Məhkəmə qərarları › İş №2(005)-1538/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1538/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1538/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AccessBank” QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə (Maraqlı şəxs2 QSC və Maraqlı şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın yekunlarına dair protokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə (Maraqlı şəxs2 QSC və Sumqayıt şəhəri İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın yekunlarına dair protokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mirzəyeva Rəhilə Babalı qızının mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 257 saylı fərdi yaşayış evinə görə “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC ilə Maraqlı şəxs2 QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(060)-995/2018 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs2 QSCnin cavabdeh X1 və qeyrilərinə qarşı "borcun ipoteka predmetinə yönəldilməsi və s. əmlakın hərracdan satılaraq tələbin ödənilməsinə dair” mülki iş üzrə iddiası qismən təmin edilmiş, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsində Mirzəyeva Rəhilə Babalı qızına məxsus 257 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(105)-1347/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(060)-995/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçının mənzildən çıxarılma və mənzilin boşaldılması hissəsində təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(105)-1347/2021 saylı qətnaməsinin icrası məqsədilə "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 257 saylı fərdi yaşayış hərrac xx.xx.2022-ci ildə həmin hərrac baş tutmadığından təkrar hərracda qiymət 244800 manat olmaqla xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-105/2021 saylı qərarı ilə iddiaçı "AccessBank” QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(105)-112/2020 saylı qətnaməsi qismən - ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılınası üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Təkrar hərrac da baş tutmamış elan olunduğundan ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş. "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC ilə "AccessBank” QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə Protokola və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə həmin tarixli müqaviləyə əsasən Mirzəyeva Rəhilə Babalı qızının mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 257 saylı fərdi yaşayış evi həmin bank tərəfindən 183600 manata əldə edilmişdir. Bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasını həyata keçirən Maraqlı şəxs1 və Hərrac Mərkəzi keçirilən hərraclar barədə iddiaçını məlumatlandırmamışdır. Cavabdeh iddiaçıya keçirilən hərracın yeri və vaxtı barədə rəsmi bildiriş verməmişdir. İddiaçı bildirir ki, hərracda iştirak etsəydi, əmlakın pulunu ödəyərək onu alardı, lakin cavabdeh qəsdən keçiriləcək hərrac barədə onu məlumatlandırmamışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs AccessBank” QSC-nin nümayəndəsi X4 iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, eyni əmlak, eyni protokol, eyni tərəflər, eyni predmet üzrə ipoteka qoyan hərracı mübahisələndirmişdir. Ali Məhkəməyə qədər hüquqi çəkişmə davam etmiş və hərrac qayda-qanunla, əsaslı keçirildiyi üçün ipoteka qoyanın iddiası təmin edilməmişdir. Sonradan borclunun eyni predmet ürzə iddia qaldırması (baxmayaraq ki, ipoteka predmetinin mülkiyyətçisi deyil) hesab edilir ki, subyektiv hüququnun olmaması ilə yanaşı qanunvericiliyin verdiyi hüquqlardan sui-istifadə halıdır. Həmçinin müqavilənin etibarsızlığı üçün iddia müddəti olan Mülki Məcəllənin müəyyən etdiyi 1 illik müddətdə çoxdan keçmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs AccessBank” QSC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfə güzəştlər də təklif olunmaqla danışıqlar aparılsa da, nəticəsi olmamışdır. Hazırki əmlakla bağlı məsələ başqa məhkəmə icraatında mülkiyyətçinin özü tərəfindən də mübahisələndirilmiş və Ali Məhkəmənin müvafiq qərarı ilə onun kassasiya şikayəti təmin edilmişdir. Həmçinin, ipoteka qoyan şəxs də, hazırki iddiaçı deyil, onun həyat yoldaşıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri İcra şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən İddiaçı və X7 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində olan 0.0225 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 366.2 kv.metrdən ibarət 257 nömrəli fərdi yaşayış evi hərrac vasitəsi ilə satıldığından adıçəkilən evdən könüllü qaydada çıxmağı xahiş olunmuş, əks təqdirdə məcburi qaydada çıxarılacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-105/2021 saylı qərarına əsasən iddiaçı “AccessBank" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-112/2020 nömrəli iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi qismən - ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, cavabdeh Mirzəyeva Rəhilə Babalı qızının kassasiya şikayəti təmin olunmaması, qətnamə iş üzrə keçirilmiş qiymətləndirmə xərcinin bir hissəsinin iddiaçıya aid edilməsi və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3405/2023 saylı qərarına əsasən iddiaçı Mirzəyeva Rəhilə Babalı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-3043/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3043/2023 saylı qətnaməsinə əsasən iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2023 saylı 24 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 01 №-li “açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən müəyyən olunur ki, «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən İddiaçı, Mirzəyeva Rəhilə Babalı qızına, X7, X5, Maraqlı şəxs1nə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1347/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Sumqayıt şəhəri, 17 mkr-da yerləşən 67 saylı evin 5 saylı mənzilinin ilkin satış qiyməti 45 000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 288 000 manat olmaqla, xx.xx.2022-ci il tarixində, saat 11:00-da ünvan 2 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan 02 №-li “açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən müəyyən olunur ki, «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən İddiaçı, Mirzəyeva Rəhilə Babalı qızına, X7, X5, Maraqlı şəxs1nə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1347/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Sumqayıt şəhəri, 17 mkr-da yerləşən 67 saylı evin 5 saylı mənzilinin ilkin satış qiyməti 38250 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 244800 manat olmaqla, xx.xx.2022-ci il tarixində, saat 11:00-da ünvan 2 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı, Mirzəyeva Rəhilə Babalı qızına, X7, X5, Maraqlı şəxs1nə ünvanlanmış xx.xx.2022-ci il tarixli təklifin surətindən görünür ki, Maraqlı şəxs1 38/37 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasan ipoteka yüklü Sumqayıt şəhəri, 17 mkr-da yerləşən 67 saylı evin 5 saylı mənzilin və Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə "Birja yeniliklari" qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmisdir. "İpoteka Haqqında" Qanunun 43.7-ci maddasinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 28 687,50 manat və 183 600 manat olmaqla ipoteka saxlayana təklif olunur. ‘‘Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 304 sayının surətindən görünür ki, Sumqayıt şəhəri, 17 mkr-da yerləşən 67 saylı evin 5 saylı mənzil və Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair hərrac keçiriləcəyi barədə elan verilmişdir. ‘‘Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 301 sayının surətindən görünür ki, Sumqayıt şəhəri, 17 mkr-da yerləşən 67 saylı evin 5 saylı mənzil və Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair hərrac keçiriləcəyi barədə elan verilmişdir. İddiaçı, Mirzəyeva Rəhilə Babalı qızına, X7, X5 ünvanlanmış bildirişlərin mədaxil qəbzinin surətlərindən görünür ki, hərrac təşkilatı tərəfindən onlara bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2022-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1347/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi və Maraqlı şəxs1 38/37 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, 17 mkr-da yerləşən 67 saylı evin 5 saylı mənzil və Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar verilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “AccessBank" Qapalı Səhmdar Cəmiyyətinə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Bundan başqa iş materiallarından göründüyü kimi hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildiriş rəsmi qaydada iddiaçıya göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən şəxsən qəbul edilmiş, həmçinin “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tirajlarında müvafiq elanlar verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının “hərracın yekunlarına dair protokolun etibarsız sayılması” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Bunun üçün ilk növbədə kreditorla (ipoteka saxlayanla) borcalan və ipoteka qoyan, habelə sonuncuların özləri arasındakı hüquq münasibətlərinin xarakteri, bu çərçivədə hərracın mahiyyəti və nəticələri nəzərdən keçirilməlidir. Məlum olduğu kimi kreditor, əsas borcluya qarşı tələb hüququna, ipoteka qoyan üçüncü şəxsə münasibətdə isə əşya hüququna malik olur. Belə ki, borcalanla kreditor arasındakı münasibətlər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləridir. Başqa sözlə, kreditor öhdəliyin icrasını gecikdirən əsas borcluya qarşı (borcun qaytarılmasına dair) tələb hüququ əldə edir. İpoteka saxlayanla (kreditorla) ipoteka qoyan üçüncü şəxs arasındakı münasibətin isə müstəqil hüquqi əsası vardır. Bu, onlar arasında bağlanan ipoteka müqaviləsidir (təcrübədə ipoteka müqaviləsinə bəzən borcalan da imza etsə belə, ipoteka münasibətinin tərəfləri ipoteka saxlayanla ipoteka qoyandır). Həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində ipoteka saxlayanın xeyrinə ipoteka – məhdud əşya hüququ qeydə alınır. İpoteka dedikdə, kreditorun tələb hüququnun təminatı kimi daşınmaz (və rəsmi reyestrdə qeydə alınan daşınar) əşyaların girovu başa düşülür. Başqa sözlə, ipoteka girov saxlayanın girov qoyanın əşyası barəsində əsas öhdəliyə bağlı olan (əsas öhdəliyin icrasının təmin edilməsi üçün) əlavə (aksessor) əşya hüququdur. İpoteka qoyan, müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Bununla belə üzərində ipoteka qurulmuş daşınmaz əşya ipoteka qoyanın mülkiyyətində (yüklü də olsa) qalmaqda davam edir. Şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Qanuna əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüquqununun ipoteka qoyanın mülkiyyətində olan əşyaya – ipoteka predmetinə yönəldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində hərrac təşkilatçısının hərracın keçirilməsinə dair məhz ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərməli olduğu göstərilmiş, əsas borcluya belə bir məlumatın verilməsi nəzərdə tutulmamışdır. Bu qayda ondan irəli gəlir ki, şəxsi borclunun hüquqi marağı (mənafeyi) özünün tərəf olduğu öhdəlik münasibətlərinin çərçivəsini aşmır. Borclunun vəzifəsi əsas öhdəliyi kreditorun xeyrinə vaxtında və lazımınca icra etməklə məhdudlaşır. İpoteka isə kreditorun (tələb hüququnun təminatı kimi) əşya hüququ olmaqla ipoteka qoyanın mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən edilmiş faktiki halından görünür ki, İddiaçı Maraqlı şəxs2 QSC ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli kredit xətti müqaviləsi üzrə “Borc Alan” olmuş və Mirzəyeva Rəhilə Babalı qızı isə ipoteka qoyan olmaqla iddiaçı tərəfindən mübahisələndirilən mənzil ona məxsus olduğu üçün İddiaçı belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Bu baxımdan məhkəmə qeyd edir ki, ipoteka haqqında qanunvericiliyin tələblərinə əsasən, hərrac təşkilatının üzərinə yalnız ipoteka qoyana hərracla bağlı bildirişin göndərilməsi öhdəliyi qoyulmuşdur. Digər şəxslərə münasibətdə belə bir öhdəliyin olması halı mövcud deyil. Eyni zamanda, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə tələbi üzrə əlavə hər hansı araşdırma aparılmasına lüzum görməyərək, özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə (Maraqlı şəxs2 QSC və Maraqlı şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar