Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1619/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin daimi stabil əmək haqqından və digər gəlirlərdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin daimi stabil əmək haqqından və digər gəlirlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş, nikah ləğv edildikdən sonra, birgə nikahdan doğulmuş övladları, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 cavabdehin himayəsində qalmaları və onların saxlanması üçün hər ay ondan sabit pul məbləğində hər uşaq üçün 170 manat, ümumilikdə 340 manat alınaraq cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə qətnamə çıxararkən övladlarına olan məhəbbəti, onlara hər cürə maliyyə yardımına hazır olmağı, ona qətnamənin nə qədər ağır və onun tərəfindən icra edilə biləcəyinə imkanı çatacağı məsələsini düşünməyə imkan verməmiş, bununla da, həm özünü, həm də övladlarını həlli mümkün olmayan problemlə üz-üzə qoymuşdur. Çünki, məhkəmə qətnamə çıxararkən o, heç bir yerdə işləməmiş, eləcə də COVİD-19 pandemiyası ilə əlaqədar müxtəlif müvəqqəti işlərdə işləməklə əldə edə bildiyi cüzi miqdarda gəlirdən də məhrum olmuşdur. Qətnamənin ağırlığı və onu çıxılmaz vəziyyətə saldığı, yalnız məhkəmə icraçıları qətnaməni icraya yönəltdikdən sonra ona məlum olmuş və onun icrasının qeyri-mümkünlüyü qənaətini yaratmışdır. Məsələnin çıxılmaz olduğunu dərk edərək, eləcə də övladlarına müəyyən qədər maliyyə yardımı etmək məqsədilə o, özünə daimi iş yeri kimi hər ay 350 manat əmək haqqı ilə, “xxxx” firmasına fəhlə vəzifəsinə işə düzəlmişdir. İddiaçı məhkəmə icraçılarına həmin məbləğdən aliment imkan olduğunu bildirsə də, onlar yalnız məhkəmə qətnaməsində göstərilmiş 340 manatı ondan tələb edirlər. Aldığı əmək haqqının hamısını isə aliment şəklində ödəməyi qeyri-mümkün olmaqla yanaşı onu ümumiyyətlə yaşamaq şansından məhrum edir. Qeyd edilənləri nəzərə alaraq, alimentin tutulmasını onun daimi iş yerimdən aldığım stabil əmək haqqına, eləcə də həmin müəssisədən ona verilə biləcək digər gəlirlərə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxx” Firmasının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı“xxxx” Firmasında fəhlə işləyir və onun aylıq əmək haqqısı 350 manat təşkil edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3862/2020 saylı qətnaməsindən görünür ki, ilk iddia tələbi təmin edilmiş, İddiaçı Niyazı oğlu ilə Cavabdeh arasında xx xxxx 2014-cu il tarixdə Ağdam RİHB-nın Üçoğlan kənd üzrə nümayəndəliyində 24 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cu il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Niyazı oğlundan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtının xx xxxxxx 2020-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulma hissəsində dərhal icra edilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun tələbindən göründüyü kimi, məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilməsi üçün ərəflərdən birinin ailə və ya maddi vəziyyətində diqqətəlayiq dəyişiklik baş verməlidir. İddiaçı tərəfindən belə bir dəyişikliklərin onun vəziyyətində baş verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin daimi stabil əmək haqqından və digər gəlirlərdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1619/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1619/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver