seriyalı 388464 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Hyundai Sonata" markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixli, AS-SHTD-20/434 saylı geriyə tələb (subroqasiya) ünvanlanmış məktubun surətinə əsasən cavabdehə hadisə barədə məlumat verilməklə, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta ödənişi həyata keçirildiyi üçün subroqasiya hüququndan istifadə edilərək, zərərin ödənilməsi ondan tələb edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, PAA********** nömrəli müqavilə əsasında verilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi üzrə “Hyundai Sonata" markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Avtomobillə dəymiş zərər 2467.00 (iki min dörd yüz altmış yeddi) manat sığorta ödənişi məbləğinin 500,00 (beş yüz) manat işlərin görülməsini və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləğ də cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; Göründüyü kimi, avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsi nəticəsində sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, avtomobil cavabdeh tərəfindən idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və avtomobilə maddi zərər vurulması və bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər məbləği bu hissədə cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin «500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin» tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin xərcin çəkilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzi qismində Cavabdeh 2467 manat sığorta ödənişi məbləği və 30 manat məbləğində dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzi qismində Cavabdeh 2467 (iki min dörd yüz altmış yeddi manat) manat sığorta ödənişi və 30.00 (otuz) manat dövlət rüsumu, cəmi 2497 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar