Məhkəmə qərarları › İş №2(005)-1559/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1559/2025

15.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1559/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,birgə nikahdan doğulmuş övladı 15 dekabr 2008-ci il təvəllüdlü İsmayıl adlı oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay minimum əmək haqqının 0.61 misli həddində (hazırda 246 manat) sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 13 dekabr 2005-ci 13 dekabr 2005-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Rəsmi nikahdan 20 oktyabr 2006-cı il təvəllüdlü Zeynəb adlı qızı və 15 dekabr 2008-ci il təvəllüdlü İsmayıl adlı oğlu anadan olub. Cavabdehlə aralarında olan nikah Xətai rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(011)-7021/2019-saylı qətnaməsi ilə pozulmuşdur.Nikahı pozulduqdan sonra birgə nikahdan doğulmuş 20 oktyabr 2006-cı il təvəllüdlü Zeynəb adlı qızı və 15 dekabr 2008-ci il təvəllüdlü İsmayıl adlı oğlu onun himayəsinə verilmişdir.Həmin vaxt cavabdeh uşaqların saxlanması üçün maddi köməklik göstərəcəyini vəd etsə də, hazırki vaxta kimi heç bir köməklik göstərməmişdir. Birgə nikahdan doğulmuş qızı 18 yaşına çatmaqla, ali təhsil müəssisəsində ödənişli əsaslarla təhsil alır, oğlu isə ali təhsilə qəbul olunmaq məqsədi ilə repetitor yanına gedir. Lakin övladlarının bu xərclərində cavabdehin heç bir iştirakı olmamışdır. Buna görə də, uşaqların saxlanılması məqsədi ilə cavabdehdən məhkəmə qaydasında aliment tutulması zərurəti yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialları: Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7021/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddianın təmin olunması; İddiaçı ilə Cavabdeh arasında 13 dekabr 2005-ci il tarixdə bağlanmış və 880 nömrəli akt №-li akt qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması; 20 oktyabr 2006-cı il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. - Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 noyabr 2019-cu il tarixli,AZ-İ №340476 nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və İddiaçı arasında bağlanmış nikah pozulmuşdur.Nikahın ləğv edilməsi haqqınd akt qeydlər kitabında 577 nömrə ilə qeydiyyata alınmışdır. - AZE seriyalı, № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,İddiaçı xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuşdur. - AZ-İİ seriyalı, 233904 nömrəli doğum haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, 15 dekabr 2008-ci il təvəllüdlü X3 anası İddiaçı, atası isə Cavabdehdur - AZEseriyalı, № ******** şəxsiyyət vəsiqəsinin suərtindən görünür ki,Cavabdeh xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur. - xx.xx.2025-ci il tarixli MŞB/11/2024--01316 nömrəli arayışdan görünür ki,mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 60 manat medasiya haqqı ödəmişdir. Cavabdeh isə medasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsi və həmin Konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsi ilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Təyin ediləcək alimentin məbləği barədə hissədə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahından olan 15 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə minimum aylıq əmək haqqının 0,615 misli məbləğində (hazırda 246 manat) aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınaraq 15 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə minimum aylıq əmək haqqının 0,615 misli məbləğində (hazırda 246 manat) aliment tutularaq ididaçı İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar