Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-162/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndə və vəkili X1 və Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı bildirişin etibarsızlığı, müqavilə şərtlərinin həyata keçirilməsinə şərait yaradılması, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi zərər, pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı bildirişin etibarsızlığı, müqavilə şərtlərinin həyata keçirilməsinə şərait yaradılması, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi zərər, pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 20.05.2021-ci il tarixli icarə müqaviləsinin ləğvi ilə bağlı cavabdehin göndərdiyi bildirişin etibarsız hesab olunmasına dair, icarə müqaviləsi əsasında işlətdiyi qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyətçi tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneənin aradan qaldırılaraq qapılarda olan qıfılların sökülərək əvvəlki vəziyyətinə qaytarılaraq icarə müqaviləsi əsasında işləmələrinə şərait yaradılmasına dair, iddiaçının həmin sahədən avadanlıqları qala-qala zor gücünə çıxarılmanın qanunsuz hesab edilməsinə və iddiaçı MMC-nin işçilərinin həmin qeyriyaşayış sahəsinə cavabdeh tərəfindən buraxılmaması nəticəsində vurulmuş maddi zərər əmək haqqı üzrə 36020 (otuz altı min iyirmi) manat pulun, içəridə olan iddiaçıya məxsus avadanlıqlara görə 79854 (yetmiş doqquz min səkkiz yüz əlli dörd) manat pulun, cavabdehin qanunsuz olaraq 2021-ci ilin oktyabr ayına qədər əvvəlcədən iddiaçıdan aldığı 10000 (on min) manat pulun və bu hərəkətlər nəticəsində iddiaçıya vurulmuş 15000 (on beş min) manat mənəvi zərərin Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsini 21 yanvar 2021ci il tarixindən 15 yanvar 2024-cü il tarixinə kimi "xxxx" MMC ilə icarə müqaviləsi bağlayaraq hər ay 2000 manat ödəmək şərti ilə icarəyə götürüb işləmişlər. Həmin müqavilə şərtlərinə uyğun olaraq onlar həmin ünvanda fəaliyyət göstərdikləri qeyri yaşayış sahəsinə tərəflərindən 79854 (yetmiş doqquz min səkkiz yüz əlli dörd) manat dəyərində olan avadanlıqlar gətirilib quraşdırılmışdır. Həmin avadanlıqların bütün siyahısını və qiymətlərini iddia tələbinə əlavə etmişlər. Eləcə də qeyri-yaşayış sahəsində 24 nəfər işçi işləmiş və əmək haqqları vaxtlı-vaxtında ödənilmişdir. Həmçinin cavabdehin qanunsuz və özbaşına əməlləri nəticəsində həmin işçilər də işsiz qalmış və cavabdehin qanunsuz və özbaşına əməlləri nəticəsində MMC-nin işçilərinə 6020 (altı min iyirmi) manat əmək haqqı üzrə borcları yaranmışdır. İcarə müqaviləsinin şərtlərinə görə cavabdeh icarə müqaviləsinin ləğv edilməsi üçün iddiaçıya bir ay əvvəlcədən müraciət etməlidir. Lakin cavabdehin verdiyi etibarnamə əsasında adından icarə müqaviləsini imzalayan X4 dəfələrlə həmin qeyri-yaşayış sahəsinə gəlib, qeyri yaşayış sahəsində ictimai qaydanı və iş rejimini pozaraq iddiaçı təşkilatın direktorundan müxtəlif məbləğlərdə pullar tələb etmişdir. Bu barədə N.Haşumov aldığı pullar ilə bağlı MMC-yə yazılı qəbzlər də təqdim etmişdir. Həmin qəbzə əsasən cavabdehə oktyabr ayına qədər icarə haqqı əvvəlcədən ödənilmişdir. Sonuncu dəfə 30 iyun 2021-ci il tarixində cavabdehin adından göndərilmiş şəxs özbaşınalıq edərək cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsinin qapılarında olan qıfılları dəyişdirərək icarə müqaviləsinin bütün tələblərini pozmuşdur. Bu barədə cavabdehin özbaşınalığını əks etdirən video görüntü və polis bölməsinə şikayətləri də mövcuddur. Həmçinin guya may ayının 20 tarixli ünvana bildiriş göndərməsi barədə xəbərnaməni göstərərək üzərinə "xxxx" MMC yazısı əks olunan bildiriş guya iddiaçıya göndərilmişdir. Məlum edir ki, nə “Ellıs CATERİNG» MMC-nin hüquqi ünvanına, nə də iddiaçının qeydiyyat ünvanına heç bir bildiriş (xəbərnamə) gəlib çatmamışdır. Bu qədər özbaşınalıqları və cavabdehin adından etibarnamə ilə çıxış edən X2 özbaşına və qanunsuz hərəkətlərinə son qoyulması və qeyriyaşayış sahəsini icarə müqaviləsi üzrə iddiaçının işlətməsinə şərait yaradılması barədə cavabdehdən pretenziya göndərməklə son qoyulmasını tələb etmişlər. Lakin bu günə qədər iddiaçıya məxsus avadanlıqlar cavabdehin özbaşına qıfılları dəyişdirməsi nəticəsində tərəflərindən əlçatmaz olaraq qalmışdır. Həmçinin cavabdeh tərəfindən guya göndərilmiş və iddiaçıya çatdırılmayan, həmçinin iddiaçıya aid olmayan hansısa bir şəxsə imzalatdırdıqları bildiriş etibarsız hesab edilməlidir. Cavabdehin adından etibarnaməni əsas tutub özbaşına və qanunsuz hərəkətlər edən X2 cavabdeh A.Şahmarovanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsinin qapılarının əvvəlki vəziyyətinə qaytarıb icarədar olaraq iddiaçıya qaytarılmasına köməklik göstərilməsi barədə də xahiş etmişlər. Cavabdehin iddiaçının müraciətlərini cavabsız saxlamasından belə nəticəyə gəlmək olar ki, cavabdeh bilərəkdən ona zərər vurmaq məqsədilə özünün planına uyğun tanımadığı şəxsləri özbaşınalıq və qanunsuzluq etmək üçün iddiaçı təşkilata göndərtdirmişdir. Hazırda cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə 79854 (yetmiş doqquz min səkkiz yüz əlli dörd) manat dəyərində olan avadanlıqların hansı vəziyyətə salınması məlum deyil. Eləcə də cavabdehin qanunsuz və özbaşına əməlləri nəticəsində MMC-də çalışan işçilər işsiz qalmış və cavabdehin qanunsuz və özbaşına əməlləri nəticəsində 6020 (altı min iyirmi) manat əmək haqqı üzrə borc yığılmışdır. Həmin pulları cavabdehdən tələb edirlər. Həmçinin iddiaçının işgüzar nüfuzuna cavabdehin qanunsuz hərəkətləri nəticəsində xələl gətirilmiş və iddiaçı 10000 (on min) manat gəlirdən məhrum olmuşdur. Eləcə də iddiaçı təşkilata cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində 15000 (on beş min) manat məbləğdə mənəvi zərər vurulmuşdur. Bu səbəbdən 20.05.2021-ci il tarixli icarə müqaviləsinin ləğvi ilə bağlı cavabdeh tərəfindən göndərilmiş bildirişin etibarsız hesab olunmasına, icarə müqaviləsi əsasında işlətdiyi qeyri-yaşayış sahəsinə mülkiyyətçitərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneə nəticəsində qapılarda olan qıfılların dəyişdirilməsi, qanunsuz həmin sahədən çıxarılmağları və işçilərin həmin qeyri yaşayış sahəsinə cavabdeh tərəfindən buraxılmaması nəticəsində vurulmuş maddi və mənəvi zərərin tələbinə dair məcburiyyətdən məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil vəsatət verərək, hazırki mülki işi aidiyyət qaydasına riayət etməklə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndə və vəkili X3 vəsatətə və mülki işi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, tərəflərin mübahisə etdiyi hallar və iddia tələbinin əsasları ilə bağlı faktiki hallar işin kommersiya mübahisələrinə aid olduğunu təsdiq edir. Bu səbəbdən iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4- cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 14-cü bəndinə görə əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Xüsusilə qeyd edilməlidir ki, həmin Qərarın 26-cı bəndinə görə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Həmin Qərarda o da qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Sadalanan qanunvericliyin tətbiqi əsaslarından və mübahisənin xarakterindən göründüyü kimi, hazırki iddia tələbinə dair mülki iş kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr kateqoriyasına aiddir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, X5nın 5-ci bəndinə görə MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Bununla belə hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olma tarixindən görünür ki, iddia ərizəsi məhkəməyə 09.01.2020-ci il tarixdən sonra daxil olmuşdur. X5 həmin tarixdə mövcud olmadığından 15.01.2020-ci il tarixdə iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin qənaətinə görə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 18 sentyabr 2020-ci il tarixdə qəbul olunmasına baxmayaraq bu Qərarın 5-ci bəndində göstərilən hallar da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157-160, 163, 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı bildirişin etibarsızlığı, müqavilə şərtlərinin həyata keçirilməsinə şərait yaradılması, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi zərər, pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iş baxılması üçün aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-162/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-162/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver