Məhkəmə qərarları › İş №2(005)-1563/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1563/2025

29.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1563/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Uzun Ömür-Süd Məhsulları" MMC-də son haqq-hesab, ödənilməmiş məzuniyyət pulu və artıq işlədiyi saatların pulu olaraq, cəmi 7000 (yeddi min) manat ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cti ildə tutduğu vəzifədən azad olunmuşdur. İşlədiyi dövürdə iş saatı rəsmidə 8 saat görsənsə də əslində 08.00-dan 20.00-a kimi bizi işlədildiklərini qeyd edir. Bundan əlavə olaraq isə bəzən saat 22.00-a kimi bizi işlədiliblər. İşə qəbul edilərkən əlavə ödənilər edəcəklərini bildirsələr də sonradan etməmiş, aylıq əmək haqqı olaraq 650 manat pul verirmişdilər. Əlavə olaraq bildirir ki, 2 il ərzində ona əmək məzuniyyəti olaraq cəmi 10 gün məzuniyyət vermişdilər. Ancaq əmək məzunuyyəti pulunu verməmişlər. Bundan əlavə olaraq bildirir ki, bu günə kimi nə işdən çıxması barədə əmri, nə də son haqq-hesabı etməmişlər. Əmək kitabçası isə dəfələrlə tələb etdikdən sonra xx.xx.2025-ci ildə verilib. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddianı əsassız olduğu üçün qəbul etmirlər, həmçinin tələblər üzrə iddia müddəti də ötürüldüyünü qeyd edilib. Qeyd olunanlara əsasən, iddianın əsassız olduğu və həmçinin iddia müddəti ötürüldüyü üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirdi ki,iddiaçıya 2023 və 2024-cü il tarixlərində ödənişlər edilib və 700 manat məbləğində son haqq hesab ödənilib. İddiaçı ilə əmək müqaviləsi 2023-cü ildən etibarən bağlanılıb. Son haqq hesab 700 manat təşkil etdiyini və iddiaçıya ödənildiyini qeyd etdi və iddiaçının əlavə işlədilməsi ilə bağlı sübutları olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı prosesdə iştirak etməmiş və üzrlü səbəbləri barədə xəbərdar etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - İş materiallarında olan, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə,ƏMR №123 əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə fəhlə vəzifəsinə təyin edilib. xx.xx.2024-cü il tarixdə ƏMR №100 əsasən,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə tutuduğu vəzifədən azad edilmişdir. - İş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, MŞB/8/2024-02829 saylı arayışa əsasən ilkin medasiya sesiyasında İddiaçı iştirak etmiş və 60 manat mediasiya haqqı ödəmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə ilkin mediasiya sesiyasında iştirak etməmişdir. - İş materiallarında olan, Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 100 nömrəli əsasən “Baş Ofis” bölməsində “Fəhlə” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə,”AR ƏM-nin 68.2-ci maddənin ”b” bəndi əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.İşçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 20 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentə həvalə edilmişdir. - İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2023-cü il sentyabr ayı əmək haqqı ilə bağlı ödəniş cədvəlindən görünür ki, İddiaçı 574 manat əmək haqqı ödənişi edilmişdir. - İş materiallarında olan, 565413 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bank BTB ASC vasitəsi ilə AZ41BBTB********************4 hesab nömrəsinə haqq hesab ilə bağlı 24855.14 manat ödəniş edilmişdir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2024-cü il Avqust ayı əmək haqqı ödəniş cədvəlindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 730.63 manat əmək haqqı hesablanmışdır. - İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli 121 nömrəli əmrə əsasən , "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəhlə vəzifəsində işləyən İddiaçı 01 sentyabr 2023cü il tarixindən 21 sentyabr 2023-cü il tarixinədək olmaqla əsas 21(iyirmi bir) təqvim günü müddətində növbəti əmək məzuniyyətinə buraxılması,22 sentyabr 2023-cü il tarixində işə başlaması əmr edilmişdir. - İş materiallarında olan xx.xx.2023-cü il tarixli, №516926 ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank BTB ASC vasistəsi ilə AZ41BBTB******************** hesabına 54 570.86 manat əmək haqqı ödəmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 154.1-ci maddəsinə əsasən, əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 1 57.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki halları

Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı 20 sentyabr 2022-ci il tarixdə "xxxx" MMCdə fəhlə vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmağa başlayıb. Əmək müqaviləsi xx.xx.2024-cü i tarixdək – 1 il 10 ay 12 gün müddətinə bağlanılmış, işçinin əmək haqqı 442 manat, iş vaxtı gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq müəyyənləşdirilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respblikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. Əmrdə iddiaçının xeyrinə istifadə edilməmiş 20 məzuniyyət gününə müvafiq olaraq son haqq hesabın ödənilməsi barədə göstəriş verilmiş və ödəniş həyata keçirilmişdir. İddiaçı məhkəməyə müraciət edərək son haqq hesab, ödənilməmiş məzuniyyət pulu və artıq işlədiyi iş saatlarına görə 7000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.

İşə baxan məhkəmənin mövqeyi

Əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Hazırki mülki iş üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Mülki işin materialları ilə müəyyən edilir ki, iddiaçı 09 dekabr 2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı həmin tarixdən əvvəlki 1 illik müddət üçün, yəni 09 dekabr 2023-cü ildən başlayaraq əmək haqqı tələbini irəli sürməyə haqlıdır və iddia müddəti onun tərəfindən ötürülməmişdir. Lakin 09 dekabr 2023-cü il tarixdən əvvəlki müddət üçün iddia müddəti ötürülmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Məhkəmə daha sonra iddia tələbinin müddət tətbiq edilməyən hisəsinə mahiyyəti üzrə qiymət verərək aşağıdakıları qeyd edir: İddiaçı ona son haqq-hesabın ödənilmədiyini iddia etsə də, mülki işin materialları ilə bu hal təkzib edilir. Belə ki, mülki işin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 100 nömrəli əmrə və ödəniş tapşırığına əsasən iddiaçıya son haqq-hesabın ödənildiyi müəyyən edilir. İddiaçı iş saatlarından əlavə saatlarda işlədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi fotoşəkildə “xx.xx.2023, 21:47” qeydi olsa da bu iddianın təmin edilməsi üçün yetərli və kifayət sübut hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ

İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar