Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1454/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı oğlunun və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh MMC-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “EMAS Company" Məhdud Məsuliyyətli Cəmiyyətindən 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “EMAS Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X4 17 noyabr 2014-cü il tarixdə, saat 09 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “LİEBHERR UTM-630” markalı, GJ819TR14İ/0 tranzit qeydiyyat nişanlı yük qaldıran avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “Çermet körpüsü" istiqamətində saatda 78 kilometr sürətlə hərəkətdə olarkən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində əri Emin Həsənov ölmüşdür. Belə ki, Elşad Babayev qeyd olunan tarixdə Ziya Bünyadov prospekti ilə "Çermet körpüsü" istiqamatində hərəkətdə olarkən, həmin prospektin sol kənarında yerləşən “Beta” çay fabrikinin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini, yəni sürücü nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda buna riayət etməyib, həmin tələbləri pozaraq, nəqliyyat vasitəsini saatda 78 kilometr sürətlə idarə edərək, prospekti onun istiqaməti üzrə sağ tərəfdən sol tərəfə qaçaraq keçən piyada X6 avtomobilin qabaq tərəfi ilə vuraraq, ehtiyatsızlıqdan onun sol göz qapağının əzilmiş yaraları, alının qançır və sıyrıqları, hər iki göz yuvası ətrafı yumşaq toxumalarının qançırı, sol yanaq nahiyyəsinin hematoması, dərialtı qansızması, sıyrığı, sol qoltuq çüxurunun yayılmış sıyrığı, sol bazu, said və sol dirsək oynağı, oynaq daxili sümüklərinin sınığı, sol bazunun arxa səthinin səthi dərin sıyrığı, hər iki diz oynağının sıyrıqları, sağ ayağın iç və bayır topuq nahiyyələrinin və sol baldırın arxa sathinin sıyrıqları, başın alın-təpə nahiyyəsində dərialtı qansızma, baş beynin alın paylarının əzilməsi, beyin toxumasına ocaqlı qansızma, kəllə əsası sümüklərinin sınığı, boynun və döş qəfəsinin sol ön-yan səthinin yumşaq toxumalarına qansızma, sol İİ-Vİ qabırğaların sınığı, sol ağ ciyər toxumasının əzilməsi ilə nəticələnən, sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, Emin Həsənov aldığı xəsarətlərdən həmin gün saat 12-də Bakı şəhəri X9 ölmüşdür. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırılmış, Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli 1(005)-91/20İ5 nömrəli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm 08 may 2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli 1 (005)-91 /2015 nömrəli qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli 1(005)-91/2015 nömrəli qanuni qüvvə minmiş hökmünün 4-5-ci səhifələrində qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X2 məhkəmə-tibbi ekspertizasının 03 fevral 2014-cü il tarixli, 89 nömrəli rəyindən görünür ki, X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamam aşağıdakı xəsarətlər aşkar edilmişdir sol göz qapağının əzilmiş yaraları, alının qançır və sıyrıqları, hər iki göz yuvası ətrafı yumşaq toxumalarının qançırı, sol yanaq nahiyyəsinin hematoması, dərialtı qansızması, sıyrığı, sol qoltuq çuxurunun yayılmış sıyrığı, sol bazu, said və sol dirsək oynaq daxili sümüklərinin sınığı, sol bazunun arxa səthinin səthi dərin sıyrığı, hər iki diz oynağının sıyrıqları, sağ ayağın iç və bayır topuq nahiyyələrinin və sol baldırın arxa səthinin sıyrıqları. Daxili müayinə zamanı başın alın-təpə nahiyyəsində darialtı qansızma, baş beynin alın paylarının əzilməsi, beyin toxumasına ocaqlı qansızına, kəllə əsası sümüklərinin sınığı, boynun və döş qəfəsinin sol ön-yan səthinin yumşaq toxumalarına qansızma. sol İİ-Vİ qabırğaların sınığı, sol ağ ciyər toxumasının əzilməsi. Göstərilən xəsarətlər həyatıdır, mərhumun ölümündan az əvvəl güclü küt zərbə təsirindən törənmişdir və qərarın təsviri hissəsində göstərilən şəraitdə-yəni hərəkətdə olan nəqliyyat vasitəsinin qabarıq hissələri ilə vurulma, sonra isə yıxılarkən yer örtüyünə dəymə zamanı əmələ gələ bilərdi. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə ağır zərər vurmanın əlamətlərini daşıyırlar. Emin Həsənovun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı kəllə sümüklərinin sınması nəticəsində inkişaf edən baş beyin toxumasının əzilməsi, beyin toxumasına qansızma səbəb olmuşdur, ölüm 17 noyabr 2014-cü il tarixdə saat 12-da xəstəxanada baş- vermişdir. Emin Həsənovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti, narkotik və psixotrop maddələr aşkar edilməmişdir. Rəyi oxuyarkən xəsarətlərin sayından adamın əhvalı pisləşir. Düşünün o meyiti görmək ona nələr yaşadır. Cavabdehin işçisinin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində yaxın qohum sayılan uşağının atası, əri öldüyünə görə ona mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ailəni dolandıran, yaxın qohum sayılan ərinin faciəvi şəkildə ölməsindən sonra davamlı iztirablara məruz qalır. Həyat yoldaşını bir daha görə bilməyəcəyini dərk etdiyindən acizlik çəkir, sarsıntı, iztirab keçirir. Beş il birgə yaşadığı əziz insan faciəvi səkildə, gənc yasında ölmüşdür. 25 yaşlı bir qadın olaraq həyatının məhv olduğunu hər gün düşünmək iztirablarını təzələyir. Övladının atasız qalması, uşağın hər gün atasını soruşması çox ağırdır, uşağın "atamı istəyirəm, hanı mənim atam, deyin gəlsin*' ifadələrini eşitmək qəlbini parçalayır. Onun gözlərindəki ümidsizlik, acizlik, köməksiz vəziyyət, göz yaşları baş vermiş hadisəni unutmağa imkan vermir. Gənc qadın olaraq ömrümün sonunadək dul qalmaq, övladını atasız böyütmək, onun qayğısını necə çəkəcəyini düşünmək, tələbatlarını necə qarşılayacağı və sair bu kimi bitməyən qeyri-müəyyənlik həyatının normal ahəngini pozmuş, yaşama sevincini azaltmışdır. Hadisədən 7 il keçməsinə baxmayaraq çəkdiyi nigarançılıq, ruhi sarsıntı və iztirablar yüngülləşməmişdir. Ona görə mənəvi zərərin ödənilməsi üçün məhkəmədə iddia qaldırmışdır. İşin hallarına əsasən cavabdehin işçisinin hüquqazidd hərəkəti nəticəsində onun fiziki mənəvi əzab çəkməyim şübhəsizdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Qeydiyyat imtahan İdarəsinin 016-941-1221 nömrəli 06 yanvar 2022-ci il tarixli məktubundan və qoşması olan nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, “EMAS Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin adında 25.09.2017-ci il tarixdən “LİEBHERR UTM-630 Xüsusi təyinatlı” markalı 99-JN-l 17 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Qeydiyyat ünvanı olaraq ünvan 1mişdir. Cavabdehin hüquqi ünvanına dair İnternet Vergi idarəsinin reyestr məlumatlarında da eyni qeyd mövcuddur. Yəni, cavabdehin idianın tam təmin edilməsi üçün kifayət qədər daşınar və daşınmaz əmlakı var. Bəlkə bu əzab və iztirabları yüngülləşər deyə mənəvi zərərin ödənilməsini tələb etmək qərarına gəlmişdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini ancaq bu iztirabı yaşayan şəxs təyin edə bilər. Ona görə düşünür ki, qeyd olunan halları, ailənin qazanc gətirəni, uşağın atası olan gənc ərinin ölməsini nəzərə alaraq, gənc qadın kimi ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 40000 manat məbləğində pulun cavabdeh “EMAS Company" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona ödənilməsi iztirablarının yüngülləşməsinə səbəb olar. Ümid edir ki, məhkəmə keçirdiyi iztirablarının yüngülləşməsinin mümkün ola biləcəyini təxmin etsə də, unudulması mümkün olmaması səbəbindən ömür boyu davam edəcəyini nəzərə alaraq, mənəvi zərərin miqdarını tam şəkildə təmin edərək, pozulmuş hüquqlarını və ədaləti bərpa edəcəkdir. Məhkəmə iclasında İddiaçı oğlunun və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-91/2015 saylı, 17.04.2022-ci il tarixli hökmündən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş və 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X8 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanması, iş üzrə məhkəmə xərci 70 (yetmiş) manat X3 alınaraq Dövlət büdcəsinə keçirilməsi, X8 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmlə müəyyən edilmişdir: Archico and Pfeiffer Company MMC-nin 01 oktyabr 2013- cü il tarixli 20 nömrəli əmrindən çıxarışdan görünür ki, X8 həmin tarixdən MMC-yə kran operatoru vəzifəsinə qəbul edilmişdir. Cavabdeh MMC-nin 28 noyabr 2014-cü il tarixli 07 nömrəli əmrindən çıxarışdan görünür ki, X8 öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, “LİEBHERR UTM-630” markalı, GJ819TR14İ/0 tranzit qeydiyyat nişanlı yük qaldıran avtomobil Cavabdeh MMC-yə məxsusdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə işgörən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır və təmin olunur, əgər cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxırsa tələb rədd edilir. Hazırda iddiaçı cavabdeh təşkilatın işçisinin əməli nəticəsində baş vermiş qəzada ərinin ölümünə görə çəkdiyi mənəvi zərərin əvəzini Cavabdeh MMC-dən tələb edir. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1, 1099.1-ci maddələri nəzərdən keçirir. (§ 24-25, 27-28). Göründüyü kimi həmin normalara əsasən cavabdeh təşkilatın iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqa zidd olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə, zərəri vuran şəxsin cavabdehin işçisi olması və zərərin əmək funksiyalarının icrası zamanı yetirilməsi. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Cavabdeh MMC-nin işçisi Elşad Babayev yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydasını pozması nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə “Çermet körpüsü” istiqamətində saatda 78 km sürətlə hərəkətdə olarkən “LİEBHERR UTM-630” markalı, GJ819TR14i/0 Tranzit qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçının əri Emin Həsənov ölmüşdür. Elşad Babayevin hadisənin baş verməsində təqsirli bilinərək məhkəmənin hökmü ilə məhkum olunması da işin mübahisəsiz hallarıdır. Göründüyü kimi, MM-in 1096.1-ci və 1099.1-ci maddələrinin dispozisiya şərtləri, yəni cavabdehin işçisinin təqsirli şəkildə törətdiyi qeyri-hüquqi əməl nəticəsində iddiaçının ərinin ölməsi iş materialları ilə tam təsdiq olunur. Məhkəmə onu da nəzərə alır ki, ərinin ölümü faktı iddiaçının mənəvi zərər çəkməsi nəticəsinə gəlmək üçün kifayətdir. Çünki, ərini gözlənilməz şəkildə itirən qadının ciddi iztirab keçirməsi, bu sarsıntının mənfi psixi reaksiyaya səbəb olmaqla ona mənəvi əzab verməsi şübhəsizdir və belə halların başqa dəlillərlə sübuta ehtiyacı yoxdur. Digər tərəfdən işçisinin səbəb olduğu zərərə görə cavabdeh təşkilat məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, işəgötürənin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır. Belə ki, qanunla zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (§ 26). Bu halda işəgötürənin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki yuxarıda sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən hüquqi və ya fiziki şəxsin üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyini yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmiş və işəgötürən bu zərərdən məsul tutulmuşdur. Göründüyü kimi işçi çalışdıran şəxsin məsuliyyəti öz nəzarət (hakimiyyət) sahəsində baş verən hadisələrə görə cavabdehlik əsasına söykənir (§ 28). Yəni, hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyyatlılığı göstərmə öhdəliyini daşıyır. Belə ki, işçisini seçərkən, ona işi ilə əlaqədar təlimat verərkən və onun işinə nəzarət edərək yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi, eləcə də əmək şəraiti zərərin yaranmasına əlverişli olduğundan işəgötürənin məsuliyyəti qaçılmazdır. Göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmək olur ki, iddiaçı, ona dəymiş mənəvi zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə ki, cavabdeh QSC-nin işçisi qanunsuz əməlləri törətsə də, səbəb olduğu qəza və meydana gələn nəticə eynidir (Emin Həsənovun ölümü). Məlum olduğu kimi, Mülki Məcəllənin 1113-cü maddəsinə görə, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən norma analogiya qaydasında tətbiq edildikdə Cavabdeh MMC vurulmuş zərərə görə iddiaçı qarşısında birgə borclulardan biri hesab olunur. Birgə borclular o şəxslərdir ki, öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilir, kreditor da birdəfəlik icranı tələb etmək hüququna malik olur. Yəni kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır (§ 21- 23). Belə olan halda, iddiaçının çəkdiyi mənəvi zərərin əvəzini tam olaraq birgə borclu “Cavabdeh MMC-dən tələb etmək hüququ vardır. Bu hal zərərin əvəzini ödəyəcək Cavabdeh MMC-nin digər zərərvuranlardan təqsirin dərəcəsinə uyğun məbləğdəki hissəni reqres qaydada tələb etmək hüququnu aradan qaldırmır (§ 30). Mənəvi zərərin əvəzinin hansı həcmdə tutulması ilə bağlı qeyd edilməlidir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndinə görə, zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə cavabdehin işçisinin törətdiyi mülki hüquq pozuntusunun insan ölümü kimi mühüm itgi ilə nəticələnməsini, Emin Həsənovun həyatdan məhrum olmasını, bu cür gözlənilməz itginin onun ailə üzvlərinə verdiyi sarsıntını və mənəvi əzabı, iddiaçının yaşını və maddi vəziyyətini, eləcə də zərərə görə məsul olan Cavabdeh MMC-nin maliyyə imkanlarını nəzərə alaraq hesab edir ki, 10.000 manat təzminat ədalətli məbləğ hesab edilməlidir. Məhkəmə onu da nəzərə alır ki, iddiaçı baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, yeddi il sonra mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu xüsuat da təzminatın həcminin azaldılmasına təsir edən amil kimi qiymətləndirlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10000 (on min) manat mənəvi zərər İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1454/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1454/2022
24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver