Məhkəmə qərarları › İş №2(005)-1525/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1525/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1525/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə 03 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən cavabdehin həmin bankda olan hesabına qoyulmuş 85.000 (səksən beş min) manat məbləğində pul vəsaiti və onun üzərinə hesablanmış faiz məbləği bölünərək 1/2 hissəsinə iddiaçı olaraq onun və 1/2 hissəsinə isə Cavabdeh1 pay hüququnun müəyyən edilməsi, həmin pul vəsaitinin iddiaçı şəxs olaraq ona düşən hissəsinin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə Salyan Rayon Qeydiyyat Şöbəsində 07 mart 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 24 noyabr 2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Nikaha daxil olduqları ilk vaxtlarda mehriban ailə kimi yaşamaqlarına baxmayaraq, son dövrlərdə tərəflərin arasında meydana gələn söz-söhbətlər bir ailə kimi birlikdə yaşamaqlarını qeyri-mümkün etmişdir. Ona görə də o nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmiş və həmin işə hazırda Salyan Rayon Məhkəməsində baxılmaqdadır. Cavabdeh1 ilə ailəli olduqları dövrdə ailənin ümumi birgə vəsaiti olan 85.000 (səksən beş min) manat məbləğində pul vəsairi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış müqavilə əsasında sonuncunun adına həmin bankda açılmış bank hesabında əmanət kimi qoyulmuşdur. Hesab edir ki, sözügedən pul məbləği birgə nikah dövründə əldə edilmiş pul vəsaiti olduğundan bu pul vəsaitinə tərəflərin pay hüquqları məhkəmə qaydasında müəyyən edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil 30 aprel 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında 06 iyul 2020-ci il tarixdə bağlanmış bank əmanəti müqaviləsi əsasında Cavabdeh1 tərəfindən 10 iyul 2020-ci il tarixdə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən məxaric edilmiş 93.100 (doxsan üç min bir yüz) manat məbləğində pul vəsaitinin 1/2 hissəsinə iddiaçı şəxsin pay hüququnun müəyyən edilməsi və ona çatası həmin pul vəsaitinin Cavabdeh1 iddiaçı şəxsin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən əmanət məbləği 10 iyul 2020-ci il tarixdə cavabdeh tərəfindən çıxarılmışdır. Həmin dövrdə iddiaçı ilə cavabdeh arasında münasibətlər normal olmuşdur. Çıxarılan məbləğin müəyyən hissəsi tələb olunan xərclərə çox hissəsi isə borcların qaytarılmasına sərf olunmuşdur. İddiaçı tərəf izahatında bildirir ki, guya 07 iyul 2020-ci il tarixində iddiaçı cavabdehin telefonuna baxaraq ona xəyanət etdiyini müəyyən etmiş və evi tərk etmişdir. Yəni həmin tarixdən guya ayrı yaşamışlar və cavabdeh də üç gün sonra, yəni 10 iyul 2020-ci il tarixində əmanət məbləğini çıxarmışdır. İzahatında onu da qeyd etmişdir ki, nikahın pozulması barədə iddia ərizəsində 07 iyul 2020-ci il tarixində iddiaçı cavabdehin telefonuna baxaraq ona xəyanət etdiyini müəyyən etdiyini bildirmişdir. Halbuki həmin nikahın pozulması barədə iddia ərizəsinə baxdıqda görsənir ki, bu barədə iddia ərizəsində heç bir məlumat göstərilmir. Ümumiyyətlə iddiaçı 07 iyul 2020-ci il tarixdən iddiaçının evi tərk etməsini və onların ayrı yaşamasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Ancaq bu faktdır ki, iddiaçı nikahın pozulması barədə iddianı 2021-ci ilin fevral ayında (əmanət məbləğinin çıxarılmasından 7 (yeddi) ay sonra) qaldırmışdır. Bu fakt onu təsdiq edir ki, bu dövrdə onlar birgə yaşamışlar və birgə təsərrüfat idarə etmişlər. Sadəcə olaraq iddiaçı bankdan əmanət məbləğinin 10 iyul 2020-ci il tarixdə çıxarılmasını təsdiq edən cavab gəldikdən sonra həmin tarixə uyğun olaraq bu cür izahat vermişdir. Sual yaranır ki, əgər xəyanət var idisə və tarixi bəlli idisə sorğuya cavab gəlməmişdən bu barədə məlumat niyə verilmirdi. Bundan başqa iş materiallarına əlavə etdikləri borc sənədlərindən görsənir ki, cavabdeh 2019-cu ilin may ayında müxtəlif tarixlərdə X2 19.000 (on doqquz min) manat, X5 15.000 (on beş min) manat, X6 30.000 (otuz min) manat, X7 17.000 (on yeddi min) manat olmaqla, cəmi 81.000 (səksən bir min) manat məbləğində borc almışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən də görünür ki, həmin borc məbləğləri 2020-ci ilin iyul ayında geri qaytarılmışdır. Yuxarıda adları çəkdiyi şahidlər məhkəmə prosesində dindirilmiş və borc münasibətlərini təsdiq etmişlər. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 bildirmişdir ki, Cavabdeh1 06 iyul 2020-ci il tarixdə yerləşdirilən 89.000 (səksən doqquz min) manat məbləğindəki əmanətini həmin tarixdə üzərinə əlavə etdiyi 4.100 (dörd min bir yüz) manat məbləğində vəsaitlə birlikdə 93.100 (döxsan üç min bir yüz)manat miqdarında pul vəsaitini 10 iyul 2020-ci il tarixində hesabından məxaric etmişdir. Bu baxımdan iddia tələbinin təmin edilibedilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında ifadə verən şahid X13 ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun qonşusudur. O, Cavabdeh1 10 may 2019-cu il tarixdə 17.000 (on yeddi min) manat məbləğində pul borc vermiş və sonuncu həmin borcu 2020-ci ilin avqust ayında qaytaracağına söz vermişdir. Borc Cavabdeh1 tərəfindən iyun 2020-ci il tarixdə qaytarılmış və cavabdeh şəxsin ona heç bir borcu qalmamışdır. Borcun nə məqsədlə götürməsinin səbəbini ona bildirməmişdi. Məhkəmə iclasında ifadə verən şahid X14 ifadəsində bildirmişdir ki, o Cavabdeh1 həm dostu, həm qonşusudur. Məzahir hardasa ondan may 2019-cu il tarixdə 15.000 (on beş min) manat məbləğində pul borc vermiş və sonuncu həmin borcu 2020-ci ilin avqust ayına qədər qaytaracağına söz vermişdir. Hazırda borc məbləği Cavabdeh1 tərəfindən müəyyən edilmiş vaxtda, yəni iyul 2020-ci il tarixdə qaytarılmış və cavabdeh şəxsin ona heç bir borcu qalmamışdır. Məhkəmə iclasında ifadə verən şahid X15 ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun qaynıdır. O, Cavabdeh1 15 may 2019-cu il tarixdə 30.000 (otuz min) manat məbləğində pul borc vermiş və sonuncu həmin borcu 2020-ci ilin avqust ayına qədər qaytaracağına söz vermişdir. Cavabdeh1 tərəfindən müəyyən edilmiş vaxtda, yəni iyul 2020-ci il tarixdə qaytarılmış və cavabdeh şəxsin ona heç bir borcu qalmamışdır. Məhkəmə iclasında ifadə verən şahid X10 ifadəsində bildirmişdir ki, o Cavabdeh1 atasının qonşusudur, yaxın münasibətləri var. O Cavabdeh1 17 may 2019-cu il tarixdə 19.000 (on doqquz min) manat məbləğində pul borc vermiş və sonuncu həmin borcu 2020-ci ilin avqust ayına qədər qaytaracağına söz vermişdir. Hazırda borc məbləği Cavabdeh1 tərəfindən müəyyən edilmiş vaxtda, yəni iyul 2020-ci il tarixdə qaytarılmış və cavabdeh şəxsin ona heç bir borcu qalmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 10 mart 2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, tibb xidməti baş leytenantı Cavabdeh1 20 fevral 2017-ci il tarixdən Silahlı Qüvvələrin Baş X1 və bərpaedici cərahiyyə şöbəsinin Üz-çənə cərahiyyəsi bölməsinin ordinatoru vəzifəsində hal-hazıradək xidmət edir. Onun aylıq əmək haqqı 813,01 (səkkiz yüz on üç manat bir qəpik) manat məbləğində təşkil edir; Salyan Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(057)-489/2021 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən 66 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş 07 mart 2009-cu il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş 24 noyabr 2009-cu il təvəllüdlü X4 və 07 yanvar 2014cü il təvəllüdlü X11 anaları İddiaçı yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01 fevral 2021-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və ya digər gəlirlərinin 1/3 hissəsinin miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir; Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin 19 aprel 2021-ci il tarixli məkrubunun məzmunundan görünür ki, Cavabdeh1 06 iyul 2020-ci il tarixdə yerləşdirilən 89.000 (səksən doqquz min) manat məbləğindəki əmanətini həmin tarixdə üzərinə əlavə etdiyi 4.100 (dörd min bir yüz) manat məbləğində vəsaitlə birlikdə 93.100 (döxsan üç min bir yüz)manat miqdarında pul vəsaitini 10 iyul 2020-ci il tarixində hesabından məxaric etmişdir; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 125-ci maddəsinin 7-ci bölməsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən 66 nömrəli akt qeydi ilə 07 mart 2009-cu il tarixdə nikah rəsmiləşdirilmiş, tərəflərin birgə nikahlarından 24 noyabr 2009-cu il təvəllüdlü X4 və 07 yanvar 2014-cü il təvəllüdlü X11 anadan olmuşlar. Cavabdehlə ailə münasibətləri korlandığından Salyan Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(057)-489/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların anaları İddiaçı yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01 fevral 2021-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və ya digər gəlirlərinin 1/3 hissəsinin miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 birgə nikah dövründə 2012-ci ildən başlayaraq müxtəlif məbləglərdə əmanət müqavilələri bağlanmış, daha sonra məbləglər çıxarılmış, yenisi yerləşdirilmişdır. 06 iyul 2020-ci il tarixdə yerləşdirilən 89.000 (səksən doqquz min) manat məbləğindəki əmanətini həmin tarixdə üzərinə əlavə etdiyi 4.100 (dörd min bir yüz) manat məbləğində vəsaitlə birlikdə 93.100 (döxsan üç min bir yüz) manat miqdarında pul vəsaitini 10 iyul 2020-ci il tarixində hesabından məxaric etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında 06 iyul 2020-ci il tarixdə bağlanmış bank əmanəti müqaviləsi əsasında Cavabdeh1 tərəfindən 10 iyul 2020-ci il tarixdə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən məxaric edilmiş 93.100 (doxsan üç min bir yüz) manat məbləğində pul vəsaitinin 1/2 hissəsinə iddiaçı şəxsin pay hüququnun müəyyən edilməsi və ona çatası həmin pul vəsaitinin Cavabdeh1 iddiaçı şəxsin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək, müvafiq pul vəsaitinin ailə xərcləri ilə bağlı götürülmüş borc məbləğlərinin qaytarılması üçün bankdakı hesabından məxaric etdiyini bildirərək, iddia tələbini əsassız hesab edərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qanunun tələbindən göründüyü kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə tələb olunan pul vəsaiti tərəflərin birgə nikahları müddətində əldə edilmiş və birgə nikah dövründə ailənin ehtiyacları xərclərinə sərf edilmişdir. Göründüyü kimi, qeyd edilən pul vəsaitləri tərəflərin birgə nikah dövrünü əhatə edir, birgə nikah dövründə götürülmüş borcları, onların bütünlüklə ödənilməsi qeyd edilən birgə nikah dövrünə aid edilmişdir. Bütün bu vəsaitlər də birgə nikah dövründə tərəflərin birgə və zəruri xərclərini qarşılamış, ailənin zəruri ehtiyaclarına xərclənmişdir. Belə ki, məbləg çıxarıldıqdan sonra da tərəflər 7 ay bir yerdə yaşamışlar və birgə təsərrüfat aparmışlar. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edə biləcək müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə iddiaçı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçı şəxsin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar