Məhkəmə qərarları › İş №2(005)-1484/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1484/2022

14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1484/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı Kazımlı (Sadıqova) Aytən Dərgah qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Kazımlı (Sadıqova) Aytən Dərgah qızının Cavabdeh qarşı müəyyən edilmiş “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Kazımlı (Sadıqova) Aytən Dərgah qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan 14.06.2018-ci il təvəllüdlü X4 və 29.07.2019-cu X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin və uşağın 3 yaşına çatanadək əlavə 100(bir yüz) manat məbləğində əlavə xərclərin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Kazımlı (Sadıqova) Aytən Dərgah qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21.12.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 14.06.2018-ci il təvəllüdlü Sara adlı qızları və 29.07.2019-cu il təvəllüdlü Adəm adlı oğulları dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətlər pisləşmiş və ayrılmaq qərarına gəlmişlər. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 715/2022 saylı, 24.01.2022-ci il tarixli qətnaməsi ilə nikahın pozulması, azyaşlı övladların iddiaçının yanımda qalması qət edilmişdir. Mediasiya prosesi zamanı cavabdehlə uşaqların saxlanılması barədə razılığa gəlsələr də, sonradan cavabdeh alimentin ödənilməsindən boyun qaçırmışdır. Bu səbəbdən də, uşaqların saxlanılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Kazımlı (Sadıqova) Aytən Dərgah qızı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək aliment ödəməyə razı olduğunu, lakin artırılmasını istəmədiyini bildirdi. 100 manat əlavə xərclə razı deyil, iddiaçı saç ustasıdır, özünün də gəlirləri var. Əvvəlki tutulmuş aliment məbləğini vaxtlı-vaxtında ödəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 07.08.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 322464 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29.07.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 07.08.2019-cu il tarixdə 4328 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; 1 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 03.08.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 142007 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14.06.2018-ci ıl tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 03.07.2018-ci il tarixdə 3507 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Mediasiya Şurasının 20.12.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarında bağlanmış 21.12.2016-cı il tarixli, 1 saylı "Asan Xidmət" mərkəzində qeydiyyatda olan nikahın pozulması, övladları 14.06.2018-ci il təvəllüdlü X4 və 29.07.2019-cu il təvəllüdlü X5 anaları İddiaçı himayəsində qalması barədə razılığa gəlmişlər. 2.1.1 Tərəflər İddiaçı Cavabdeh ilə 20.12.2021-ci ıl tarixdən hesablanmaqla atası X3 hər uşağa görə hər ay 175 AZN sabit pul məbləğində alimenti uşaqlar yetkinlik yaşına çatana qədər anası İddiaçı ATB-cə olan 5213-6751-7567-7245 hesab nömrəsi ödənilməsi barədə razılığa gəlmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-715/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli Qətnaməsinin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında 21.12.2016-cı il tarixdə 1 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsində 2558 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması və 14.06.2018-ci il təvəllüdlü X7 və 29.07.2019-cu il təvəllüdlü X6 İddiaçı yanında saxlanılması qət edilmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahından 14.06.2018-ci il təvəllüdlü X7 və 29.07.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Hazırda iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat müəyyən edilməsini tələb edir. Uşaqlara alimentin ödənilməsi ilə bağlı tərəflər öz aralarında hər hansı saziş bağlamamışlar. Cavabdehin əmək fəaliyyəti ilə məşğul olması və müntəzəm aylıq gəlirə malik olması halı müəyyən edilməmişdir. Məhkəmə iclasında iş üzrə tərəflərin faktiki ayrı yaşadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən aliment almaq üçün cavabdehə müraciəti və cavabdehin bundan imtinasına dair hər hansı sübut məhkəmə baxışı zamanı təqdim edilməmişdir. İddia ərizəsi məhkəməyə 24.02.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 1935 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur, cavabdehin müntəzəm aylıq gəlirə malik olması müəyyən edilməmişdir. İddiaçı uşağın saxlanılması üçün aliment miqdarını hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat müəyyən edilməsini tələb edir. Məhkəmə hesab edir ki, 14.06.2018-ci il təvəllüdlü X4 və 29.07.2019-cu il təvəllüdlü X1 üçün iddiaçı Kazımlı (Sadıqova) Aytən Dərgah qızı tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində müəyyən edilməli, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi, yəni 24.02.2022-ci il tarixdən hesablanmalıdır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. “Uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay hər uşaq üçün 193 manat müəyyən edilməsi ağlabatandır. İşləməməsi və maddi vəziyyətinin aşağı olması barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hallar onu övladlarıının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Eyni zamanda, məhkəmə uşağın 3 yaşına çatmamasını nəzərə alıb hesab edir ki, uşaq 3 yaşına çatanadək cavabdeh iddiaçıya maddi köməklik göstərməli, iddia tələbi bu hissədə də qismən təmin edilməli, 14.06.2018-ci il təvəllüdlü X4 və 29.07.2019-cu il təvəllüdlü X5 xeyrinə hər ay tutulmalı olan aliment 50 manat məbləğində müəyyən edilməlidir. Həmin məbləğ də cavabdehin məhkəməyə müraciət etdiyi, yəni 24.02.2022-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 14.06.2018-ci il təvəllüdlü X4 və 29.07.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Kazımlı (Sadıqova) Aytən Dərgah qızının xeyrinə tutulmalı, aliment məbləği məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 24.02.2022-ci il tarixdən hesablanmalı, 29.07.2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək (24.02.2022-ci il tarixdən hesablanmaqla) Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Kazımlı (Sadıqova) Aytən Dərgah qızının xeyrinə tutulmalıdır, Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (illik cəmi 5232 manat) (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 72,32 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 14.06.2018-ci il təvəllüdlü X4 və 29.07.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment Kazımlı (Sadıqova) Aytən Dərgah qızının xeyrinə tutulsun. 29.07.2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Kazımlı (Sadıqova) Aytən Dərgah qızının xeyrinə tutulsun. (24.02.2022-ci il tarixdən başlayaraq) Aliment məbləği 24.02.2022-ci il tarixdən hesablansın. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 72,32 (yetmiş iki manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar