Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1564/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «ANT X2» MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «ANT X2 » MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ödənilməli olan son haqq-hesab üzrə 3 ay ödənilməmiş əmək haqqı tələbi üzrə 3000 manat və mediasiya şurasına ödənilmiş 50 manat rüsumu cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli "01" nömrəli əmrlə “ANT X2” MMC-yə Marketinq direktoru vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli “232 T” nömrəli əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı sözügedən şirkətdə 3 ay müddətində işlədiyinə baxmayaraq, işəgötürən tərəfindən ona əmək haqqı ödənilməmişdir. Bununla bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq qarşı tərəf əmək haqqını ödəməmişdir. Bununla əlaqədar pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN yanında X1ynar xəttinə (142) müraciət etmiş, həmçinin xx.xx.2022-ci il tarixində müvafiq sənədləri aidiyyatı üzrə təqdim etmişdir. Müraciətinə cavab olaraq sözügedən dövlət qurumunun X6 şöbəsinin 03 oktyabr 2022-ci il tarixli **********5 saylı məktubunda əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 232/1 nömrəli əmrlə xitam verilməsinə baxmayaraq, işəgötürən tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqının ödənilmədiyi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbinin pozulduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı üçün verilir. Göründüyü kimi cavabdeh iddiaçıya düşən əmək haqqını ödəməməklə qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur. Həmçinin iddiaçı işin məhkəməyə qədər nizama salınmasına dair pretenziya qaydalarına uyğun olaraq, Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurasının Bakı 13 savlı Mediasiya Təşkilatı tərəfindən cavabdehə ilkin mediasiya sessiyasında iştirakla bağlı məktub göndərilsə də cavabdeh iclasda iştirak etməkdən imtina etmişdir. Mediasiya Şurasının Bakı 13 saylı Mediasiya Təşkilatından daxil olan xx.xx.2023-cü il tarixli MŞB 13- 00274 nömrəli Arayış bu faktı təsdiq edir. Belə olan halda iddiaçı pozulmuş hüquqların müdafiəsi ilə bağlı məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmiş və bu barədə ərizəsini təqdim etmişdir. Cavabdeh «ANT X2 » MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci və 238.2-ci maddələrinə əsasən məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2022-ci il tarixli xxxxxxx000100 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə «ANT X3» MMC arasında xx.xx.2022-cu ildə müddətsiz əmək müqaviləsi bağlamış, o məşğulluq təsnifatı üzrə Bölmə rəhbəri, marketinq Əmək müqaviləsi üzrə marketinq direktoru vəzifəsinə işə qəbul edilmiş və onun aylıq əmək haqqının məbləği 1000 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli **********5 nömrəli Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin X6 söbəsinin məktubundan görünür ki, «ANT X3» MMC-nin regional şöbəyə ünvanladığı 30 08 2022-ci il tarixti 03 nömrəli mektubu ilə təqdim etdiyi sənədlərdən məlum oldu ki, Siz 20 04.2022-ci il tarixli 01 nömrəli əmrlə «ANT X3» MMCyə marketinq direktoru vəzifəsinə qəbul edilmisiniz. xx.xx.2021-ci il tarixli ərizənizə əsasən iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə cəmiyyətin xx.xx.2022-ci il tarixli 232 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təsəbbüsü ilə) xitam verilmişdir. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 232/1 nömrəli əmrlə xitam verilsədə sizə düşən bütun ödənclər işdən çıxdığınız gun ödənilməmişdir. “X7 Hizmetleri" MMC-nin rəhbərliyinə əmək hüquqlarınızın bərpa olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə “X7 Hizmetleri" MMC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli **********7 nömrə» icrası məcburi olan göstəriş xarakterli məktub ünvanlanmışdır. Odur ki, iddiaçıya müəssisənin rəhbərliyi ilə əlaqə saxlamağı tövsiyyə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında qanunvericliyə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı öz ərizəsi ilə işdən azad edilmişdir. İddiaçının işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsi səbəbindən Azərbaycan Respublikası ƏSMN yanında X5 Xidmətinin X6 söbəsinə müraciət etsədə sonuncu tərəfindən cavabdehə ünvanlanmış göstəriş məktubu üzrə hər hansı hərəkət edilməmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən işlədiyi müddətdə ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin d bəndinə görə əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Həmin Məcəllənin 154.1-ci maddəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154.2-ci maddəsinə görə bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Hazırda tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi, hazırda cavabdeh işəgötürən tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı işçi qarşısında götürdüyü öhdəlikləri tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən Mediasiya Şurasına ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “ANT X2” MMC-dən ödənilməli olan son haqq-hesab üzrə 3 ay ödənilməmiş əmək haqqı tələbi üzrə 3000 (üç min) manat və Mediasiya Şurasına ödənilmiş 50 (əlli) manat rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “ANT X2” MMC-dən ödənilməli olan son haqq-hesab üzrə 3 ay ödənilməmiş əmək haqqı tələbi üzrə 3000 (üç min) manat və Mediasiya Şurasına ödənilmiş 50 (əlli) manat rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1564/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1564/2023
28.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver